Müharibənin iki ili ərzində Rusiyaya ən azı 336 milyon dollar dəyərində belə mikrosxemlər gətirilib
Rusiya, başqa məhsullarla yanaşı, hərbi və kəşfiyyat ehtiyacları üçün istifadə edilə bilən Amerika mikrosxemlərini almağa davam edir. AYNA xəbər verir ki, bu barədə avqustun 20-də “The Insider” tərəfindən dərc edilən araşdırmanın müəlliflərinin gəldiyi nəticədə qeyd olunub.
Jurnalistlər iddia edirlər ki, Rusiya Federasiyası “raketlərin və dronların naviqasiyası, internetdə məzmunun filtrasiyası və sifətin tanınması üçün əvəzolunmaz olan unikal mikrosxemlər” almağa davam edir. Bunlar əsasən Amerika şirkətləri “Intel” və AMD tərəfindən istehsal olunan FPGA (proqramlaşdırıla bilən məntiq inteqral sxemi) yarımkeçirici cihazlardır.
Onların müvafiq lisenziya olmadan Rusiyaya ixracı hələ 2020-ci ildə qadağan edilib və 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Rusiya Federasiyasına hər hansı mikrosxemlərin tədarükünə embarqo tətbiq olunub. Qanuna görə, onların istehsal şirkətləri son istehlakçılarının kim olduğunu yoxlamalıdır. Lakin bu tələb çox vaxt göz ardı edilir.
FPGA cihazları Rusiyada istehsal olunmur, ona görə də onları xaricdən almaq məcburiyyətində qalır. Bu halda tədarüklər hərbi sənaye kompleksi ilə əlaqəli istehsalçılar tərəfindən deyil, adi paylayıcı şirkətlər tərəfindən həyata keçirilir. Ümumilikdə, “The Insider”in məlumatına görə, müharibənin iki ili ərzində Rusiyaya ən azı 336 milyon dollar dəyərində belə mikrosxemlər gətirilib.