Şəkərli diabet cərrahi yolla aradan qaldırıla bilərmi – <font color=red> HƏKİM RƏYİ</font>

Maraqlı

10.09.2020 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

Könül İsmayılova: “Qeyri-cərrahi üsulla müalicə nəticə verməzsə, bu cür xəstələrə cərrahi əməliyyat təklif oluna bilər”

 

Sosial şəbəkələrdə çoxumuzun qarşısına “Şəkər xəstəliyini əməliyyatla müalicə etmək mümkündür”, “Şəkərli diabetdən birdəfəlik azad olun” və s. tipli reklam xarakterli paylaşımlar çıxır. Daha çox türkiyəli həkimlərin səhifələrində paylaşılan belə dəvətlər insanları tərəddüddə saxlayır.

 

Məsələn, Türkiyənin tanınmış metabolik cərrahı Alper Çelik şəkər xəstələrini sevindirəcək açıqlama vermişdi. O, 2-ci tip diabet xəstələrinə ''ileal interpozisiya əməliyyatı'' yolu ilə cərrahi müalicə tətbiq etdiklərini və bu yolla 400 xəstəni müalicə etdiklərini bildirmişdi.

 

Bu, doğrudanmı mümkündür? Bu əməliyyatdan sonra xəstəlikdən birdəfəlik azad olmaq olarmı? AYNA mövzunu Azərbaycan Tibb Universitetinin Tədris Tərapevtik Klinikasının endokrinoloqu Könül İsmayılova ilə müzakirə edib.

No description available.

Müsahibimizin sözlərinə görə, şəkərli diabetin cərrahi yolla müalicəsi məsələsi həm çox mübahisəli, həm də çox gündəmdə olan bir məsələdir: “Şəkərli diabetin cərrahi müalicəsi dedikdə, mədəaltı vəzin transplantasiyası, mədəaltı vəzin böyrəklərlə birgə transplantasiyası, langerhans adacıqlarının transplantasiyası, beta hüceyrələrinin transplantasiyası nəzərdə tutulur. Bu, həm də insulin əmələ gətirən beta hüceyrələrinin köçürülməsi deməkdir. Bunlar hamısı şəkərli diabetin cərrahi müalicəsinə aiddir. Amma başa düşdüyüm qədər bugünkü sualınız şəkərli diabetin digər aspektdə olan cərrahi müalicəsi, yəni mədəkiçildilməsi və yaxud da mədə ilə bağırsaq arasında amastamozun qoyulması kimi mexanizmlərə daha çox aiddir”.

 

“Şəkərli diabet xəstələrinin böyük əksəriyyəti (85-90%-i) “ikinci tip şəkərli diabet” adlandırdığımız qrupa aiddir. Bu insanlar arasında da artıq çəkisi olanlar həddindən artıq çoxdur. Şəkərli diabetin cərrahi yolla müalicəsi, artıq çəkinin cərrahi müalicəsindən sonra edilir. Öncə artıq çəkinin cərrahi üsulla müalicəsi tətbiq olunur və bu zaman da bəlli olur ki, onlarda metabolik proseslər yaxşılaşır və şəkər göstəriciləri də yaxşılaşa bilər. Bu məsələyə tarixi olaraq bu cür gəlib çıxılıb”, - həkim deyib.

 

İsmayılova bildirib ki, istənilən halda, artıq çəkisi olan adam, əgər çəkisinin beş faizini verərsə, onda artıq çəkinin yaratdığı fəsadlar iyirmi faizə qədər yaxşılaşa bilər: “Yəni o, iyirmi faiz əlavə xəstəliklərdən azad ola bilər. Çəki ilə əlaqədar mədəkiçiltmə əməliyyatına gəldikdə, deyim ki, “bədən kütlə indeksi” adlandırdığımız bir indeks var. Bədən kütlə indeksi 40-dan yuxarı olarsa, bu, hər hansı bir adam üçün mədəkiçiltmə əmliyyatına göstərişdir. Yəni, artıq çəkinin cərrahi əməliyyatına göstərişdir. Əgər bu adamın yanaşı digər bir xəstəliyi də olarsa, hansı ki, şəkərli diabet də bu xəstəliklərə aiddir, o zaman bədən kütlə indeksi 35-in üstündə olmalıdır. Otuz beşin üstündə olarsa, bu, artıq göstəriş ola bilər”.

Artıq çəki hansı gizli xəstəliklərə yol açır? - Pəhriz və qidalanma rejimi  barədə HƏR ŞEY

“Amma məsələ ondadır ki, bu adamların əlavə bir xəstəliyi varsa-yoxsa da, artıq çəkinin müalicəsi birbaşa cərrahi üsulla aparılmır. Bu, diabetli xəstələrə də aiddir. Əvvəlcə pasiyent endokrinoloqun, diyetoloqun, lazım gələrsə, psixoloqun və hətta psixiatrın iştirakı ilə altı ay müddətində çəkisini medikamentoz, qeyri-medikamentoz, bir sözlə, qeyri-cərrahi yolla aşağı salmağa çalışmalıdır. Burda nailiyyət əldə olunarsa, əla. Əgər heç bir nailiyyət əldə olunmazsa, bəli, bu cür xəstələrə cərrahi əməliyyat təklif oluna bilər”, - endokrinoloq vurğulayıb.

 

Müsahibimizin dediyinə görə, bəzən xəstələrə yalançı vədlər verirlər: “Onlar deyirlər ki, əməliyyatdan sonra heç bir pəhrizə ehtiyac olmayacaq, nə istəyiriksə, yeyə bilərik, əməliyyatdan sonra şəkərli diabet birdəfəlik yox olacaq, şəkərə nəzarət etməyə ehtiyac olmayacaq. Çox gözəl olardı ki, belə olsun. Təəssüflər olsun ki, praktikada yalnız bu cür nəticələri görmürük. Çünki bunlar yalançı vədlərdir. Praktikada yaxşı nəticələrlə yanaşı, heç bir nəticəsi olmayan əməliyyatlarla da rastlaşırıq”.

 

“Bəs, bu nəticələr nə ilə əlaqədardır?” sualını K.İsmayılova belə cavablandırıb: “Bu, xəstələrin düzgün seçilməməsi, xəstənin əməliyyata düzgün hazırlanmaması, özünün orqanizmində insulin əmələ gəlməyən xəstələrin əməliyyata götürülməsi və ya diabetin səbəbini araşdırmadan xəstələrin əməliyyata götürülməsi və diabetin müxtəlif səbəbləri ilə ələqadar ola bilər. O cümlədən, digər xəstəliklər də şəkərli diabetin meydana çıxmasına səbəb ola bilər. Bu cür xəstələrdə əməliyyat heç bir nəticə vermir”, - mütəxəssis əlavə edib.

Müəllif: Ülviyyə Şahin