Kiyevdə sakitlik, Donbassda şiddətli döyüş: rus qoşunu irəliləməkdədir - Ukraynadan SON XƏBƏR

Dünya

24.02.2022 - 18:03

Ukraynada yaşayan azərbaycanlılar AYNA-ya danışdılar

Sabiq səfir: “Rusiya və Belarus qoşunları birlikdə irəliləyir. 45 minlik belarus ordusu da onlara qoşulub”

İş adamı: “Soydaşlarımız ortaya əsl iradə qoydular və sona qədər Ukraynanı tərk etmədilər”

Cümə axşamı Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbass bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib. Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsi şimaldan, şərqdən və cənubdan hava hücumlarına məruz qalıb və Ukrayna Ordusu müdafiə olunur. Rusiya vətəndaşlarını Ukraynaya qarşı müharibəyə görə etiraza qalxmağa çağıran Zelenskinin sözlərinə görə, Rusiya xalqı hansı yolla gedəcəklərinə özləri qərar verməlidir: 

“Hələ vicdanını itirməmiş hər kəs üçün çıxıb bu müharibəyə etiraz etmək vaxtıdır”.

Onlarla ukraynalı hərbi qulluqçunun həlak olması, yüzlərlə hərbçinin isə yaralandığı barədə məlumatlar gəlməkdədir. Artıq yerli və əcnəbi əhali sürətlə Ukraynanı tərk etməyə başlayıb. Arasında soydaşlarımızın da olduğu deyilən bu köç əsasən müharibənin getmədiyi şəhərlərə doğru yönəlib. Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edib.

Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki Azər Xudiyev AYNA-ya açıqlamasında deyib ki, Ukraynada vəziyyət gərgin olaraq qalmaqdadır: “Dünən axşam saatlarında müharibənin olacağına dair məlumatlar daxil oldu. Gecə saatlarında Ukrayna Parlamenti fövqəladə vəziyyətlə bağlı qanun qəbul etdi. Səhərə yaxın isə Prezident hərbi vəziyyət elan etdi. Səhər saatlarında şərq və cənub istiqamətlərindən Rusiya qoşunları irəliləməyə başladılar. Rusiya aviasiyası həm şərqdən, həm də cənubdan intensiv şəkildə Ukrayna silahlı qüvvələrinə məxsus hərbi obyektləri və infrastrukturu sıradan çıxarır. Şiddətli döyüşlər davam edir və Xarkov, Dnepr istiqamətində irəliləyirlər. Müqavimət olsa da, yüksək səviyyədə deyil. Görünür bununla bağlı müəyyən planlaşdırma işəri aparılır”.

Sabiq səfirin sözlərinə görə, Rusiya bütün istiqamətlərdən hərəkətə keçib: “Qərb tərəfdən Belarusun da 45 minlik ordusu bu prosesə qoşulub. Onlar rus qoşunları ilə birlikdə irəliləyirlər. Paytaxt Kiyevdə isə sakitlikdir, elə də ciddi təşviş yoxdur. 

Ukraynanın müxtəlif ərazilərindən Polşa istiqamətinə doğru şəhəri tərk edənlərin sayı artıb. Yollarda tıxaclar yaranıb. Benzinlə bağlı problemlər də meydana çıxıb. Yüksək keyfiyyətli benzinin satışı faktiki olaraq dayanıb. Bankların qarşısında böyük izdihamlar yaşanır. Əhali banklarda olan vəsaitlərini çıxarmağa çalışır. 

Rusiya tərəfi separatçı bölgələrdə olduğunu söyləsə də, əslində Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar aparır. Bütün dünyanın nəzərləri Ukraynadadır. Ukrayna Ordusu Rusiya Hava Qüvvələrinə məxsus beş helikopteri məhv edib” – Xudiyev vurğulayıb.

O əlavə edib ki, Ukrayna cəmiyyəti dünya birliyinin müdaxiləsini gözləyir: “Əgər 2008-ci ildə olduğu kimi, bu dəfə də Ukraynanı meydanda tək qoysalar, o zaman bu ölkənin taleyi çox pis olacaq. Hesab edirəm ki, Rusiyanın və Putinin uzunmüddətli müharibə planı yoxdur. Yəqin ki, qısa müddətdə paytaxt Kiyevə çatmağa çalışırlar. Əsas məqsədləri isə hakimiyyətə öz adamını gətirmək, bununla da Ukraynanı tam nəzarətə götürməkdir. Böyük ehtimalla Qazaxıstanda olan ssenari burada da təkrarlamağa çalışacaqlar”.

Ukraynada yaşayan iş adamı Arif Aydın bildirib ki, Ukrayna Qərbdən real dəstək gözləsə də, hələlik bu, baş verməyib: “Bu gün səhər saatlarından Rusiya qoşunları Ukraynanın müxtəlif şəhərlərinə hücumlar edir. Xarkov şəhəri istisna olmaqla digər şəhərlərdə quru qoşunları gözə dəymir. Əsasən hava hücumları qeydə alınıb. 

Baxmayaraq ki, rus ordusu müxtəlif istiqamətlərdən hücuma keçib, ciddi nəticələrə nail olmayıb. Hətta müəyyən yanlışlıqlara da yol verib. Bütün bunlar söyləməyə əsas verir ki, Rusiya Ordusu bizim gözümüzdə şişirdildiyi kimi, bir o qədər də güclü deyil. 

Bütün hallarda Rusiya qoşunlarının hücumu davam edir. Ukrayna ordusu isə onların qarşısını almağa çalışır. Hazırda ölkəboyu fövqəladə vəziyyət elan edilib”.

Onun söylədiyinə görə, Rusiyanın bu ölkəni işğal etməsi və yenidən öz nəzarətinə alması mümkün deyil: “Bu, baş verərsə, Ukraynada partizan müharibəsi başlayacaq. Əvvəlki dövrdə Rusiya burada müəyyən məqsədlərini həyata keçirə bilərdi, lakin hazırda mümkün deyil. Bu gün hətta Ukraynada yaşayan rus mənşəli vətəndaşlar belə Putinin yürütdüyü siyasətə nifrət edirlər. Burada yaşayan bütün xalqlar Ukrayna ilə həmrəylik nümayiş etdirir. Hazırda Xarkov, Dnepr istiqamətində şiddətli döyüşlər davam edir. Ukrayna ordusu müdafiə cinahındadır. Maksimum səylə özünü qorumağa çalışır. Onlarla hərbçinin həlak olmasına dair xəbərlər gəlir. Paytaxt Kiyevdə isə vəziyyət sabitdir, xüsusi təşviş yoxdur”.

“Ukraynada yaşayan azərbaycanlılar ortaya əsl iradə qoydular və sona qədər ölkəni tərk etmədilər”, - deyən müsahimiz bildirir ki, onlar ukraynalıların özləri qədər bu məsələdə prinsipiallıq nümayiş etdirirlər.

Müəllif: Azər Niftiyev