Milli Şura sədri: “2 noyabr mitinqini təxirə salmaq lazımdır”

Siyasət

31.10.2019 - 17:29

Cəmil Həsənli MŞ KM üzvləri və AXCP rəhbərliyini təklifi təcili müzakirə etməyə çağırır

 

Milli Şuranın (MŞ) sədri Cəmil Həsənli, 2 noyabrda keçirilməsi planlaşdırılan razılaşdırılmamış aksiyanı təxirə salmağı təklif edib. AYNA xəbər verir ki, C.Həsənli bu barədə öz "Facebook" səhifəsində yazıb.

 

Onun sözlərinə görə, Milli Şuranın Koordinasiya Mərkəzində əvvəlcədən 2 noyabr mitinqi ilə bağlı belə bir qərar qəbul edilib ki, “Məhsul” stadionuna razılaşmasalar, mitinq “28 may” metrosu qarşısındakı meydanda və ya ona yaxın yerlərdə keçirilsin. Bununla belə, Həsənli, hansısa xoşagəlmz hadisələrin baş verməməsi üçün təklif edir ki, 2 noyabr mitinqi təxirə salınsın.

 

“MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək... Qəti əminəm ki, 2 noyabr mitinqini bir müddət təxirə salsaq, xalqımızla və beynəlxalq aləmlə işi gücləndirsək, bir müddətdən sonra meydanlara daha möhtəşəm şəkildə qayıdacağıq”, - deyə MŞ sədri qeyd edib.

Müəllif: Ayna.az