Rusiya Putin və Bayden arasında yeni təmasın şərtini açıqladı

Dünya

20.01.2022 - 14:52

Peskov: "Təhlükəsizliklə bağlı ABŞ-dan cavab aldıqdan sonra yeni təmas mümkündür"

"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında yeni təmas Amerika tərəfindən təhlükəsizlik zəmanətləri ilə bağlı cavab aldıqdan sonra məqbuldur". AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Rusiya və ABŞ liderləri arasında ünsiyyətin mümkünlüyü barədə danışarkən deyib. 

Peskov deyib ki, Kremldə istənilən halda bu cür ünsiyyət yalnız müsbət qarşılanacaq. Onun fikrincə, yeni təmas iki ölkə üçün faydalı olacaq: “Bizim təhlükəsizlik zəmanətləri ilə bağlı təklifimizə cavab veriləndən sonra dövlət başçıları bir-biri ilə əlaqə saxlamağı və müzakirə etməyi məqsədəuyğun hesab edəcəklər”.

Kreml sözçüsü vurğulayıb ki, növbəti təmasların nə vaxt keçiriləcəyinə Rusiya və ABŞ prezidentləri özləri qərar verəcəklər: "Mümkün təmas dövlətlərin diplomatik nümayəndələrinin görüşü ilə əlaqələndirilməməlidir".

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti rusiyalı həmkarı ilə yeni ünsiyyətə hazır olduğunu açıqlamışdı.

Xatırladaq ki, 2021-ci il dekabrın 30-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. 50 dəqiqə davam edən söhbət zamanı Amerika lideri rusiyalı həmkarına Ukraynaya müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq edib. Bayden bunun Rusiyaya qarşı yeni sanksiyalara və ABŞ-ın Avropadakı hərbi varlığının artmasına səbəb ola biləcəyinə işarə edib.

Müəllif: Ayna.az