Sənə dərsindən 5,5... deyil, 2 bal: səhv deyirəm, cənab nazir? – AXI NİYƏ?!

Aktual

05.07.2023 - 10:14

Və ya bu bala münasibət o baldan doğur, balası, dəli balası

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Yayın bu istisində, iyulun 5-nə keçən gecə baş verən zəlzələ panikasnının ardınca yarıyuxulu halda kompüter qarşısına keçdim. Bu fikirləri monitora tökməyimə zəlzələ təkan versə də, bugünkü fikir paylaşımımızın əsas mövzusu zəlzələ deyil.

Zəlzələ gecəsi Bakı şəhəri, Abşeron yarımadası və şimal rayonları ayaq üstündə idi. Gecə birə bir dəqiqə işləmiş kiminin evində çilçıraqların yellənməsi kimi, kiminin də ev əşyalarının əsməsi kimi büruzə verən yüngül titrəmə oldu. Zəlzələ Xəzər dənizində baş verdi və Bakıda zəif hiss edildi.

Sağ olsun “Google” şirkəti: əlinə keçən mobil telefonlara xəbərdaredici məlumatlar göndərdi və soyuqqanlı şəkildə zəlzələ anında riskləri azaltmaq üçün hansı addımları atmalı olduğumuzu başa saldı. Amma, deyəsən, bizim insanlar sadəcə bu xəbərdən birinci cümləni oxudular, sonra cumdular sosial şəbəkələrə, daha sonra isə kimi sənədini, telefonunu və qızılını, kimisi isə bütöv bir çemodanını götürüb, arvad-uşağını da qoltuğuna vurub, qaçdı bağa, həyət evinə. Belə bir imkanı olmayan da yaxınlıqdakı parka...

İnsanların panikaya düşməsini anlamaq olar. Burada bir neçə faktor rol oynayır: kimi panikaya meyllidir, kiminin ürəyi zəifdir, kimi uşaqların qorxmasından, necə deyərlər, “hööllənir”, kimi də bir neçə ay əvvəl Türkiyədə baş verən təbii fəlakətin təkrarlanacağından ehtiyat edir.

Lakin... O gecəki kütləvi panikanın əsas günahkarı Azərbaycanın təhsil sistemidir. Bəli-bəli, səhv oxumadınız – bizim analoqu olmayan təhsil sistemi. Axı niyə Allahın verdiyi təbii fəlakətin, türklər demiş, “racon”ununu yerli təhsil sisteminə və bu sektorda olan başbilən məmurlara kəsirəm? İzah edim.

Eyvanda siqaret çəkə-çəkə, evində qızıldan qiymətli nə varsa, bir çemodana doldurub parka qaçanlara, sonra isə telefonda sosial şəbəkələrdə yayılan videolara və məlumatlara baxırdım. Birdən fikir verdim ki, küçədə-bayırda qaçışanların əksəriyyəti gənclərdir. Elə sosial şəbəkələrdə zəlzələnin təkrar oluncağının dəqiq vaxtını və Rixter şkalası ilə dəqiq balını söyləyən məlumatların altında şərh yazanların çoxu da 20-45 yaşlarında olan nəslin nümayəndələri idi.

“İlham Əliyev indi canlı yayımla xalqa müraciət edəcək”, “Sabah artıq qeyri-iş günü elan edilib”, “Böyük dağıntılar və tələfatlar var” xəbərlərini paylaşaraq, panika yaradanlarla, təbii ki, DTX məşğul olmalıdır. Bu, mənim subyektiv mövqeyimdir.

Ancaq bu tipli xəbərlərin havasına uyaraq, çölə-bacaya qaçanlar çox oldu. Həyatına təhlükə anında insanda özünüqoruma instinkti işə düşür – bu, başadüşüləndir və elə ona görə də çoxları gecəni parklarda, maşınlarda keçirdi ki, zəlzələnin məlumatda yayıldığı kimi dəqiq hansısa saatda 6 baldan çox gözlənilən afterşoku olanda daha az risk etsinlər.

Amma, çox təəssüf, heç kim yazmadı ki, ay camaat, belə xəbərlərə uymayın. Axı, zəlzələnin afterşoku heç vaxt birinci dalğadan güclü ola bilməz. Və zəlzələnin, afterşoklarının olmasını yalnız it-pişik, yaxşı halda bir neçə saat, adətən isə 10-15 dəqiqə əvvəl bilir. Qalan heç bir insan, heç bir cihaz bunu əvvəlcədən hiss edə bilmir. Edə bilsəydi, həmin adam dünyada məşhur olar, Nobel mükafatı alar və milyonlarla dollar müqabilində, dünyada zəlzələdən ən çox əziyyət çəkən Yaponiyaya köçərdi.

Ona görə də “zəlzələ olacaq, yoxsa olmayacaq” sualının cavabını yalnız bu sahənin mütəxəssisləri proqnoz şəklində və ya öncəgörümlə məşğul olanlar bir verisya kimi verə bilər. Hər iki variantın düz olub-olmayacağı isə Yaradana bağlı bir işdir. Dünyada hələ elm o səviyyəyə çatmayıb ki, zəlzələnin vaxtını və gücünün necə olacağını dəqiq kimsə desin. Bir sözlə, xalqımızı, xüsusilə də yuxarıda dediyim yaş kateqoriyasından olan insanların cəfəng xəbərlərə uyaraq, panikaya düşməsinin səbəbini düşünə-düşünə siqaretdən bir tüstü vurmuşdum ki, smartfonda belə bir xəbərə rast gəldim:

I-IV qruplar üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb.

Bu barədə məlumat 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində yer alıb.

Ötən il abituriyentlərin 42,8 faizi imtahandan “2”, 22 faizi - “3”, 25,6 faizi - “4”, 9,6 faizi isə “5” qiymət alıb.

2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 44,3%, 20,3%, 25,5%, 10% olub. Keçən il “2” və “5” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi isə nisbətən artıb.

Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

Qəbul olanların topladıqları balların paylanmasından görünür ki, onların 33,8%-ni “3”, 43,8%-ni “4”, 15,8%-ni isə “5” qiymət alanlar təşkil edib. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 29,9%, 47,2%, 18% olub.

Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 48,20%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (51,74%) 100-150 bal intervalında nəticə göstərib.

Nəzərə alsaq ki, qəbul üçün maksimal bal 700-dür və abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb, yəni yarıdan bir az vətəndaş “3”-dən (kafi) aşağı bal toplayıb, bu zəlzələ məsələsində niyə çoxunun afterşokların hansı zamanda və neçə balda olması xəbərini həqiqət kimi qəbul etməsi o qədər də təəccüblü görünmür. Yəni o bala (zəlzələ) münasibət bu biri baldan (təhsil) doğur.

Ola bilər ki, yayın sonuna yaxın Təhsil Nazirliyinin başbilənləri sentyabrda neçə məktəbin təmir edilməsi, necə yüksək avadanlıqla təmin edilməsi barədə hesabatlar versin, hətta AzTV-ni keçmiş bəzi telekanllarımızı da çağırsınlar ki, geniş və işıqlı otaqlarda oxuyan Azərbaycanın gələcəklərini çəksinlər. Amma təmiz, səliqəli siniflərdə oturmaq, noutbuka baxmaq, hələ yaxşı təhsil vermək demək deyil.

Nə qədər ki, aşağı maaş alan müəllim valideynin əlinə baxacaq, öz fənnini sinifdə deyil, evində uşaqlara pul müqabilində tədris etməkdə maraqlı olacaq, pul verən uşağa “bəli, balası”, verməyənə isə “dəli balası” kontekstindən yanaşacaq, nə qədər ki, 10-cu sinifdən uşaqları texniki və humanitara böləcəklər (hansının ki, nəticəsində humanitara gedən uşaq adi suyun formulunu, texnikiyə gedən uşaq isə “Cəfər Cabbarlı kimdir” sualına yaxşı halda “metrostansiyası” cavabını verəcək), nə qədər ki, 65 yaşına yaxınlaşan müəllim bu yaşın sevincini və təcrübəsini uşaqlarla bölüşməkdənsə, aşağı pensiya alaraq, acından ölmək qorxusu altında əmək müqaviləsini uzatmaq üçün Təhsil Nazirliyində tanış axtaracaq, bizim gələcək nəsillər təbiət hadisələrinə qədim dövlərdə ilk homo-sapienslərin ildırım vurmuş yanan ağaca baxdıqları kimi baxacaqlar - anlaşılmazlıqdan yaranan qorxu və təlaşla. Səhv deyirəm, Emin müəllim?

P.S. Adam düşünəndə ki, bu uşağın gələcəyi nə olacaq…

Müəllif: Yoldaş Mircəfər