Qızılcaya yoluxma azalır – RƏSMİ

Cəmiyyət

22.12.2023 - 15:46

“Əks-epidemik tədbirlər yüksək səviyyədə həyata keçirilir”

“Qızılcaya yoluxma halları azalmağa doğru gedir. Çünki əks-epidemik tədbirlər yüksək səviyyədə həyata keçirilir”. AYNA xəbər verir ki, bu sözləri “Azertac”a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

"Xəstələrin vaxtında aşkarlanması, aşkarlanan xəstələr haqqında məlumatların vaxtında ərazi Gigiyena və Epidemiologiya mərkəzlərinə verilməsi, xəstələrin ev şəraitində izolyasiya olunması, bir qədər ağır xəstələrin hospitalizasiya olunması, təmaslar üzərində tibbi müşahidənin aparılması, onlar arasında yoluxanların aşkarlanması və əhalinin peyvəndə müraciətlərində artımın olması nəticəsində ölkədə epidemioloji durum stabildir".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov is jurnalistlərə açıqlamasında deyib ki, son vaxtlarda qızılcaya yoluxma hallarının sayında artım var. O xatırladıb ki, Azərbaycan 2015-ci ildə qızılcanın endemik region olmadığı haqqında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi sənədə malikdir: “Yəni, Azərbaycanda qızılcaya yoluxma halı başqa ölkədən gətirilmə ilə mümkündür. 2023-cü ilin aprel ayında Azərbaycanda yoluxma halları müşahidə olunmağa başladı. Lakin əhalinin ya xəstəliyi keçirmə, ya da peyvənd olunmaqla qazanılmış immuniteti varsa, bu zaman infeksiya başqa ölkədən gətirilsə belə, yoluxma olmamalıdır. Hazırkı yoluxma hallarının sayının artması isə onu göstərir ki, pandemiya dövründə və öndən əvvəlki dönəmdə peyvənddən əsassız yayınma halları olub”.

T.Eyvazov bildirib ki, peyvənd təqviminə uyğun olaraq, uşaqlar peyvənd olunarlarsa, yoluxma halları baş vermir: “Bu gün baş verən hallar müşahidə edilərkən görürük ki, onların böyük əksəriyyəti ya peyvənd almayanlardır, ya da bir dəfə peyvənd olunan şəxslərdirlər”.

Eyvazov qeyd edib ki, qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir: “Əhaliyə çağırış edərək demək istəyirəm ki, uşaqların sağlamlığını istəyirlərsə, onlar qızılcaya qarşı vaksin almayıblarsa, peyvənd etdirsinlər. Bununla bağlı Səhiyyə Nazirliyi xüsusi təlimat buraxıb. Peyvənd işini aparan mütəxəssislərimiz də kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bu istiqamətdə iş normal təşkil olunsa, düzgün aparılsa və həssas insanları əhatə etsə, biz yoluxma hallarının kəskin azaldığını müşahidə edəcəyik”.

Müəllif: Ayna.az