“Biz Pezeşkiyanın sözlərini böyük maraqla dinləyirik, lakin söz vaxtı keçib”
Tehrandakı Qərb diplomatları yeni Prezident Məsud Pezeşkianın dövründə ölkələrinin İranla münasibətlərinin yaxşılaşacağına şübhə edirlər. AYNA xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” (FT) qəzeti anonim mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, İranda mənəvi lider Ayətullah Əli Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan siyasi sistem Pezeşkiana ölkədə genişmiqyaslı daxili islahatlar aparmağa və xarici siyasət kursunu dəyişdirməyə imkan verməyəcək.
“Biz Pezeşkiyanın sözlərini böyük maraqla dinləyirik, lakin söz vaxtı keçib. Bizim hərəkətə ehtiyacımız var”, - deyə Qərb diplomatlarından biri FT-yə bildirib.
Qeyd edək ki, iyulun 5-də İranda Prezident İbrahim Rəisinin helikopter qəzasındakı ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian 53,6 faiz səslə qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3 faiz səs toplayıb.