"Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

Siyasət

23.11.2022 - 18:19

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

"Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir".

AYNA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında deyib.

"Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkürümü bildirirəm. Bu, əsl dostun sözləridir və bizi Prezident Aleksandar Vuçiçlə dostluq əlaqələri bağlayır. Hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır. Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var. Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq da qalacaq", - Prezident qeyd edib.

Müəllif: Ayna.az