Səhiyyə ictimaiyyətindən hökumətə: “Bu qədər insanı taleyin ümidinə buraxmayın”

Cəmiyyət

15.05.2023 - 18:15

Araz Bayramov: “Ya növbəti özəlləşdirmə prosesində onların iştirakına şərait yaradın, ya da müvafiq kompensasiya ödəyin”

Adil Qeybulla: “Hökumət ziyalıların çağırışlarına və vauçerləri əlində qalan vətəndaşların çoxsaylı müraciətlərinə reaksiya verməlidir”

Müşviq Sadıqov: “Özəlləşdirmə çeklərinin tədavülünü dayandırmaq kökündən yanlış qərar idi, bu gün tarixi imkan yetişib ki, həmin səhvi düzəldək”

Özəlləşdirilmə çeklərinin istifadəyə verilməsindən 26, tədavül müddətinin başa çatmasından isə 12 il ötür. Qanunvericiliyə görə, özəlləşdirmə çekləri qiymətli kağız olaraq “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir və bu qanunda qiymətli kağızlar üçün tədavül müddəti nəzərdə tutulmayıb.

Qanunda daha bir məqam isə özəlləşdirmə payına qanunla düşən əmlak ekvivalentinin inflyasiyadan qorunmaqla, minimum 2000 ABŞ dolları həcmində müəyyən edilməsi ilə bağlıdır. Eyni zamanda özəlləşdirməyə çıxarılan dövlət əmlakının ən azı 65 faizinin dövlət özəlləşdirmə paylarını təqdim edən çek sahiblərinə əvəzsiz qaydada verilməsi təsbit olunub.

Buna baxmayaraq, Azərbaycan hökuməti tədavül müddətinin başa çatdığını elan edib və yüz minlərlə vətəndaş 12 ildir ki, vauçerləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Ölkəmizin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, Milli Məclisin deputatları, mədəniyyət-incəsənət xadimləri, iqtisadçılar, hüquqşünaslar, QHT rəhbərləri hökumətə çağırışlar edərək, özələşdirmə çekləri ilə bağlı məsələyə yenidən baxılmasının vacibliyini bəyan edirlər.

Qeyd edək ki, ötən dövr ərzində xeyli sayda səhiyyə ocağı da özəlləşdirilməyə yönəldilib. Lakin onların hansı şərtlər və qaydalar əsasında özəlləşdirildiyi bu günə qədər sirr olaraq qalır.

Səhiyyə ictimaiyyətinin nüfuzlu nümayəndələri özəlləşdirmə çekləri, onların tədavül müddətinin dayandırılması, çeki əlində qalan vətəndaşların gələcək taleyi və digər mövzular ətrafında təəssüratlarını AYNA ilə bölüşüblər.

Fransada təhsil almış uroloq-cərrah Araz Bayramov özəlləşdirmə çekləri paylanılan zaman yeniyetmə olduğunu deyib: “O zaman bizə deyirdilər ki, “Sovet İttifaqı dağılıb, SSRİ-dən qalma dövlət əmlakı vətəndaşlar arasında paylanacaq, istəyən sata bilər, istəyən zavodda, fabrikdə pay sahibi ola bilər”. O zaman biz valideynlərimizə təkid edirdik ki, zavodda pay sahibi olaq. Düşünürdük ki, bizim gələcəyimiz, gələcək məşğulluğumuz üçün bu, vacib qərar olar. Sonradan gördük ki, özəlləşdirmə çekləri mənasız kağız parçasına çevrildi”.

“Fransada olduğum müddətdə özəlləşdirmə çeklərinin müqəddəratı ilə maraqlandım. Məlum oldu ki, Azərbaycanda özəlləşdirmə prosesi formal olaraq aparılıb. Bundan sonra daha o mövzu ilə maraqlanmadım”, - deyə həkim bildirib.

Bayramov vurğulayıb ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır və tədavüldən çıxarıla bilməz: “Lakin sonradan tədavül müddətinin başa çatdığını elan etdilər. Bir halda ki, bu qərar verilib, heç olmasa özəlləşdirmə çekləri əlində qalan vətəndaşların statistikasını aparmaq, onlara dəymiş zərərin kompensasiya edilməsi vacibdir. Ya növbəti özəlləşdirmə prosesində onların iştirakına şərait yaradın, ya da müvafiq kompensasiya ödəyin”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da birmənalı şəkildə söyləyib ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməlidir: “Hesab edirəm ki, Azərbaycan hökuməti bu mövzunu diqqətdən kənarda qoymamalıdır. Ola bilər ki, bu gün yox, sabah bu mövzuya qayıdılsın. Qeyd oluna bilər ki, postmüharibə dövründə dövlətin buna ayıracaq vəsaiti yoxdur. Lakin bütün hallarda niyyət və mövqe ortaya qoyulmalıdır”.

“Bunu necə həyata keçirmək olar: hərracamı çıxarılmalıdır, kompensasiyamı ödəniləcək, yoxsa növbəti özəlləşdirmə prosesində iştiraklarına yaradılacaq - buna müvafiq qurumlar qərar verməlidir. Kifayət qədər həssas mövzudur və həllini gözləyən sosial problemlərdən biridir. Qeyri-rəsmi məlumatlara görə, yüzminlərlə vətəndaş çeki əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bu qədər adamı Allahın ümidinə də buraxmaq olmaz. Azərbaycan hökuməti ölkə ziyalılarının çağırışlarına və vauçerləri əlində qalan vətəndaşların çoxsaylı müraciətlərinə reaksiya verməlidir”, - deyə həmsöhbətimiz qeyd edib.

Tanınmış alqoloq və reanimatoloq Müşviq Sadıqov da özəlləşdirmə çekləri əlində qalan vətəndaşların vəziyyətinin narahatlıq doğurduğu düşüncəsindədir: “Vauçerlər paylananda buna böyük ümidlər var idi. Sonradan bu ümidlər özünü doğrultmadı. Vauçerlərin gələcək taleyinə də aydınlıq gətirilmədi. Hansı zavodlar bu yolla özəlləşdirilməyə çıxarıldı, nə qədər vauçer bu prosesdə iştirak etdi, heç bir məlumat vermədilər. Bir də onda ayıldıq ki, artıq tədavül müddəti başa çatıb”.

“Bu, kökündən yanlış qərar idi. Bu gün tarixi imkan yetişib ki, həmin səhvi düzəldək. Əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində vacib addımlar atılır. Mühüm qərarlar qəbul edilir. Kimin əlində nə qədər özəlləşdirmə çeki var, ona uyğun olaraq dəymiş zərəri qarşılamaq olar. Dövlətimizin də buna gücü yetər. Ya tədavül müddətini artırmaqla, vauçeri əlində qalan vətəndaşların növbəti özəlləşdirmə prosesində iştirakına, ya da onların hər hansı formada bu çekləri realizə etməsinə şərait yaradılmalıdır”, - deyə Sadıqov fikrini yekunlaşdırıb.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray