“Almaniyada 1400 nəfərə yaxın azərbaycanlı həkim çalışır”

Maraqlı

14.02.2024 - 18:13

Həkimlər Klinikalar SEO Xidməti

Ramil İbrahimov: “2023-cü ildə sığınacaq üçün ilkin müraciətlərin sayı kəskin artıb”

“2023-cü ildə Almaniyaya üz tutan, burada sığınacaq axtaran əcnəbilərin əksəriyyəti yenə Suriya vətəndaşlarıdır. Bu proses son illərdə belə davam edib”.

Bu barədə AYNA-ya Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov məlumat verib. Ukraynadan gələn miqrantlara gəlincə, həmsöhbətimizin sözlərinə görə, hazırda (3 fevral 2024 tarixinə) Almaniyada bir milyondan çox, daha dəqiqi 1139689 nəfər ukraynalı müharibə qaçqını var ki, onların da 1100590 nəfəri Ukrayna vətəndaşıdır.

Qəzzada yaşanan müharibə də miqrant axınına səbəb olub. Amma İbrahimov fələstinlilərin Almaniyada sığınacaq axtarması ilə bağlı məlumat olmadığını deyib: “Məsələ belədir ki, Fələstin bir dövlət kimi tanınmır, bu ölkədə yaşayan fələstinlilərin sayını hesablamaq çətindir. Onların bir çoxu ya vətəndaşlığı olmayan sayılır, ya da əvvəllər qaçdıqları Livan, İordaniya və ya Misir kimi başqa ərəb ölkələrinin vətəndaşlığına malikdirlər”.

“Alman mətbuatında 2024-cü ilin yanvar ayında yayılan xəbərə görə, 2023-cü ildə sığınacaq üçün ilkin müraciətlərin sayı kəskin artıb. Ən çox da Suriya, Əfqanstan və Türkiyə vətəndaşları müraciət ediblər. Amma Ukrayna bu statistikaya daxil deyil. Sığınacaq axtaranlar arasında müxtəlif kateqoriyadan olan insanlar var. Amma bunların əksəriyyəti öz ixtisasına görə iş tapa bilmir. Bunun da başlıca səbəbi dil bilgisi ilə bağlıdır. Dil öyrənmək, yeni cəmiyyətə inteqrasiya olmaq müəyyən vaxt tələb edir. Amma yenə statistikaya baxanda əcnəbi işçilərin əsasən tikinti sahəsində olduğu görünür”, - deyə müsahibimiz bildirib.

Onun dediyinə görə, əmək miqrasiyası ilə gələnlər də var: “Onlar təbii ki, öz ixtisaslarına uyğun olan işlərdə çalışırlar. Yüksək ixtisas sahibləri arasında əsasən həkim və tibb işçilərinə təlabat böyükdür. 2021-ci ilin məlumatına görə, Almaniyadakı həkimlərin 14 faizini xaricdən gələnlər təşkil edir. Eyni məlumatda Azərbaycandan Almaniyaya işləmək üçün gələn həkimlərin sayının 1359 nəfər olduğu göstərilir. Yəqin, ötən illər ərzində də bu say artıb”.

Müəllif: İsmayıl Məmmədli