Rusiya neftinə embarqo və qiymət limiti: iqtisadi cəzanın növbəti mərhələsindən gözləntilər

Dünya

07.12.2022 - 22:16

Avropa İttifaqının Rusiya neftinin alınmasına tətbiq etdiyi sanksiya Ukraynada müharibənin gedişatını necə dəyişə bilər?

Dekabrın 5-dən Avropa İttifaqının Rusiya neftinə qarşı çoxdan gözlənilən sanksiyaları qüvvəyə minib. Artıq Rusiya nefti əsas bazardan - Avropa bazarından məhrum olur. Avropa İttifaqı nefti Rusiyadan almaqdan imtina edir. Üstəlik, Rusiya neftinin üçüncü ölkələr vasitəsilə satışı üçün qiymət həddi də müəyyənləşib. Rusiya neftinin 60 dollardan baha alınmaması sanksiyalara daxildir. Bu addımın nəticələri necə olacaq, Ukraynada Rusiyanın işğalçı müharibəsinin gedişinə hansı təsirləri göstərəcək? Mövzunu UNİAN araşdırıb. AYNA araşdırmanı istinadla təqdim edir:

Rusiyadan gələn və ya Rusiyadan ixrac edilən neft və neft məhsullarının limit qiyməti 60 dollar/barel səviyyəsində müəyyən edilib. Buna hər iki aydan bir yenidən baxılacaq və Rusiya nefti və neft məhsullarının orta bazar qiymətindən beş faiz aşağı səviyyədə müəyyən ediləcək.

Kremlin səlahiyyətliləri artıq bəyan ediblər ki, buna tabe olmayacaqlar və qiymət məhdudiyyətləri qüvvədə olarsa, bütün tədarükləri tamamilə kəsəcəklər. Əgər bu, həqiqətən də baş verərsə, rusların öz ayağına güllə sıxması anlamında növbəti “xoş niyyət” jesti olacaq. Üstəlik, 2023-cü il fevralın 5-dən Rusiya neft məhsullarının dənizlə daşınmasına qadağa qüvvəyə minəcək.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropa İttifaqı ölkələri Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır. Müharibədən əvvəl Rusiyadan, Çindən, Hindistandan və digər ölkələrdən istehlak edilən bütün neft həcminin yarısı onların payına düşürdü.

Bu o deməkdir ki, artıq bu qış Aİ, Böyük Britaniya və ABŞ Rusiya yanacağının nəqlini dayandıraraq, “benzin ölkəsi”nin neft ixracının əhəmiyyətli hissəsini bloklayacaq. Beləliklə, aqressiv Rusiya neft gəlirlərindən məhrum olacaq və özünü daha çox Asiya ölkələrinə yönləndirmək məcburiyyətində qalacaq. Burada isə öz enerji resurslarını yalnız ciddi endirimlə təklif etməsi mümkündür.

Hamımız üçün Avropanın Rusiyanın energetika sektoruna zərbə endirməsi onuncu aydır Ukraynaya qarşı qanlı və dağıdıcı aqressiya aparan ölkənin xeyli az pul alması demək olacaq ki, bu da dəhşətli müharibənin daha tez bitməsi deməkdir.

Razumkov Mərkəzinin enerji proqramları üzrə direktoru Volodimir Omelçenko deyir ki, Rusiyaya qarşı neft embarqosu qüvvəyə mindikdən sonra onun neftini dünya bazarlarında hətta qaranlıq sxemlərlə satmaq daha çətin olacaq. Bundan əlavə, tələbatın azalması səbəbindən “benzin ölkəsi” neft yataqlarının demək olar ki, dörddə birini həmişəlik bağlaya bilər: "Rusiyada 180 min neft quyusu var. Təkcə sanksiya səbəbindən 40 minə yaxın quyu möhürlənməli olacaq. Bu o deməkdir ki, onlar həmişəlik sıradan çıxa bilər. Bu, Rusiya sənayesinə böyük zərbədir".

“Beynəlxalq Enerji Agentliyi gələn ilin birinci rübünün sonuna qədər Rusiya xam neft hasilatının təxminən iyirmi faiz və ya gündə iki milyon barel azalacağını gözləyir. Bundan əlavə, 2023-cü ilin fevralında qüvvəyə minəcək neft məhsullarına embarqo nəticəsində Rusiya büdcəsi hər il təxminən 70-80 milyard dollar və ya gəlir hissəsinin təxminən üçdə birini itirəcək. Əlbəttə, bu, Rusiya iqtisadiyyatına çox ciddi təsir edəcək”, - Omelçenko hesab edir.

Kiyev İqtisadiyyat Məktəbinin iqtisadi və siyasi araşdırmalar üzrə vitse-prezidenti Nataliya Şapoval bildirib ki, sanksiyaları nəzərə alsaq, bu il Rusiya öz enerji resurslarının satışından təxminən 356 milyard dollar qazanacaq: “Rusiyaya qarşı sanksiyalar olmasaydı və şirkətlər özləri də onunla işləməkdən imtina etməsəydilər, Rusiya Federasiyası üç-dörd dəfə çox qazana bilərdi”.

Buna baxmayaraq, əksər ekspertlər tətbiq edilən embarqonu kifayət qədər sərt hesab edir.

İqtisad elmləri namizədi, ekspert Oleksandr Xmelevski bildirib ki, Aİ-nin dekabrın 5-də Rusiyadan neft idxalına tətbiq etdiyi qadağa bir sıra istisnaları ehtiva edir: “Beləliklə, Rusiya nefti “Dostluq” neft kəməri ilə 2024-cü ilin sonuna qədər Çexiya, Slovakiya və Macarıstana tədarük ediləcək ki, bu da Rusiyanın Aİ-yə bütün ixracının təxminən 11 faizini təşkil edir. Bundan əlavə, Aİ Xorvatiyaya 2023-cü ilin sonuna qədər, Bolqarıstana isə 2024-cü ilə qədər Rusiya neftini idxal etməyə icazə verib”.

"Bolqarıstanın Burqas şəhəri yaxınlığında Rusiyanın "Lukoil" şirkətinə məxsus neft emalı zavodu var. Yəni Rusiya nefti bu zavoda verilir, emal olunur, neft məhsulları Aİ ölkələrində satılır", - iqtisadçı əlavə edib.

Kiyev İqtisadiyyat Məktəbinin iqtisadi və siyasi araşdırmalar üzrə vitse-prezidenti Natalia Şapoval məsələni belə izah edir ki, dekabrın 5-dən qüvvəyə minən Rusiya neftinin satışına qoyulan məhdudiyyət belə işləyəcək: Çin, Hindistan, Türkiyə və neft məhsullarına embarqo qoymayan digər ölkələr Qərbin təqdim etdiyi xidmətlərdən istifadə edə bilər - bunlar neft daşıyan tankerlər, sığorta və maliyyə xidmətləri, yalnız müəyyən edilmiş qiymət həddi nəzərə alınmaqla satın alındıqda.

"Qərbdən gələn bu cür xidmətlər bazarın 60-90 faizini təşkil edir, ona görə də bu, çox ciddi motivasiyadır", - iqtisadçı hesab edir.

Şapovalın sözlərinə görə, qiymət həddi bütün il ərzində işləsə, 2023-cü ildə Rusiyanın öz enerji resurslarının satışından əldə etdiyi gəlir təxminən 166 milyard dollar təşkil edəcək.

Bir tərəfdən, bu cür tədbirlər hələ də kifayət qədər ehtiyatlı olan Qərb ölkələrinin rus təcavüzkarlarını sülhə məcbur etməkdə əhəmiyyətli irəliləyişlərə sübutdur. Lakin digər tərəfdən, bu, Vladimir Putinin cinayətkar “ölüm maşını”nı tez dayandırmaq üçün kifayət etmir.

"Rusiya neftinin qiymətlərinə bu cür limit qoyulmasını ciddi qərar adlandıra bilməzsiniz. Çünki bu da terrorçu dövlətin büdcəsi üçün kifayət qədər əlverişlidir. Rusiya enerji bazarında qəsdən sabitliyi pozmaqla artıq bütün dünya ölkələrinə böyük itkilər verdirib. Və dünya onu enerji baxımından həqiqətən tərksilah etməyə cəsarət edə bilməz. Bu, zəif mövqedir", - Ukrayna Prezidenti Volodimir Zelenski vəziyyətlə bağlı danışarkən deyib.

Ukrayna Rusiya nefti və neft məhsullarının qiymətinin iki dəfə artırılmasında israr edəcək. Rusiyaya qarşı sanksiyalar üzrə beynəlxalq işçi qrupun araşdırması göstərdi ki, marjinal qiymətin bir barel üçün 30-35 ABŞ dolları ilə məhdudlaşdırılması dərhal Rusiya Federasiyasına ciddi maliyyə təzyiqi yaradacaq. Bu, qanlı Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəliri yüz milyard dollar azaldacaq.

İqtisadçı Şapoval izah edir ki, qiymət həddi faktiki olaraq,  ehtiyatla təyin olunub: “Çünki Avropa və ABŞ ilk olaraq bu qadağa mexanizminin necə işləyəcəyini yoxlamaq istəyirlər. Əvvəllər belə rıçaqlar dünyada heç vaxt istifadə olunmurdu. İndi isə “qara bazar”ın necə işləyəcəyini görməyə dəyər. Hər kəs görmək istəyir ki, Çin, Hindistan, Rusiya və başqaları bu şərtləri irəli sürəcəklərmi, bu şərtlər altında neft satacaqlarmı və bazar buna necə uyğunlaşacaq. Müəyyən bir müddətdən sonra müəyyən edilmiş limit nəzərdən keçiriləcək. Asiya ölkələri üçün belə bir sxem də sərfəlidir, çünki bu, əslində Rusiya neftini xeyli ucuza almaq imkanı deməkdir. Ancaq bu, yalnız bazar dəyərinin özü limitə düşmədiyi təqdirdə işləyəcək”.

Avropa ölkələrinin Rusiya neftinə qiymət məhdudiyyətlərinin parametrləri ilə bağlı ehtiyatlılığı uzun illər Rusiya resurslarından çox asılı olan bazarda müvəqqəti yanacaq çatışmazlığı qorxusu ilə izah oluna bilər.

Ekspert Oleksandr Xmelevski deyib ki, əslində neft tədarükünün qlobal istiqamətləndirilməsi var: “ABŞ, Nigeriya, Anqola və başqaları kimi ölkələr Avropaya neft tədarükünü artırıblar. Yaxın Şərq və Afrikadan olan tədarükçülər də bu bazara neft tədarükünü artırır və Asiyaya azaldır, Rusiya isə əksinə, Asiya bazarında öz mövqelərini tutmağa çalışır. Avropada neftin qiymətində ciddi artım gözlənilmir. Bununla belə, dizel yanacağının müəyyən qıtlığı ola bilər. Çünki Rusiyanın Avropa dizel bazarında payı 50 faiz səviyyəsində qalır".

“Lakin çox güman ki, Avropa yeni reallıqlara kifayət qədər tez uyğunlaşa biləcək və müvəqqəti çətinliklərin öhdəsindən gələcək. Ukrayna üçün Avropada sabit yanacaq bazarı son dərəcə vacibdir, çünki hazırda ölkəmizi benzin və dizellə təmin edən əsas mənbədir”, - iqtisadçı qeyd edib.

Xmelevski əmindir ki, Ukraynaya neft məhsullarının tədarükündə ciddi fasilələr gözlənilmir: “Ukraynada neft məhsullarının qiymətinin artması əsasən qrivnanın gələcək devalvasiyası ilə müəyyənləşəcək. Benzinin qiymətinin mülayim artması - litr üçün iki-üç qrivna - həm də ukraynalıların mərkəzləşdirilmiş enerji təchizatının kəsilməsindən sağ çıxmağa kömək edən elektrik generatorlarına ciddi tələbatı ilə bağlıdır. Bir müddət sonra Avropa İttifaqı Rusiya Federasiyasının ölkəmizə qarşı hərbi təcavüzünü və milyonlarla insanın iztirablarını dayandırmaq arzusunda olarsa, Rusiya neftinin qiymət limitini əhəmiyyətli dərəcədə aşağı salmağa məcbur olacaq. Aydındır ki, Rusiyanın ucuz enerji resurslarından onilliklər boyu əhəmiyyətli süni asılılıqdan sonra bunu tez bir zamanda etmək çətindir, lakin demokratik dünyanın siyasi iradəsi və iqtisadi təcrübələri düzgün istiqamətdə irəliləyir. Heyif ki, hər gün kimsə tərəddüd edib pul sayarkən biz ən yaxşı adamlarımızın həyatını itiririk”.

Müəllif: Turan Abdulla