Paytaxtın məşhur ticarət mərkəzlərində musiqilər səsləndirilmir
Uzun zamandan bəri Bakının böyük alış-veriş mərkəzlərində bir məqam diqqətimizi çəkirdi. Belə ki, həmin məkanlarda səslənən musiqilər, ifalar içərisində Azərbaycan musiqilərinə rast gəlinmir.
AYNA əməkdaşının müşahidələri onu deməyə əsas verir ki, əksər alış-veriş mərkəzlərində, sadəcə əcnəbi musiqi və mahnıları səsləndirilir. Həmin məkanların, adlarının çəkilməsini istəməyən bir sıra əməkdaşları bildirdilər ki, milli musiqilərimizin səsləndirilməməsi barədə rəhbərliklərin təlimatları var.
AYNA əməkdaşı məsələni dəqiqləşdirmək üçün “Gənclik Mall”, “28 Mall”, “Port Baku Mall”, “Şüvəlan park” və “Amburan Mall” ticarət mərkəzlərinin Marketinq Departamentinin direktoru Nuranə İskəndərova ilə əlaqə saxlayıb. O, sözügedən ticarət mərkəzlərində, həqiqətən də Azərbaycan musqilərinin səsləndirilmədiyi faktını təsdiqləyib.
Direktor faktın səbəbini isə belə izah edib: “Musiqilərin səs yazılarını xarici şirkətlərdən alırıq. Bu şirkətlərdə playlistlər var. Biz mahnıları tərzinə və üslubuna görə seçib şirkətlərə müraciət edirik. Onlar da ancaq beynəlxalq radiolarda lisenziya əldə edən musiqiləri avtomatik proqram vastəsilə səsləndirirlər. Həmin radiolarda da Azərbaycan mahnıları yoxdur. Bu səbəbdən bizim mərkəzlərdə milli musiqilər səsləndirilmir”.
“Biz internet səhifələrimiz üçün “Google”da reklam qoyuruq. Lakin Azərbaycan dilində qoyduğumuz reklamlara qadağa tətbiq olunur və qəbul edilmir. Şirkətlə əlaqə saxlayanda isə, Azərbaycan adında bir ölkəni tanımadıqlarını deyirlər”, – deyə departament rəhbəri gileylənib.
Nuranə İskəndərova bu problemin həlli üçün çalışdıqlarını da qeyd edib: “Biz əlimizdən gələni etsək də, bəzi məsələlər ölkə səviyyəsində həll olunmalıdır, şirkət səviyyəsində yox. Novruz Bayramında bu sistemi təcrübədən keçirməyə çalışdıq. Yerli musiqiləri internetdən götürüb səsləndirəndə keyfiyyətsiz olduğunu gördük. Musiqiləri idarə etmək bizim üçün çətinlik yaratdı. Bunun üçün yerli xidmət sahəsi yaranmalıdır”.
“Biz şirkətdən çox müştərilərin maraqlarını güdürük. Bizim istəyimiz ən yüksək şəkildə xidmət gösətməkdir”, - deyə direktor əlavə edib.