Və ya Bertran Rasselin təbirincə: intellektin çoxluğu bir yerdən sonra mane olur
Salvador Dali öz intuisiyasını Heyger sayğacına bənzədirdi. Bunu "Bir dahinin gündəliyi”ndə özü belə yazıb. Yeri gəlmişkən, o cihaza “Heyger-Müller” sayğacı da deyirlər.
Alman fizik Heygerin (Hans Geiger) bu icadı radiaktiv çirklənməni ölçmək üçündü. Tarix: 1908-ci il.
Bax, o zaman Bakı iri bir neft gölməçəsiydi. Bakılı milyonçu öz karbohidrogen qülləsindən qalxan fontanın fonunda dayanıb "şəxsi" rəssamına bəxtəvər pozlar verərkən o dəmdə ordakı öldürücü radiasiya fonundan xəbərsizdi.
Ta Heygerin sayğacına qədər...
Ömrünün 12 ilini nasizmlə yanaşı yaşamışdı Heyger və o, nasizmin məğlubiyyəti ilə eyni ildə ölmüşdü.
Görəsən, Heyger İkinci Dünya müharibəsini əvvəldən hiss etmişdimi?! Bu haqda heç bir kitabda, hem yerdə bir məlumata rast gəlmədim. Ancaq Dali...
Rəssamın "Vətəndaş müharibəsini hiss edərkən" əsəri məşhurdur. Hiss etdiyini çəkmişdi və... çəkdiyini hiss etmişdi.
Dalisənsə, hiss edəcəksən... Üstəlik Salvador Dali kimi "dahi dəli"sənsə... Özünəməxsus - sürrealist dünyan da varsa.
Hiss etmək böyük fəzilətdir. İnformasiya əsrində belə. Çünki informasiya sənə qıraqdan verilən (ara-sıra da sırınan) bir şeydir. Bəşər tarixinin hər dövründə hiss etdiklərimiz yazdıqlarımızdan və oxuduqlarımızdan, danışdıqlarımızdan və eşitdiklərimizdən daha çox idi. Elə deyilmi?!
Bax, iki gün qabaq şəhərimizdə də böyük bir olay oldu, bitdi - festival. Nə oxuduq, nə eşitdik? Və nə yazdıq?!
Ancaq və lakin...
Nə hiss etdik?! Hiss etdiklərimizlə görüb-eşitdiklərimizin anlam yükü eynidirmi, Allah eşqinə?! Yox, əlbəttə.
...Biz böyük ölçüdə ərazi itirmişdik. Torpaq, insan itirmişdik. Bir müharibəni uduzmuşduq. Ancaq o məğlub yaşadığımız 27-30 il ərzində yeni müharibəni daim hiss edirdik. Bəs indi sülh hiss edirikmi?! Əlimizi ürəyimizin üstünə qoyaq, düzünü deyək. O torpaqlarda o millətlə yenidən yanaşı, dinc bir həyatı hiss edə bilirikmi?!
...Hələ orta məktəbin orta siniflərindən jurnalist, yazıçı olmaq istəmişdim. Ədəbiyyat müəllimim məndə filoloq görürdü, tarix müəllimim tarixçi görürdü... Ancaq mən özümü yaradıcılıqda axtardım: hiss edirdim ki, az da olsa, bircə bunu bacaracam. Və bir az bacardım da.
Universitetdə - oxuduğum fakültədə məntiq keçmirdilər. Ancaq mən məntiqlə bağlı kitablar oxudum. Riyazi məntiq, sosial məntiq...
Bir aylıq təqaüdümün yarısından keçib Moskvadan fəlsəfə kitabları gətirtdim. Hüququ da özüm öyrənmişdim. Dövlət hüququnu, cinayət hüququnu... Maliyyə hüququna qədər oxumuşam ki, ... jurnalist olum.
Ancaq oxuduqca da hiss eləmişəm ki, daha çox şey oxumalıyam. Bu, heç yerdə yazılmamışdı. Sadəcə, hiss edirdim. Çox sonralar Sokratdan oxudum: "Bircə onu bilirəm ki, heç nə bilmirəm".
Heç nə bilmədiyini bilmək səndə o "heç nə"ni bilmək ehtiyacı yaradır. Daha çox (həm də çox lazımlı) informasiya ilə yüklənmək zərurətini.
İndinin özündə də hiss edirəm ki, məntiqimin işləmədiyi yerlər az deyil. Deməli, az oxumuşam.
Ancaq zamanla onu da fəhm etdim ki, heç bir informasiya intuisiyanın önünə keçə bilməz. İnsanın özündə - beynində, ürəyində olan informasiya kənardan aldığından az deyil.
İlk baxışdan vurulmaq nədir bəs?! Platon deyirdi ki, qadınla kişi bir bədəndə iki can olub. Daha doğrusu, iki bədən, iki ruh. Bir-birinə yapışıq. Ancaq rəvayətə görə, Olimpiya Tanrıları bu üsyankar əkizə qəzəblənib, onları iki ayrı insan olaraq ayırıb. O gündən Yer üzündə hər kəs öz yarısını axtarır. Tapa bilən xöşbəxt olur, tapa bilməyən - filosof (bu son cümləni deyən özü də filosofdur - belə deyibsə, o da tapmayıb yəqin).
Platonun “Pir”indəki bu əkizlərin ayrılması əhvalatı, təbii ki, uydurulmuş - mifik "həqiqət"dir. Ancaq reallıqda bunun "təsdiq"i var, əlbət. Mifologiya antik insanın... internetiydi; orda doğru-yalan “statuslar paylaşırdı”; əcdadlarımız da bəyənmələrlə, repostlarla bu günümüzə çatdırıblar, sağ olsunlar.
Bəs bu sonsuz-sınırsız axtarış mifik də olsa, bir həqiqətdisə...
İlk baxışdan vurulmaq və ürəkdən sevmək - insanın öz yarısını tapması deyilmi?! Bu, Platona aid edilən həmin postulatdan gəlir. Könül sevən ona görə göyçək olurmuş, sən demə. Ruhunun gözü ilə gördüyün reallıq - "öz" informasiyan belə bir qərarla sonuclandı: ilk baxışdan sevmək!
Biz çox həqiqətləri bilirik. Elə də olur, ayılırıq ki, həqiqət bildiyimiz heç həqiqət də deyilmiş (ayılırıqsa!). Bizim hiss etdiyimiz, fəhm etdiyimiz həqiqətlər isə bizə başqalarının ötürdüyündən daha çoxdur.
Günümüzdə insanlar bizim yazdıqlarımıza, efirdən danışdıqlarımıza niyə biganədir?! Çünki bizim yazmadıqlarımızı, danışmadıqlarımızı bizdən qabaq - bizdən yaxşı bilirlər. Hiss ediblər. İnsanların hissiyyatı ilə "oxuduğu" həqiqətlər bizim yazdığımız yalanları üstələyir. Bu halda bir doğru bəzən bütün yalanları silməyə qadir!
Tutaq ki, biz insanlara demokratik cəmiyyətdə yaşadığımız haqqında nə qədər "informasiya" versək də, xeyri yoxdur. O gördüyünü görüb axı. Seçkilərə gedib - bilir. Ya da getməyib deyə daha dəqiq bilir. Qutuya bir adamı "atır", ordan başqası "çıxır". Həm də dəfələrlə. Səslər sayılanda orda deyildi, amma hiss edir ki, bu "seçilən" adam artıq çoxdan seçilib. Burda oyun hiss edir insan. İndi bu adama sən hər gün demokratiyadan yaz, danış. İnanacaq?! Yox! İnanmış kimi göstərəcək, amma inanmayacaq. Nəticədə aldanan o deyil, sən olacaqsan.
Ancaq arxa yaddaşa yazıldı artıq: o hiss etmişdi ki, biz onu aldadırıq. Aldadılmış olmaq ağır hissdir, insanı dərindən yaralayır. Yaralı insan isə qəzəblənir. Bu qəzəb toplanır, enerji yığılır və Salvador Dalinin hiss etdiyi o məşum ərəfə hissini yaşadır.
Biz insanlara hər şeyin çox gözəl olduğunu nə qədər çox GÖZƏL desək də, o, çirkinliyi daha çox hiss edəcək. Sənin inllektual məkrin onun hissiyyatının "radar"ından yayına bilməz.
Sən ona deyəcəksən ki, ölkədə hamı yaxşı yaşayır, o hiss edəcək ki, sən özün hamıdan yaxşı yaşayırsan... Və bu düzənini hamıdan qorumaq hayındasan. İntellektin hissiyyata uduzduğu nöqtə bu olsa gərək. Ya da əksinə: ikisi birləşib bizə qalib gəldi. Bilici quş dimdiyindən tələyə düşdü. Bəşəri intellektimiz bizi fərdi hissiyyatımızdan gizlədə bilmədi...
Bertran Rassel, bəlkə də (həm də), ona görə deyirmiş ki, intellektin çoxluğu bir yerdən sonra... mane olur; bəzən insanda intellekt o həddə çatır ki, artıq individin özünə faydalı olmur. Burdan çıxan nəticə: bəzi mühüm qərarların qəbul olunmasına (təkcə) informasiya deyil, intuisiya kömək edəcək. İctimai fəhmin önünə keçməyin. Bu, şəxsi həyatda da sıx rast gəlinən situasiyalardır: illərlə dostluq etdiyin adamı bəzi hallarda tanımırsan, tanımaqda çətinlik çəkirsən. Ancaq bəzən də ilk gördüyün insanı dərhal hiss edə bilirsən.
Əvvəldə dediyim kimi, informasiyanın gücsüz qaldığı yerlər var: o, səndən kənarda formalaşmış, sənə verilən, yaxud aldığın bir şeydir. Başqasından aldığın bir şey. İntuisiya isə sənindir, hiss etdiyin səninkidir. Bir insanda neqativi hiss edirsən, səssiz-səmirsiz uzaqlaşırsan. Təbii ki, həyatdan müdriklik payını almısansa. Deyilsənsə, dava-dalaşla qopacaqsan: onu da yaralayacaqsan, özünü də...
İnformasiya başqasının səni (doğru və ya yanlış) yönləndirməsinə kömək edir. İntuisiya isə sənin özünün özünə yön seçməyinə səbəb olur. Bir qadını gözəl hesab etməklə, ona özünü gözəl hiss etdirmək arasında çox böyük fərq var. Birinə onu sevdiyini deməklə, sevildiyini hiss etdirmək arasındakı fərq kimi. Hesab etmək başqa, hiss etmək başqa. Birinə gözəl deyirsənsə, bu, onu gözəl hesab etdiyindən də ola bilər. İşin içərisinə riyaziyyat daxil olar. Simvollar. Başqasının düşünüb icad etdiyi, başqasının anlam yüklədiyi simvollar.
Ancaq hiss etmənin - fəhmin ölçüləri bambaşqadır. Bəzən nə hiss etdiyini heç izah da edə bilmirsən. Səndən soruşurlar: “Şuşa necə yerdir?” Deyirsən: "Sözlə ifadə edə bilmərəm". Yəni elə anlamlar, sənin hissiyyatının çatdığı elə nöqtələr var ki, onları anladacaq simvollar ya yoxdur, ya da sənin təxəyyül gücünün yetmədiyi bir nöqtədədir. Simvolların gücü hər şeyə çatmır axı. Hən anlamı rəmzlərə sığışdırmaq olmur.
...Biz Sovet uşaqlarıydıq: bizə əmr etmişdilər ki, Vətəni sevək, rəhbəri sevək... Antidemokratik ölkələrdə, adətən, belə bir əmr olur: "Məni sev!" Vəssəlam! Bu isə, bir qayda olaraq, ikinci əmrə qədər qüvvədədir.
Bu əmri verənlər də, alanlar da ondan həmişə zərər çəkir. Faciələr yaşanır. Avtokrat, totalitar, illah da, klerikal quruluşlarda çox zaman (ya da elə həmişə) insanların ruhuna hökm etmək üçün bədəninə zülm etmək "lazım gəlib". Tarix (elə yaşadığımız dövrün özü də!) belə eybəcər misallarla doludur. Ağlagəlməz işgəncə "industriyası" da bu tələbatdan yaranıb.
Qarabağda əsir götürülən bir əsgərə işgəncə ilə düşmən bayrağını öpdürmək istəmişdilər, o isə həmin əski parçasına tüpürmüşdü...
Məlum məsələdir ki, düşmən onu güllələdi. Ancaq o əsgər ona işgəncə verib "bayrağını" öpdürmək istəyəni özündən qabaq öldürmüşdü. Mənən. Düşmən əsgərimizin təkcə bədənini əsir ala bilibmiş demək, ruhunu deyil...
Yaxud...
Tiranlar, zalımlar elə biliblər ki, Nəsiminin dərisini soyanda onun ruhunu da söndürəcəklər; fiziki varlığına son qoyunca, mənəvi mirasını da yox edəcəklər. Ancaq, baxın, Nəsimini öldürənlər çoxdan ölüb, o isə yaşayır.
Sevgi, sadəcə və sadəcə, bədənə müncər ediləcək bir nəsnə deyil - o, ruhun olayıdır. Səni dinləyəndə əl çalan, bəlkə də elə, sadəcə, bədəndir, ruh isə haralarda dolaşır həmin anda... Allah bilir!
Özünə qarşı sevgi görmək istəyən onu bir şəkildə görəcək. Bəli, sadəcə, görəcək. Ancaq hiss edə biləcəkmi?!
İnsanlara öz sevgini də (əgər varsa) göstərməkdən çox hiss etdirəcəksən. Onlar səni aylarla, illərlə görməsələr də, olar, əgər sevgin varsa və hiss etdirə bilmisənsə, mütləq qarşılıq verəcəklər.
Vətəni də göstərmək azdır. Hiss etdirmək lazımdır. İnsan öz arxasında necə bir Vətən olduğunu hiss etdikcə, daha çox sevəcək.
İntuisiyam belə deyir...
Bu arada...
Həkimin də xəstəyə ilk sualı belə olur: "Özündə nə hiss edirsən?"
Bahəddin Həzi,
bizimyol.info saytının baş direktoru,
Xüsusi olaraq AYNA üçün