“Onlar ölkəmizi, azadlığımızı, seçimimizi, qürurumuzu müdafiə edirlər. Müdafiə edirik, döyüşürük və etməliyik”
Ukrayna millisinin keçmiş baş məşqçisi, məşhur futbolçu Andrey Şevçenko Britaniyanın “Daily Mail” nəşrinə Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə haqda danışıb.
AYNA-nın xəbərinə görə, Şevçenko müharibənin başladığı anı xatırladıb: "Mən yatmışdım, telefon zəngi gəldi. Anam idi. O... üzr istəyirəm. Sizi əmin edirəm, bu, sadə deyil. Anam “müharibə başladı” dedi. Rusiyanın belə bir addım atmasına, müharibəyə başlayacağına inanmazdıq. Biz şoka düşdük”.
“Ev titrədiyi üçün düşən hər bombanı hiss edirsən. İndi müharibə bombalama mərhələsindədir. Rusların şəhərləri mühasirəyə aldıqları və sadəcə bombaladığı mərhələ. Onlar dayanmırlar. Bu amansızdır”, - deyə Şevçenko söyləyib.
“Ukrayna xalqına humanitar dəhlizlər şansı vermirlər. Anam ordadır. Bacım da, dayım da, bibim, əmioğlum... Dostlarımın bəziləri cəbhə xəttindədir. Onlar ölkəmizi, azadlığımızı, seçimimizi, qürurumuzu müdafiə edirlər. Müdafiə edirik, döyüşürük və etməliyik. Bizim seçimimiz yoxdur”, - deyə futbolçu əlavə edib.
Şevçenko qeyd edib ki, Prezident Volodimir Zelenskinin mövqeyi çox vacib idi: “Gedə bilərdi, amma açıq-aydın dedi ki, qalacaq və biz ölkəmizi müdafiə etməliyik. Bu, Ukrayna xalqını birləşdirdi. Biz təslim olmayacağıq. Küçədə bir tankı dayandırmaq üçün silahsız gəzən insanları görürsünüz, bu, gücdür. Biz ölkəmizi sona qədər müdafiə edəcəyik. Rusiya burada xoş qarşılanmır. Mən sadəcə həqiqəti deyirəm. Doğru yanaşma həqiqəti söyləməkdir. Ölən jurnalistlərə çox heyfislənirəm, onlar dünyaya həqiqəti deməyə çalışırlar, amma öldürülürlər”.
“Böyük oğlum mənimlə birlikdə Londondakı etiraz aksiyalarına getdi. Nə baş verdiyini bilir. Bu, mən və ailəm üçün çətindir, amma Ukraynada daim öz həyatlarından qorxan insanlar üçün bunun nə qədər çətin olduğunu bilirəm”, - Şevçenko bildirib.