İlham Əliyev: “Regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan “3+3” əməkdaşlıq formatını irəli sürüb”
“Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan “3+3” əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır”.
AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətində qeyd edib.
Prezident xatırladıb ki, 2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı: “Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk”.