Azərbaycanlı gənc “Ginnesin rekordlar kitabı”na düşməyə çalışır - <font color=red> FOTOLAR</font>

Maraqlı

24.05.2020 - 22:15

Həkimlər Klinikalar SEO Xidməti

Həzrət Məmmədrzayev: “Bəzi şəhidlərimizin, məşhur sənətçilərimizin, dünya şöhrətli şəxslərin portretlərini hazırlamışam”

 

Bir çox gənclər istedadlarını nümayiş etdirmək üçün Azərbaycanda və xaricdə keçirilən yarışmalara qatılırlar. Həzrət Məmmədrzayev də həmin gənclərdən biridir. Müxtəlif kubik-rubikləri sürətli yığan Həzrət Məmmədrzayev artıq neçə illərdir, hər kəsi təəccübləndirməyi bacarır. O, AYNA-ya uğurlarından və gələcək planlarından danışıb.

 

- Bu istedadı özünüzdə necə kəşf etdiniz?

 

- Bunun maraqlı və uzun tarixçəsi var. İlk olaraq hər şey 1oktyabr 2013-cü ildə başladı və bu hekayə hələ də davam edir. İlk dəfə, məhz o gün kubik-rubik yığmağı öyrənmisdim. Öyrənməyimə səbəb isə ən sevimli oyuncağım olması idi. Bibim kubik-rubiki mənə hədiyyə etdi və uşaqlıqdan bu oyuncaq ən sevimli oyuncağım idi, hələ də elədir. Özümə söz vermişdim ki, nə vaxtsa telefonum və ya kompüterim olsa, mütləq kubik-rubik yığmağı öyrənəcəm. Öyrənməyimə ən böyük səbəblərdən biri də Türkiyədə keçirilən “Yetenek sizsiniz” yarışmasında kubik-rubik yığan birini görməyim idi. Mən də həmin yarışmaya qatılmaq istəyirdim. Qarşıma məqsəd qoydum və bir günə kubik-rubikin yığılmasını öyrəndim.

 

- Bir günə sürətli yığmağı öyrəndiniz?

 

- Xeyir. Bir günə sadəcə kubik-rubikləri düzgün yığmağı öyrəndim. Kubik-rubiklərə olan marağım, sevgim və inadkarlığım sayəsində onları daha sürətli yığmağa cəhd etdim. Nəticədə alındı. Kubik-rubikləri yığmaq üçün istedad lazım deyil. Dediyim kimi, həvəs, sevgi və inadkarlıq lazımdır. Bunların hər üçü olanda istənilən insan kubik-rubikləri asanlıqla yığa bilər.

 

- Deməli, kubik-rubik yığmaqla bir çox yarışlarda iştirak etmisiniz. Ən böyük uğurunuz hansı olub?

 

- Uğurum beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək olub. Getdiyim yarışlarda həmişə tamaşaçıları və münsifləri təəccübləndirə bilmişəm. Hətta, finala yüksəldiyim yarışlar da az olmayıb.

 

- Bu məşğuliyyət sizin həyatınıza nə kimi müsbət təsir göstərib?

 

- Kubik-rubiklər mənim həyatıma, sözün əsl mənasında ciddi təsir göstərib. Kubik-rubiklər mənim həyatımın bir hissəsidir. Hər dəfə kubik-rubiklərdən danışanda bildirirəm ki, onlar oyuncaq deyil, həyatımızın bir parçasıdır.

 

- Gələcəkdə hansı yeni ideyalarınız var?

 

- İdeyalarım çoxdur və onları qarşıma məqsəd qoyub irəli gedirəm. Hal-hazırda qarşıma qoyduğum məqsədlərdən biri - dünyada yeni yaranan incəsənət növü olan kubik-rubiklə mozaika formalı portretləri hazırlamaqdır. Mən artıq uzun müddətdir, bu sənət növü ilə məşğulam. Hətta, bir çox insanın portretini hazırlamışam. Bəzi şəhidlərimizin, məşhur sənətçilərimizin, dünya şöhrətli şəxslərin portretlərini hazırlamışam. Bir insanın portretini hazırlamaq üçün 500-2000 ədəd arası kubik-rubik lazım olur. Hədəfim kubik-rubik ilə mozaika hazırlayan dünyada məşhur biri olmaqdır. Bir hədəfim də “Ginnesin rekordlar kitabı”na düşməkdir. Bunun üçün 100 min kubik-rubiklə bir sənət əsəri hazırlamalıyam. Həmçinin, yaxın gələcəkdə kubik-rubiklər ilə hazırladığım əsərlərin sərgisini keçirmək istəyirəm. Hələlik dünyada heç kim belə sərgi keçirməyib.

 

- Bu günə kimi hazırladığın portretlərin ən bahalısı hansı olub?

 

- Nəzərə alaq ki, Azərbaycanda yaşayırıq. Maraq olsa da, tələbat yoxdur. Ona görə də hələlik işlərimin satışı ilə məşğul olmuram. Amma deyim ki, portretin böyüklüyünə görə qiymət dəyişir. 1000 manatdan qiymət başlayır. Xarici ölkələrdə bu cür portretlərə maraq kifayət qədər çoxdur. İnanıram ki, Azərbaycanda da yaxın gələcəkdə maraq artacaq.

Müəllif: Təranə Xudabaxşiyeva