ABŞ-dan İrana qarşı sərt qərar

Dünya

26.09.2019 - 20:27

Ağ Ev bu addımı “İranın bölgədə və dünyada təhlükəsizliyə və sülhə qarşı davamlı təcavüzkar davranışlar sərgiləməsi” ilə əsaslandırıb

 

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının yüksək vəzifəli məmurlarının və onların ailə üzvlərinin Birləşmiş Ştatlara girişini qadağan edən və ya məhdudlaşdıran qərara imza atıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu addımı “İranın bölgədə və dünyada təhlükəsizliyə və sülhə qarşı davamlı təcavüzkar davranışlar sərgiləməsi” ilə əsaslandırıb.

 

“İran hökuməti və İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) “Hizbullah” terror təşkilatının törətdiyi terror aktlarını dəstəkləyir və terror aktlarında birbaşa iştirak edir. İran humanitar böhranlar yaratmaq, qonşularına qarşı təhdidlər etmək, habelə kiberhücumlar və ABŞ vətəndaşlarına qarşı özbaşınalıq etməklə, beynəxlaq hüquq normalarını pozur”, - Tramp Administrasiyasının yaydığı açıqlama bildirilir.

 

“İranın Yaxın Şərqdə və ölkə hüdudlarından kənarda sülh və sabitliyə xələl gətirən davranışlarını nəzər alaraq, bu ölkənin yüksək vəzifəli məmurlarının ölkəyə girişinin qadağan olunması, həmçinin onların ABŞ-da olan yaxın ailə üzvlərinin fəaliyyətlərinin məhdudlaşdırılması və cəza mexanizminin tətbiqi üçün tədbirlər görülməsi ABŞ-ın maraq dairəsindədir”, - deyə məlumatda vurğulanır.

 

Qətnamədə o da qeyd olunub ki, sözügedən qərar İranın işgəncə, qeyri-insani və ya alçaldıcı rəftarına qarşı çıxaraq ABŞ-da sığınacaq axtaran şəxslərə şamil olunmayacaq.

Müəllif: Ayna.az