Aleksey Panin: “Bu rejimi dəstəkləməməyimə baxmayaraq, mən hələ də rusam”
Rusiyalı tanınmış kino və teatr aktyoru Aleksey Panin Ukraynaya qarşı işğalçı müharibə aparan ölkəsinin hakimiyyətini qınayıb. AYNA xəbər verir ki, aktyor Kiyevə PUA-larla hücumundan və 4 nəfərin ölməsindən üzüldüyünü deyib.
Panin videomüraciətini “Telegram” kanalında yayımlayıb.
"Putin yenidən Kiyevi vurdu, günahsız insanlar öldü. Doğulub boya-başa çatdığınız ölkənin bütün dünyada "təcavüzkar" sözü ilə əlaqələndirildiyini başa düşmək çox ağrılıdır. Qan, ölüm, terror...", - Panin emosional şəkildə qeyd edib.
Aktyor həmçinin əlavə edib ki, bütün ukraynalılardan üzr istəyir: “Qətllərdə əli olan həmvətənlərimə görə ukraynalılar qarşısında məsuliyyət hiss edirəm. Bu rejimi dəstəkləməməyimə baxmayaraq, mən hələ də rusam. Qoyun sürüsü kimi bütün bu vəhşiliklərə dəstək verən həmvətənlərim qarşısında özümü məsuliyyətli hiss edirəm", - deyə məşhur sənətçi fikrini yekunlaşdırıb.
Xatırladaq ki, bundan əvvəl A.Panin Ukraynaya dəstəyi səbəbindən təhdidlərə məruz qalmasından şikayətlənmişdi.