Yeni baş direktor kollektivə təqdim olunub

Xəbərlər

01.11.2019 - 17:28

Ruslan Əliyev yeni təyinata qədər 2015-ci ildən “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Satış və İstismar üzrə müavini vəzifəsində çalışıb

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev “Qaz İxrac” İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifələrinə sınaq müddətinə təyin olunublar. 

 

AYNA xəbər verir ki, Birliyin kollektivi ilə keçirilən görüşdə çıxış edən SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov yeni təyinatlar barədə ətraflı məlumat verib və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Ruslan Yusif oğlu Əliyev yeni təyinata qədər 2015-ci ildən “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Satış və İstismar üzrə müavini vəzifəsində çalışıb.

 

Əliyev Ruslan Yusif oğlu 13 sentyabr 1978-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstilik energetikası fakültəsində bakalavr, 1999-2001-ci illərdə Energetika və enerjimaşınqayırma istiqaməti üzrə magistr, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. 2010-cu ildə araşdırdığı elmi işi müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

Bundan başqa, Ruslan Əliyev 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə təhsil alıb. 2016-cı ildə elmlər doktoru proqramı üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində dissertanturaya qəbul olub.

 

1999-2006-cı illərdə “Azenerji” ASC-də, 2006-2015-ci illərdə SOCAR-ın ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən 01.11.2019-cu ilə qədər “Azəriqaz” İB-nin Baş direktorunun Satış və İstismar üzrə müavini işləyib. Müxtəlif elmi jurnallarda 50-yə yaxın elmi məqalələri dərc olunub. Ruslan Əliyev fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub.

 

Evlidir, üç övladı var.

Müəllif: Ayna.az