Medvedev keçirilməsi nəzərdə tutulan qondarma referendumun nəticələrindən danışıb
“Donbassda keçiriləcək referendumun nəticələri dönməz olacaq. Heç kim bu qərarları geri qaytara bilməyəcək”. AYNA xəbər verir ki, bu sözləri Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.
Medvedev bildirib ki, Qərbdə və Kiyevdə “referendumlar”ın keçirilməsindən qorxurlar: “Çünki dövlətimizin Konstitusiyasına edilən dəyişikliklərdən sonra Rusiyanın heç bir gələcək liderinin, heç bir məmurun bu qərarları ləğv edə bilməyəcəyi göstərilib”.
“Təkcə Donetsk və Luqansk xalq respublikalarının (qondarma dövlətlər) sakinlərinin sistemli müdafiəsi üçün deyil, həm də tarixi ədalətin bərpası üçün referendumların keçirilməsi zəruridir”, - deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, sentyabrın 19-da separatçı “Donetsk Xalq Respublikası”nın “rəhbəri” Denis Puşilin Rusiyaya daxil olmaları ilə bağlı dərhal “referendum” keçirilməsi xahişi ilə müraciət edib.
Həmin gün oxşar müraciətlə “Luqansk Xalq Respublikasının” “rəhbəri” Leonid Paseçnik də müraciət edib.