SSRİ bayrağını qaytarmaq: cəfəngiyyat, yoxsa məkrli plan...

Aktual

22.04.2022 - 18:19

Kommunistlər öz dividendlərini alacaqlar, bəs sadə vətəndaşlar nə qazanacaqlar?

Kommunist Partiyası fraksiyası Dövlət Dumasına “İttifaqın öz ərazisində varislik prinsipini Rusiya üçün təmin etmək” məqsədilə Rusiya üçrəngli bayrağının SSRİ bayrağı ilə əvəz edilməsi haqqında qanun layihəsi təqdim edib. Müvafiq sənəd Dumanın elektron məlumat bazasında dərc edilib.

Qanun layihəsinə verilən izahatda qeyd edilir ki, bu dəyişikliklər tarixi boşluq və qanunvericiliyin birmənalı şərh edilməməsi cəhdlərini aradan qaldıracaq: “Həmçinin (qanun) vətəndaşların vətənpərvərlik tərbiyəsinə töhfə verəcək, ölkəmizlə qürur hissini, ona məhəbbət və ehtiramı sərbəst və açıq şəkildə ifadə etməyə imkan verəcək, əcdadlarımızın – Vətənimizin müdafiəçilərinin ehtiramını və xatirəsini qoruyub saxlayacaq. Şanlı qələbələrin və böyük bir dünya dövlətinin simvolu Rusiyaya qayıdacaq”.

Təşəbbüsün müəlliflərindən biri, deputat Anjelika Qlazkova deyib ki, indiki vəziyyətdə qırmızı bayraq xüsusilə aktualdır: “Qırmızı bayrağımızla faşistlərin qarşısına çıxan o nənəni yəqin ki, artıq bütün dünya tanıyır. Məhz bu bayraqla biz Böyük Vətən müharibəsində qalib gəldik. Sovet İttifaqının bütün nailiyyətləri məhz bu bayraqla olub. Ona görə də hesab edirəm ki, xüsusən də hərbi əməliyyat keçirdiyimiz bir vaxtda bu mövzu daha da aktualdır. LXR və DXR sakinlərinin hərbçilərimizi qırmızı bayraqlarla necə qarşıladıqlarını gördük. İnsanlar Sovet İttifaqına qayıtmaq istəyirlər”.

“EADaily”nin xəbərinə görə, Kreml Ukraynadakı “xüsusi hərbi əməliyyat” zamanı sovet simvollarından istifadəyə diqqət çəkərək, mesaj verib ki, “Qələbə bayrağı həm Rusiyada, həm də xaricdə yaşayan vətəndaşların bir çox nəsilləri üçün simvoldur”.

Çox əlamətdar təşəbbüsdür. Baş verənlərdən Putin rejiminin qonşu dövlətlərə yeni ərazi iddialarının iyi gəlir. Hesab edirlər ki, SSRİ bayrağı hər şeyi həll edəcək, insanlar sevincək onun arxasınca qaçacaqlar, müstəqil dövlətlər təslim olmağa başlayacaq? Rusiya Federasiyası Kommunist Partiyasının Dumada belə bir təşəbbüsü təsadüfidirmi?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Rusiyanın Demokratik Seçim Partiyasının həmsədri, Qaydar adına İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:

“Rusiya Federasiyası Kommunist Partiyasının təşəbbüsü heç nə demək deyil, Rusiya hakimiyyətinə lazım olan hər şey hakim “Vahid Rusiya” partiyasından veriləcək. Rəsmi rus təbliğatına gəlincə, o, həm də SSRİ-nin bərpasını qarşıya məqsəd qoymur - hər halda, indi.

Bəlkə, sonra edəcəklər, amma hələ yox - hələlik heç Ukraynanı həzm edə bilmirlər və bütün qüvvələri mayın 9-na kimi “heç olmasa nə isə əldə etmək” ideyası ilə buxovlanıb”.

Rusiyalı müxalifətçi, iqtisadçı Dmitri Nekrasov:

“Bu, cəfəngiyat, sərsəmləmədir. Buna bir növ Kreml ideyası kimi baxmaq olmaz. Çox güman ki, bu, gicbəsər kommunistlərin şəxsi təşəbbüsüdür. Əlbəttə, heç nəyə təəccüblənməyəcəyəm, amma bu, mənim fikrimcə, Prezident Administrasiyasında və Putinin beynində hakim olan üsluba tamamilə ziddir”.

Ukraynalı politoloq, Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda:

“Qeyd etmək lazımdır ki, Rusiya artıq bir neçə ildir yazın sonunu kifayət qədər fəal keçirir. Təbii ki, indi Rusiyanın Ukraynada müharibəsi xüsusilə şiddətlənib və bu, rus siyasətçilərinin hərəkətlərinə təsir edir. Təəccüblü deyil ki, rus kommunistləri əsas şey haqqında - müvafiq olaraq, "qələbənin qırmızı bayrağı" haqqında köhnə nəğmələrə başladılar və onların hərəkətlərində Rusiya dövlət siyasətinə uyğun gələn müəyyən bir məntiq var.

Rus ordusunun təntənəli simvollarına diqqətlə baxsaq, orada imperiyanın - ağ ordunun elementləri və qırmızı ordu elementləri birləşdirilir. Yəni simvolizmdəki belə şizofreniya kommunistləri də bəyanatlar verməyə sövq edir. Xüsusən də Rusiyanın ənənəvi olaraq öz ideoloji məqsədləri üçün istifadə etdiyi və bunu kifayət qədər aktiv şəkildə etdiyi nasizm üzərində Qələbə Günü ərəfəsində.

Amma maraqlı bir məqam da var: 1945-ci ildə qırmızı bayrağı qələbə bayrağına çevrilən diviziya indi Ukraynada, Mariupolda döyüşür. Və orada onun komandiri, general Oleq Mityaev öldürüldü. Bunu sadəcə bir xatırlatma kimi verdim.

Düşünürəm ki, bu təşəbbüs, şübhəsiz ki, Rusiya Federasiyasına heç nə verməyəcək. Çünki Rusiya hökuməti istənilən şəkildə və hər şeyi təklif edə bilər, lakin bu, o demək deyil ki, o, kommunistlərin musiqisi altında rəqs edəcək. Kommunistlər öz dividendlərini 1 May və Qələbə bayramında, əlbəttə ki, götürəcəklər. Bəs rusların özləri sonda nə əldə edəcəklər? Çox güman ki, onlar Mariupola hücum etmək və ya onu tamamilə məhv etmək üçün səy göstərəcəklər - burada hələ də bəzi fikir ayrılıqları var.

Düşünürəm ki, Rusiya hakimiyyətini bu gün 9 Mayın simvolizminin nə olacağı deyil, minlərlə meyit, Ukraynadan qayıdan minlərlə yaralının ağzını bağlamaq, bəzi uğurları ilk baxışdan göründüyündən daha açıq göstərmək, baş verənləri öz vətəndaşlarına izah etmək zərurəti maraqlandırır. Bütün bunlarla isə Kremlin gözəçarpan problemləri var”.

Müəllif: Rauf Orucov

Ramanada faciə

Dünən, 17:26 Hadisə