Qərəzli qətnamə və... – Milli Məclisdəı Avropa Parlamenti “topa tutuldu”

Aktual

19.12.2025 - 14:39

“Zəng zamanı aydın oldu ki, onlar artıq əvvəlcədən hazırlanmış və qəbul olunacağı bəlli olan qətnaməni təqdim etmək niyyətindədirlər”

Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə tənqid edilib. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Milli Məclis bu barədə bəyanat yayacaq. S.Qafarova qeyd edib ki, Azərbaycana qarşı yönəlmiş qərəzli gündəmlər və əsassız ittihamlar üzərində qurulan daha bir ədalətsiz qətnamə qəbul olunub.

"Qeyd etmək lazımdır ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanla bağlı obyektivlikdən uzaq, beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan yanlış və qeyri-konstruktiv yanaşma praktikasını davam etdirilmişdi. Bu qətnamə, Avropa Parlamentinin dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama prinsiplərinə açıq şəkildə etinasız münasibətini ortaya qoyur. Sənəddə yer alan “siyasi məhbuslar”, “siyasi təqiblər”, “akademik azadlıqların pozulması” və “mədəni hüquqların məhdudlaşdırılması” kimi ifadələr əsassız və qərəzlidir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik”, - spiker vurğulayıb.

Spiker: “Bu cür ucuz və qərəzli yanaşmalar konstruktiv dialoqa ciddi zərbə vurur”

Onun sözlərinə görə, mövcud reallıqların nəzərə alınmadığı birtərəfli qərarların “təhsil” və ya “hüquq müdafiəsi” adı altında qəbul olunması, nə demokratik inkişafın təbliğinə, nə də insan hüquqlarının qorunmasına xidmət edir: “Bu cür ucuz və qərəzli yanaşmalar, bərabər hüquqlu tərəfdaşlığa və konstruktiv dialoqa ciddi zərbə vurur. Azərbaycan, insan hüquqları sahəsində beynəlxalq təşəbbüslərin fəal iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir. Bununla belə, ölkəmizlə münasibətləri əsassız və birtərəfli tələblərlə şərtləndirmək cəhdlərini qəbul edə bilmərik. Dövlətimiz beynəlxalq qurumlarla qarşılıqlı hörmət, bərabərlik və ikili standartlara yol verilməməsi prinsipi əsasında əməkdaşlığa açıqdır. Lakin heç bir qurumun Azərbaycanla təzyiq dili ilə danışmaq hüququ yoxdur", - deyə spiker qeyd edib.

Deputat: “Azərbaycanda heç kim öz peşə fəaliyyətinə və ya siyasi baxışına görə təqib edilmir”

"Biz növbəti dəfə Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə qarşı yönəlmiş, heç bir hüquqi əsası olmayan qərəzli və siyasiləşmiş addımının şahidi olduq. Dünən həmin qurumda Azərbaycanla bağlı dinləmələr təşkil olundu, qətnamə qəbul edildi, əgər o kağız parçasına qətnamə demək olarsa”. Bu sözləri deputat Kamran Bayramov səsləndirib.

Onun sözlərinə görə, Avropa Parlamenti illərdir ki, Azərbaycanı hədəf seçərək, “demokratiya”, “insan hüquqları” və “qanun aliliyi” pərdəsi altında ölkəmizə təzyiq etməyə çalışır: “Lakin biz yaxşı bilirik ki, bu qətnamənin arxasında duran əsl səbəb anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə, regionda artan nüfuzuna və təşviq etdiyi sülh gündəliyinə qarşı apardığı çirkin kampaniyadır. Bu Qətnamədə yer almış iddialar tamamilə uydurma və yalan məlumatlara əsaslanır. Azərbaycanda qanun aliliyi tam təmin olunub və heç kim öz peşə fəaliyyətinə və ya siyasi baxışına görə təqib edilmir. Cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını “repressiya” kimi qələmə vermək, beynəlxalq hüquqa və müstəqil məhkəmə sistemimizə hörmətsizlikdən başqa bir şey deyil. Burada söhbət təkcə Avropa Parlamentinin fəaliyyətindən getmir, özünü dünyaya “demokratiyanın mayakı” və “insan haqlarının qalası” kimi təqdim edən bu qurumun daxili çürüməsindən, mənəvi iflasından gedir. İllərdir ki, bizə “Avropa dəyərləri”ndən mühazirə oxuyanlar, başqa dövlətlərə şəffaflıq dərsi keçənlər, əslində pərdə arxasında nə ilə məşğuldurlar? Cavab sadə və aydındır: Siyasi alver və rüşvətxorluqla!”.

“Son dövrlərdə Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalları göstərdi ki, bu ikili standartlar maşınının vitse-prezidentləri belə, çantalar dolusu nağd pulla ələ alınır. Bu, sadəcə bir neçə nəfərin xətası deyil. Bu, sistemin özünün rüşvətə nə qədər açıq olduğunun sübutudur. Artıq siyasi birja adını qazanmış Avropa Parlamenti korrupsiya bataqlığında boğulduğu halda, hələ də digər ölkələrə barmaq silkələməyə cürət edir. Öz daxilindəki lobbiçilik fəaliyyətini idarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən bir qurumun başqalarını ittiham etməsi ən böyük riyakarlıqdır. Onlar üçün korrupsiya, yalnız öz maraqlarına xidmət etməyəndə “problem” olur. Amma öz ciblərinə axan milyonlara gəldikdə, buna “diplomatiya” və ya “əməkdaşlıq” adı qoyurlar. Bu isə o deməkdir ki, Avropa Parlamentinin mənəvi nüfuzu sıfırdan da aşağıdır. Ona görə də, Avropanın siyasi alver, süni fəaliyyət və saxta qətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə, nəyisə diqtə etməyə haqqı belə yoxdur", - millət vəkili əlavə edib.

““Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədində yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir”

Millət vəkili Rizvan Nəbiyev çıxışında vurğulayıb ki, islamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində dünən keçirilən dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir: “Ermənistanın 30 illik işğalına son qoymaqla Azərbaycan regionda yeni siyasi reallıq yaradıb. Bu reallıq beynəlxalq hüquqa əsaslanır və yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş region üçün yeni əməkdaşlıq imkanları açır. Təəssüf ki, Avropa İttifaqı malik olduğu resurslarla yeni əməkdaşlıqda yer almaq, sülh gündəliyini dəstəkləmək əvəzinə, keçmiş münaqişə dövrünün narrativlərini modifikasiya edərək Ermənistana səhv istiqamətlərdə dəstək göstərir. “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədində yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir. Ermənistanın hərbləşdirilməsi məqsədi ilə “Avropa Sülhü Fondu” adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir. Brüssel Ermənistanda insan haqlarının pozulmasına açıq şəkildə göz yumur. Cari il ərzində din xadimlərinin, siyasətçilərin həbsi ilə bağlı nə bir bəyanat verilib, nə də hər hansı dinləmə təşkil olunub. Əksinə, Ermənistan hökumətinə davamlı və məhdudiyyətsiz siyasi dəstək ifadə edilir”.

“Daha bir narahatedici hal ondan ibarətdir ki, Ermənistanın və onun işğal dövründə Azərbaycanın ərazilərində yaratdığı marionet rejimin törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə hazırda Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərə Avropa İttifaqı dəstək nümayiş etdirir. Bu şəxslərin azad olunmasının prioritet elan edilməsi insan hüquqlarının siyasi məqsədlər üçün alətə çevrilməsi demək deyilmi?”, - sual edib

Vitse-spiker: “Avropa Parlamentini Azərbaycanın daxili işinə qarışır”

Deputat bildirib ki, Avropa İttifaqının Rusiya–Ukrayna münaqişəsinin həllində israrla müdafiə etdiyi beynəlxalq hüquq prinsiplərinə Ermənistan–Azərbaycan normallaşma prosesində fərqli və qərəzli yanaşmasını görürük: “Yoxsa Paris və Brüssel Vaşinqtonun da dəstəklədiyi sülh prosesinə qarşı alternativ gündəm hazırlayır? Unutmayaq ki, təkcə Cənubi Qafqazda deyil, Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə ticarət münasibətlərində də Azərbaycanın malik olduğu geosiyasi mövqe, resurslar və yaratdığı infrastruktur həlledici əhəmiyyət daşıyır. Biz isə Avropa İttifaqı-Ermənistan “Strateji gündəlik” sənədində Zəngəzur dəhlizinə/TRİPP marşrutuna istinad görmədik. Reallıqların təhrifi və ikili standartlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu proseslərinə qərəzli siyasətini bir daha nümayiş etdirir. Görünən odur ki, Avropa İttifaqı daxilində müəyyən qüvvələr, o cümlədən psevdo-liberallar regionda yaranmış sülh prosesinə xələl gətirmək niyyəti ilə yenidən fəallaşıblar. Lakin bu cəhdlər də uğursuz olacaq. ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında da qeyd edildiyi kimi, Avropa İttifaqı “dəyərlərin tənəzzülü” prosesi ilə üz üzədir. Qalib Azərbaycan, milli maraqlarını ön planda saxlayan, balanslaşdırılmış, beynəlxalq hüququn prinsiplərinə əsaslanan və sülhə xidmət edən siyasətini davam etdirir. Çünki, Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi çoxsaylı ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilir və təqdir olunur".

Milli Məclisin vitse-spikeri Əli Əhmədov isə qeyd edib ki, Avropa Parlamenti uzun illərdir Azərbaycana qarşı qərəzli mövqeyi ilə Azərbaycanı tənqid etmək hüququnu itirib: “30 il ərzində Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı ədalətli mövqeyini dəstəkləmək əvəzinə, susqunluq nümayiş etdirən, məcburi köçkünlərimizin yaşadığı humanitar böhrana göz yuman bu qurumun Azərbaycana qarşı iddialar səsləndirməyə mənəvi haqqı yoxdur. Təəsüflə qeyd etmək lazımdır ki, indinin özündə də Avropa Parlamenti Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini pozmaq və əməkdaşlığa əngəl törətmək istəyir. Bu yanaşma Avropa Parlamentinin anti-Azərbaycan meyillərinin formalarından biridir”.

“Avropa Parlamentini suveren dövlətlərin daxili işlərinə müdaxilə etmək istəyirlər. Heç bir dövlət, o cümlədən Azərbaycan öz suveren hüquqlarını kiməsə, xüsusilə də Avropa Parlamentinə güzəştə getməməlidir. Təəssüf ki, Avropa Parlamenti bəzi beynəlxalq qruplarla birgə, müxtəlif ölkələrin daxili işlərinə qarışmaqla yanaşı, həmin ölkələrdə məqsədyönlü şəkildə təxribatlar, zorakı çevrilişlər və qeyri-sabitlik yaratmağa yönəlmiş cəhdlər göstərir. Təbii ki, heç bir dövlət buna imkan verməz və Azərbaycan da istisna deyil”, - deyə Əhmədov qeyd edib.

“Dünən mənə Avropa Parlamentindən zəng gəldi. Çıxış edənlərdən biri mənə dedi ki...”

“Biz dəfələrlə görmüşük ki, Azərbaycanın uğurları dünya səviyyəsində tanındıqca, Avropa Parlamenti bəzi dairələrin qərəzli mövqeyini ortaya qoyur. Əslində, onların məqsədi regionda sülh və əməkdaşlıq mühitini dəstəkləmək olmalıdır”. Bu sözləri isə çıxışında Milli Məclisin deputatı, Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri Səməd Seyidov Milli Məclisin Avropa Parlamentinə qarşı qəbul etdiyi bəyanata münasibətdə səsləndirib:  “Onlar Cənubi Qafqazda illərlə gözlənilən sülh prosesinə töhfə verməlidirlər. Bizimlə dialoqa dəvət etməli, obyektiv yanaşmalı və konstruktiv əməkdaşlıq qurmalıdırlar. Lakin təəssüf ki, Avropa Parlamenti tamam başqa bir mövqedən çıxış edir. Bu qurum əslində, Avropanın bu gün düşdüyü dərin böhranın bir güzgüsüdür. Qeyri-sabitlik, ikili standartlar, korrupsiya və siyasi riyakarlıq - bunların hamısı artıq Avropa Parlamentinin içərisində özünü göstərir”.

“Vaşinqtonda 8 avqustda keçirilmiş görüş və əldə olunmuş razılaşma da regionda sülh üçün mühüm dönüş nöqtəsi oldu. Amma Avropa Parlamenti bu barədə susur, heç bir obyektiv münasibət bildirmir. Dünən mənə Avropa Parlamentindən zəng gəldi. Çıxış edənlərdən biri mənə dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətirirlər. Mənə sülh və əməkdaşlıqdan danışmaq istədiyini bildirdi. Həmin zəng zamanı aydın oldu ki, onlar artıq əvvəlcədən hazırlanmış və qəbul olunacağı bəlli olan qətnaməni təqdim etmək niyyətindədirlər. Hətta Avropa İttifaqının nümayəndəsi belə etiraf etdi ki, "Azərbaycan bizə lazımdır", "Azərbaycan çox yüksək səviyyədə inkişaf edir" və Azərbaycan-Ermənistan arasında sülh yaxınlaşır. Mən bu fikirləri də birbaşa öz çıxışımda gündəmə gətirdim. Ona görə hesab edirəm ki, bizim cavabımız çox düzgün, prinsipial və yerində oldu. Bu gün biz o mərhələdəyik ki, öz sözümüzü açıq şəkildə, ən yüksək səviyyədə ifadə edə bilir və həyata keçiririk. Bu, dövlətimizin müstəqil siyasət yürütmək iradəsinin və güclənən mövqeyinin bariz nümunəsidir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət, eləcə də bu gün Sizin qarşısınızda səsləndirilən mövqelər Azərbaycanın hansı səviyyədə öz sözünü deməyə qadir olduğunu göstərir”, - S.Seyidov əlavə edib.

Milli Məclisin komissiyası bəyanat yayıb

Bundan sonra Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı yaradılan komissiyası bəyanat mətnini hazırlayıb.  Bəyanat mətnini komissiyanın sədri Şahin İsmayılov parlamentin iclasında oxuyub. Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Milli Məclisi, Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini qətiyyətlə rədd edir və onu siyasi məqsədlərə xidmət edən, qərəzli bir sənəd kimi qiymətləndirir.

Yalan məlumatlar və saxta iddialar əsasında hazırlanmış bu sənəd, konkret cinayət əməllərinə siyasi don geyindirməyə cəhd edir, hüququn aliliyini pozur və Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Aydındır ki, Azərbaycan reallıqlarını bilməyən və ya bilərəkdən görməzdən gələn Avropa Parlamenti, bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları məsələlərini öz gizli gündəliyi və təxribatçı niyyətləri üçün vasitəyə çevirir.

Qeyd edilib ki, Azərbaycanın ərazilərinin 30 ildən artıq müddətdə işğalda qalmasına, yüzlərlə şəhər və kəndlərimizin viran edilməsinə, tarixi və mədəni irsimizin dağıdılmasına və 1 milyondan artıq məcburi köçkünün pozulmuş hüquqlarına biganə qalan Avropa Parlamenti, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına da qərəzlə yanaşır.

Bundan əlavə bəyanatda COP29 tədbirinin ölkəmizdə keçirildiyi zamanı Avropa Parlamenti ölkəmizə qarşı hücumlarda fəal rol oynayan qurumlardan biri olduğu qeyd olunub.

“Müşahidələr göstərir ki, belə qətnamələrin əksəriyyətinə səs verən deputatların nə sənədin məzmunu, nə də hüquqi əsası barədə məlumatı olur. Bu isə, Avropa parlamentarizminin hansı dərəcədə böhran içində olduğunu və obyektivlikdən nə qədər uzaq düşdüyünü açıq şəkildə nümayiş etdirir.

Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və o, ölkəmiz tərəfindən tamamilə rədd edilir. Azərbaycan bundan sonra da müstəqil siyasətini davam etdirəcək, beynəlxalq hüquqa, insan hüquqlarına və ədalətə əsaslanan mövqeyini müdafiə edəcəkdir” – bəyanatda bildirilib.

Bəyanat mətnində o da qeyd edilib ki, Avropa Parlamenti müəyyən proseslərdə obyektivlikdən uzaq, səthi və qərəzli yanaşmalar nümayiş etdirərək, İslamafobiya və türklərə qarşı nifrət kimi meyillərin açıq ifadə olunduğu bir platformaya çevrilib.

“İslam və Türk dünyasının ayrılmaz bir hissəsi olan Azərbaycana qarşı səsləndirilən qərəzli mövqelər, Avropa məkanında fəaliyyət göstərən müəyyən dairələrin məqsədli şəkildə ölkəmizə qarşı siyasi təzyiq göstərmək cəhdlərindən başqa bir şey deyil”.

Bəyanat mətni oxunduqdan sonra qəbul edilib.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş