Ekstrasenslər, falçılar və süni intellekt

Maraqlı

13.09.2023 - 13:12

Həkimlər Klinikalar SEO Xidməti

Bəyənmədiyimiz “gavurlar” yeni dünyadada da bizə hökmranlıq edəcəklər

Planetlərarası səyahət, Marsa uçmaq söhbətləri bitdi, indi də keçiblər süni intellektə. Dünənə qədər Marsa uçmaqdan qorxurdular, “Mən getmərəm, burda mənə daha yaxşıdır” söyləyərək,  “Dəli-zad deyiləm ki, köçüm başqa planetə” deyirdilər. Guya ki, onları Marsa aparan var idi.

İndi də süni intellektdən (Sİ) qorxmağa başlayıblar bizimkilər. Desən o nəmənədir, nəyindən qorxursan, gözlərini döyəcəklər…

Reallıq budur ki, heç dünyanın nəhəng texnoloji şirkətləri və onların qurucuları arasında da ortaq  bir fikir yoxdur. Məsələn, İlon Mask (SpaseX və Tesla) Sergey Brin və Larry Page (Google) ikilisi ilə Sİ-yə münasibətdə fərqli qütblərdədirlər. Ancaq onların “elmi-texnoloji didişməsi” mövhumata dayalı deyil, yeni digital dünyanın gələcəyinə yanaşma müxtəlifliyindən, fərqli baxışdan qaynaqlanır. Çünki…

Çünki onlarda tibb professoru xəstə qohumunu müalicə üçün ekstrasensə deyil, klinikaya göndərir…

***

“Google” İmperiyasının hindli CEO-su Sundar Pichai Sİ-nin həyatımızda görəcəyimiz ən böyük texnoloji irəliləyiş olduğunu deyir. Qələmə aldığı bir bloq yazısı “Google” şirkətinin 25 illik yubileyi ərəfəsində yayımlanıb. Sentyabr ayında internet tarixində ən böyük inqilabı etmiş bu “imperiyanın” yubileyi qeyd ediləcək. Tam da bu əlamətdar günlərdə Sİ ətrafında mübahisələr artmağa başlayıb. 2015-ci ildən “Google”a rəhbərlik edən Sundar Pichai hesab edir ki, Sİ daha böyük inkişafa təkan verib, həyatımızda daha önəmli rol oynayacaqdır:

“Süni intellekt həyatımızda gördüyümüz ən böyük texnoloji dəyişiklik olacaq. İnternetin özündən də böyük ola bilər”.

Larry Page və Sergey Brin informasiyanın dünyada hər kəs üçün əlçatan olması üçün çalışmağa başladıqları gündən bəri “Google” internetin fəaliyyətində mərkəzi rol oynamışdır. Bununla belə, keçən il OpenAI ilə “ChatGPT”nin istifadəyə verilməsindən sonra generativ Sİ-nin yüksəlişi ilə “Google” daxil bütün İnternet şirkətləri həyəcan təbili çalmağa başladılar. Çünki artıq texnoloji informasiya axtarmaq üçün yeni köklü üsullar təklif etməyə başladılar. Və bu yeni duruma uyğunlaşmaq lazım idi.

“Google” 2014-cü ildə mərkəzi Londonda yerləşən “DeepMind” adlı Sİ şirkətini 500 milyon dollara satın almışdı. Lakin internet istifadəçilərinin suallarını cavablandıran “chat-bot”un yaratdığı təhlükə “Google”u çətin vəziyyətə saldı. Bu, ona təhlükə sayılacaq qədər ciddi təhdid idi.

“Google” generativ Sİ-dən o qədər qorxur ki, Pichai “Keçən il “ChatGPT” işə salındıqdan sonra şirkət "qırmızı kod" elan etdi” deyir və əlavə edir: “Brin bu il sırf Sİ layihələri üzərində işləmək üçün şirkətin ofislərinə daha tez-tez baş çəkir”.

Pichai bloq yazısında belə deyir: “Sİ mövcud texnologiyaları əsaslı şəkildə yenidən proqramlaşdıracaq və insan təxəyyülünün inanılmaz sürətlənməsinə səbəb olacaqdır".

“Google” 3-4 ay sonra – 2024-ün fevral ayında “Bard” adlı öz Sİ-ni təqdim edəcək. “Bard” gecə-gündüz demədən “OpenAI”nin “ChatGPT”si ilə rəqabət aparacaq “Gemini” adlı Sİ modelini buraxmağa hazırlaşır.

Sundar Pichainin “Növbəti 10 ildə və ondan sonrakı dövrdə görəcəyimiz ən vacib iş Süni İntellekti hər kəs üçün daha faydalı etməkdir” desə də əsil məqsəd hakimiyyət məsələsidir. Çünki dünyaya orduları güçlü olan ölkələr deyil, texnolojisi güçlü olanlar hakim olacaqlar.

Biz ekstarsens və falcılara pul tökərkən bəyənmədiyimiz “gavurlar” yeni dünyadada da bizə hökmranlıq edəcəklər.

P.S. Bu yazını Yeni tədris ilinin başlaması münasibətilə yazdım.

Müəllif: İbrahim Nəbioğlu