Rusiya Prezidenti Akkuyu AES-in açılış mərasiminə videoformatda qatılacaq
Aprelin 27-də Türkiyə cənub sahilində Akkuyu Atom Elektrik Stansiyasını açacaq. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin də iştirak etməli idi, lakin o, ölkəyə getməməyə qərar verib.
AYNA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber” telekanalına müsahibəsində deyib ki, Putin tədbirə videoformatda qatılacaq.
"Putin mərasimdə videokonfrans vasitəsilə iştirak edəcək. Birinci blok elektrik enerjisi istehsal etməyə başlayacaq. Bu elektrik stansiyası ölkəmizin elektrik enerjisinin 10 faizini təmin edəcək. Akkuyu təbii qaz idxalının da qarşısını alacaq", - Ərdoğan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Putinin Türkiyəyə səfər edəcəyi, aprelin 27-də Akkuyu AES-in açılışında iştirak edəcəyini bildirilmişdi. Rusiya Prezidentinin Ərdoğanla birgə zəlzələdən zərər çəkmiş əyalətlərə səfər edəcəyi və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın müzakirə edəcəyi də gözlənilirdi.
Kreml isə Putinin Türkiyəyə səfəri ilə bağlı konkret qərarın verilmədiyini açıqlamışdı.