Vadim Qocayevlə Alik Qocayev Sündü kəndindəki şəhid məzarlığında torpağa tapşırılıb
Şəhid Vadim Qocayevlə atası Alik Qocayevin cənazəsi bu gün Qobustan rayonuna gətirilərək Sündü kəndindəki şəhid məzarlığında birgə dəfn olunub.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, əvvəlcə onların yaşadığı evdə cənazə namazı qılınıb, ruhlarına dualar oxunub.
Dəfn mərasimində şəhidin yaxınları, Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, düşmən təxribatı nəticəsində şəhid olan xüsusi təyinatlı hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək dünyasını dəyişib.
Xatırladaq ki, 1997-ci il təvəllüdlü şəhid Vadim Qocayev Qobustanın Sündü kənd sakinidir. Onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən Müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı var, bu günlərdə onun ikinci övladı dünyaya gələcək.