Siyasi partiyalar seçkilərin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər
Rumıniyanın hakim koalisiyasına daxil olan partiyaların liderləri prezident seçkilərinin təkrar birinci turunun keçirilməsi tarixi barədə razılığa gəliblər. Seçkilər mayın 4-də baş tutacaq. AYNA xəbər verir ki, bu barədə “Digi24” məlumat yayıb.
Məlumata görə, Rumıniya hökumət koalisiyasının iclasında siyasi partiyalar prezident seçkilərinin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər.
Onlar izah ediblər ki, bu tarixlər bəzi rayonlarda təkrar seçkilərin eyni vaxtda keçirilməsi və səsvermənin yazda milli bayramlarla üst-üstə düşməməsi zərurəti ilə bağlıdır.
Rumıniyada prezident seçkilərinin rəsmi tarixləri gələn həftə hökumətin iclasında təsdiqlənəcək.
Xatırladaq ki, noyabrın 24-də Rumıniyada prezident seçkilərinin birinci turu keçirilib. Rəsmi nəticələrə əsasən, birinci yerə Kalin Georgesku, ikinci yerə isə Yelena Laskoni layiq görülüb.
Lakin dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsi seçkilərin birinci turunun nəticələrini ləğv edib. Bu, məhkəmənin Georgeskunun kampaniyasının Rumıniyadan kənarda təşkil edilmiş manipulyasiyanın nəticəsi olduğunu göstərən məxfi sənədlərin daxil olduğu sorğuları araşdırdıqdan sonra baş verib.