“Serbiya Azərbaycana qarşı “ikinci Rusiya” olmaq istəyirsə, bundan uduzan özü olacaq”

Siyasət

22.07.2020 - 20:15

Ekspertlər narazıdır: “Vəziyyət belə davam edərsə, həm Serbiya, həm də Gürcüstanla gələcək planlarımızı dəyişdirməliyik”

 

Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində təxribatı nəticəsində başlayan döyüşlərin fonunda yayılan bir xəbər Azərbaycan cəmiyyətində etirazlara səbəb oldu. Söhbət Serbiyanın Gürcüstan vasitəsilə Ermənistana silah-sursat göndərməsindən gedir. Ermənistan silahlı qüvvələri həmin silahlardan istifadə edərək, sərhədyanı yaşayış məntəqələrimizi və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın ordusunun mövqelərini artilleriya və minomyot atəşinə məruz qoydu.

 

Maraqlı məqam isə odur ki, keçən il Azərbaycan Gürcüstana neft və neft məhsullarının ixracını artırıb. Bu il də pandemiya ilə mübarizə üçün Serbiyaya 7 milyon manat dəyərində yardım göstərib.

 

Azərbaycanın bu iki dövlətə yardım etməsinə, 2013-cü ildə isə Serbiya və Azərbaycan arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalanmasına baxmayaraq, bu ölkələrin Azərbaycan əleyhinə belə bir davranış sərgiləmələri istər siyasi dairələrdə, istərsə də ictimaiyyət arasında sərt reaksiyalara səbəb olub.

Mövzu ilə bağlı AYNA-ya açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Gürcüstan Prezdentinin “balanslı” açıqlaması Gürcüstanın indiki hakimiyyətinin Ermənistanla Azərbaycan arasında fərq qoymadığını və işğalçı ilə işğala məruz qalmış ölkə arasında “bərabərlik işarəsi” qoyduğunun göstəricisidir: “Halbuki, Gürcüstanın Ermənistanda 1 dolları belə, yoxdur. Amma Azərbaycan Gürcüstana kreditlər verir, sərmayələr yatırır, neft və neft məhsulları ilə bağlı ixracatı artırır”.

 

“Əslində, Gürcüstanın keçmiş hakimiyyəti bunu etiraf edirdi. Mixail Saakşivili də həmişə Azəbaycanla strateji əlaqələrin mövcud olduğunu, 2008-ci ildə isə Gürcüstan-Rusiya müharibəsində Azərbaycanın Gürcüstana iqtisadi dəstək verməyəcəyi halda Gürcüstanın çökəcəyini deyirdi. Amma Gürcüstanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərə çox da önəm vermir. Hətta, bir müddət əvvəl Azərbaycan-Gürcüstan sərhəddində millətçi gürcülər Azərbaycana qarşı şüarlar səsləndirmişdilər”, - Şahinoğlu deyib.

 

O, Serbiyanın da hərəkətinin gözlənilməz olduğunu bildirib: “Çünki Azərbaycanın Serbiyada investisiyaları var. Amma mən Serbiya ilə bağlı başqa nüans da düşünürəm. Hesab edirəm ki, bəlkə də hansısa şirkət hökumətin icazəsi olmadan belə bir addım atıb. Amma hər halda hökumət də buna nəzarət etməliydi. Gürcüstan tərəfi də nəzarət etməliydi ki, hansısa üçüncü ölkə onların vasitəsilə Ermənistana silah-sursat daşımasın”.

 

Politoloqun fikrincə, Azərbaycan hökuməti haqlı olaraq Serbiyadan bu məsələyə aydınlıq gətirilməsini tələb edib: “Mümkündür ki, yaxın günlərdə Gürcüstanın Azərbaycandakı səfiri də Xarici İşlər Naziriliyinə çağrılsın. Məlumdur ki, Gürcüstana çəkilən boru xətlərini, dəmir yollarını geri qaytarmaq mümkün deyil. Amma başqa sahələr var ki, əgər Gürcüstan və Serbiyanın Ermənistana dəstək verdiyi aydınlaşsa, bu sahələrlə bağlı tədbirlər görülməli və iki ölkə arasında siyasətimizi ciddi korrektə etməliyik”.

 

“Çünki bir ölkə Ermənistana silah göndərirsə, biz o ölkəyə niyə investisiya qoymalıyıq? Niyə onlarla ortaq layihələr həyata keçirməliyik? Düzdür, serblər Rusiyanın da Ermənistana silah verdiyini deyə bilər. Amma Rusiyanın ermənilərə həmişə dəstək verdiyi məlum məsələdir. Ki, buna görə də cəmiyyətin Rusiyanın regional siyasətinə mənfi münasibəti var. Serbiya da “ikinci Rusiya” olmaq istəyirsə, bundan uduzan ancaq rəsmi Belqrad olacaq”, - müashibimiz əlavə edib.

Politoloq İlqar Vəlizadə AYNA-ya açıqlamasında deyib ki, məsələ ilə bağlı Azərbaycan tərəfi artıq araşdırmalara başlayıb: “Yəni bunun sübut olunması üçün əsaslı dəlillər lazımdır. Ki, bir daha belə bir hal olmasın, digər ölkələr bilsin ki, Azərbaycan vəziyyətə nəzarət edir və Ermənistana kimlərin hansı yollarla nə kimi silahlar ötürdüyünü bilir. Xarici İşlər Nazirliyinin də Serbiyanın müvəqqəti işlər vəkilini çağırması ilə bağlı verdiyi bəyanat da Azərbaycanın vəziyyətdən narazı və narahat olduğunu göstərir”.

 

“Siyasi proseslər isə bunu deməyə əsas verir ki, Gürcüstan Ermənistanla münasibətləri korlamaq istəmir və ona görə belə bir addım atır. Əgər Gürcüstan ölkələr arasındakı təcavüzü pisləyirsə, Ukrayna və Moldova hadisələrində bunu göstərirsə, Azərbaycanla bağlı belə mövqe tutması ən azı başa düşülən və qəbul olunan məsələ deyil. Çünki Azərbaycan Abxaziyada, Cənubi Osetiyada seçkilər keçiriləndə dərhal reaksiya göstərib və Gürcüstanın tərəfində olduğunu nümayiş etdirib”, - politoloq bildirib.

 

Vəlizadə vurğulayıb ki, keçən il Paşinyan Gürcüstana səfər edəndə də Gürcüstanla Ermənistanın dost ölkələr olduğunu demişdi: “Amma Ermənistanın himayəçiliyi altında olan batalyon gürcülərin əleyhinə Abxaziyada vuruşub. Bunlar dost ölkələr olaraq istəyirlər ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ilə birlikdə seperatçı birlik yaratsınlar. Ermənistanın siyasətçiləri, deputatları indi də Cənubi Osetiyanı Ermənistanın əzəli torpağı kimi sayırlar. Gürcüstanın keçmiş rəhbərliyi bu faktları deyir, pisləyir və həmin seperatçıları həbs edirdi. Amma indiki Gürcüstan rəhbrəliyi isə təəsüflər olsun ki, müxtəlif maraqlardan çıxış edərək bunu etmir. Hətta, bəzi hallarda Gürcüstanın Ermənistan hakimiyyətinə yardım göstərməsinin vacib olduğunu deyirlər. Məhz bu yalançı hakimiyyət də hazırda Azərbycana təcavüzü şiddətləndirib”.

 

“Bir məsələ var ki, Gürcüstan, Azərbaycan və Türkiyə öz üzərlərinə öhdəlik götürüb və gərginlik olacağı təqdirdə bir-birilərinə yardım etməlidirlər. Əgər, Azərbaycan üzərindən Gürcüstan və Türkiyəyə infrastruktur gedirsə və həmin infrastruktura xələl gəlirsə, buna hər üç ölkə reaksiya verməlidir. Ona görə də Gürcüstanın bu mövqesi başa düşülən deyil və yaxın günlərdə buna aydınlıq gətirilməlidir. Gürcüstanın Xarici İşlər nazirinin bəyanatı isə kifayət etmir. Həm Gürcüstan, həm də Serbiya ilə Azəraycan tərəfdaşdır və bu məsələ strateji tərəfdaşlığı pozur. Əgər, bu vəziyyət davam etsə, prosesləri gündəmə gətirərək bu ölkələrlə bəzi siyasi gələcək planlarımızı dəyişdirməliyik”, - ekspert diqqətə çatdırıb.

Müəllif: Mərahim Nəsib