“Qazaxıstana qoşun göndərməklə böyük xəta etdik” – Ermənistanda çalxalanma

Aktual

13.01.2022 - 13:18

Beniamin Poqosyan: “Geosiyasi baxımdan Azərbaycan Qərb üçün Ermənistandan daha vacibdir”

Ermənistanın Avropa Partiyası (AP) Ermənistan sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünə xitam verilməsi tələbi ilə mitinq keçirib. “Kavkazski uzel”in xəbərinə görə, AP sədri deyib ki, qiyamın yatırılmasında iştirak Ermənistanın beynəlxalq imicinə zərbə vurur.

Bildiyiniz kimi, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sədri olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Kollektiv Sülhməramlı Qüvvələrin ölkəyə daxil edilməsi ilə bağlı müraciətini təmin edib. 2500 nəfərlik kontingentin tərkibində 100 erməni əsgəri də var, komandanlıq yanvarın 8-də onların Qazaxıstana getməsi barədə məlumat verib.

“Qazaxıstana qoşun yeridilməsi bu ölkədə yaşayan ermənilər üçün təhlükə yaradacaq və Ermənistanın beynəlxalq imicinə xələl gətirəcək”, - deyə AP rəhbərliyi bəyan edib.

Bu günlərdə Ermənistan hökumətinin binası qarşısında Avropa Partiyasının mitinqi keçirilib. Partiya üzvləri əllərində “Qazaxıstandan və KTMT-dən çıxın” sözləri yazılmış plakatlar tutublar.

AP-nin sədri Tiqran Xzmalyan Ermənistanın KTMT-yə üzvlüyünü, “KTMT Ermənistan qarşısında dəfələrlə öz həqiqi üzünü göstərdiyinə görə” siyasi baxımdan absurd adlandırıb: “Bu, 2020-ci il Artsax müharibəsi zamanı özünü daha inandırıcı şəkildə göstərdi, o zaman bu təşkilata üzv dövlətlər birbaşa Azərbaycana hərbi, siyasi, diplomatik və mənəvi dəstək verdi və hətta onların çoxu Azərbaycanı bu qanlı qırğının nəticələrinə görə təbrik etdi”.

Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra, 2021-ci ilin mayında Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsi alovlandı. İrəvan öz ərazisində düşmən qoşunlarının cəmləşdiyini elan edib və KTMT-yə müraciət edib, lakin təşkilatdan heç bir tədbir görülməyib. KTMT-nin baş katibi Stanislav Zas bunu onunla əsaslandırıb ki, indiki halda söhbət yalnız sərhəd münaqişəsindən gedir.

Tiqran Xzmalyan hesab edir ki, Ermənistanın KTMT-də iştirakı mənasız olmaqla yanaşı, həm də alçaldıcı olub: “Üstəlik, onun sədrliyi absurdun zirvəsidir. Və Rusiyanın Ermənistandan Qazaxıstana qoşun yeritmək üçün formal təşəbbüskar kimi istifadə etməsi dünya ictimaiyyətinin, Rusiya və Ermənistanın demokratik cəmiyyətinin, qazax xalqının gözündə dövlətimizin siyasi reputasiyasına və Baş nazir Paşinyanın şəxsi reputasiyasına böyük zərbə vurub”.

AP rəhbərinin fikrincə, KTMT-nin Qazaxıstanın daxili işlərinə qarışmaq hüququ yox idi: “Çünki bu, hərbi təşkilatdır və Qazaxıstanda baş verənlər bu ölkənin daxili işidir, xalq üsyanına cəhddir. Qazaxıstan hakimiyyəti terrorçular və xarici silahlı qruplar haqqında danışır, lakin buna dair heç bir sübut yoxdur. Qazaxıstan qüvvələrinin özü tərəfindən həyata keçirilə bilən sırf polis əməliyyatı hərbi əməliyyatla əvəz edilə bilməz. Orduların konstitusiya quruluşunu bərqərar etmək üçün nə resursu, nə də imkan və bacarığı var. Cəza əməliyyatı və Ermənistanın orada iştirakı bizim üçün qəbuledilməzdir”.

O, Qazaxıstandakı erməni diasporundan da narahatlığını bildirib: “Çox vacibdir ki, istər Qazaxıstanda, istərsə də Rusiyada demokratik cəmiyyətlər bilsin ki, Ermənistan hakimiyyətinin mövqeyi cəmiyyətin müəyyən hissəsinin mövqeyi ilə üst-üstə düşmür”.

“Lragir.am” saytının rus versiyasının redaktoru, siyasi müşahidəçi Naira Ayrumyan da məsələ ilə bağlı danışıb: “Qazaxıstana hərbi qulluqçuların göndərilməsi ilə bağlı Ermənistan cəmiyyətində mütləq narazılıq var və bu, təkcə KTMT-nin çətin anlarda Ermənistana kömək etməməsi ilə deyil, həm də SSRİ-nin bərpası planları ilə bağlıdır. Ermənistanın KTMT-nin ilk real əməliyyatında iştirakı bu ölkənin keçmiş sovet respublikalarının “kollektoru” roluna iddiaları ilə Rusiyanın xeyrinə etdiyi geosiyasi seçim kimi qiymətləndirilir”.

“Bu, birmənalı qarşılanmır, çünki bir tərəfdən suverenlik, digər tərəfdən isə "rusiyapərəstlik" tarazlıqdadır. Suverenliyin itirilməsi həbini şirinləşdirmək üçün Ermənistandakı rusiyayönlü media və politoloqlar elə iddia edirlər ki, orada “türk dünyası” və “rus dünyası” arasında seçim gedir, lakin bu cür hiylələrin absurdluğunu hər kəs anlayır”, - deyə o bildirib.

Ayrumyanın fikrincə, KTMT-dən və digər rusiyayönlü bloklardan çıxmaq suverenliyin qorunmasının yeganə yolu ola bilər, çünki bu bloklar sürətlə Rusiya ilə “dərin inteqrasiya” alətinə çevrilir.

Maraqlıdır, Ermənistanın neçə sakini respublikaçıların və digər qüvvələrin bu mövqeyini bölüşür? Yəni cəmiyyətin hansı hissəsi Ermənistanı KTMT blokundan kənarda görmək istəyər və bu ölkənin hərbçilərinin Qazaxıstanda baş verən hadisələrdə iştirakını istəməzdi? Bu, ölkəyə nə vəd edir?

AYNA-nın suallarını ermənistanlı politoloq, Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin direktoru Benyamin Poqosyan cavablandırıb:

“KTMT-nin sülhməramlı missiyası çərçivəsində Qazaxıstana 100 hərbçinin göndərilməsi qərarının Ermənistan üçün mənfi nəticələri olacaq. Təbii ki, heç kim gözləmirdi ki, KTMT-nin Qazaxıstandakı vəziyyətə müdaxiləsi ilə bağlı qərarı Rusiya qəbul etdikdən sonra İrəvan ona veto qoyacaq, lakin Ermənistan hökuməti ən azı Ermənistan qoşunlarının Qazaxıstana göndərilməməsi barədə fərman qəbul edə bilərdi. Ermənistan buna səbəb kimi Azərbaycanın Ermənistan ərazilərini işğal altında saxlamasını, ölkə təcavüzə məruz qaldığı zaman Ermənistanın hüdudlarından kənarda Ermənistan qoşunlarını yerləşdirə bilməyəcəyini göstərə bilərdi.

Qərb KTMT qoşunlarını Qazaxıstana göndərmək qərarını avtoritar güclər və demokratik hərəkatlar arasında mübarizə paradiqması ilə nəzərdən keçirir. ABŞ Dövlət Departamenti artıq KTMT qoşunlarının yerləşdirilməsinin qanuniliyini şübhə altına alıb və 2022-ci il yanvarın 7-də ABŞ dövlət katibi Entoni Blinken iğtişaşları yatırmaq üçün qoşunları dəvət etdikdən sonra Qazaxıstanın Rusiyanın təsirini azaltmaqda çətinlik çəkəcəyi barədə xəbərdarlıq edib. Blinken jurnalistlərə deyib: “Məncə, yaxın tarixin dərslərindən biri odur ki, ruslar sizin evinizdə olanda onları tərk etməyə məcbur etmək bəzən çətin olur”.

Bir çox Qərb ekspertləri vəziyyəti Qazaxıstanın KTMT və Rusiya tərəfindən işğalı kimi qələmə verir, bu hadisələri Sovet İttifaqının 1956-cı ildə Budapeştə və 1968-ci ildə Praqaya qoşun yeritmək qərarı ilə müqayisə edirlər.

2018-ci ilin yazında küçə etirazlarından sonra Ermənistanda hakimiyyətin dinc yolla təhvil verilməsini nəzərə alaraq, bəzi Qərb dairələri Baş nazir Paşinyanın etirazçılarla mübarizə üçün Qazaxıstana qoşun göndərmək qərarını tənqid edərək, Ermənistanı liberal demokratiyaya qarşı avtoritarizm tərəfini seçmiş Rusiyanın rəhbərlik etdiyi avtoritar klubun bir hissəsi kimi qələmə verirlər. Sosial şəbəkələr Ermənistanın 2022-ci ildə Qazaxıstana qoşun yeridəcəyi ilə bağlı bəyanatlar və arqumentlərlə, eləcə də Ukraynaya hərbi müdaxilə halında Rusiya birləşmələrinin tərkibində Ermənistan qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı fərziyyələrlə doludur.

Azərbaycan bu məqamdan istifadə edərək Qərbdə Ermənistan hökumətini gözdən salacaq, Ermənistanla Azərbaycan arasında demokratik uçurumu aradan qaldırmağa çalışacaq. Əgər Qərbin nəzərində Ermənistan Azərbaycan qədər avtoritardırsa, o zaman Qərb hökumətləri, ekspert dairələri və ya cəmiyyətin Ermənistanı Azərbaycana qarşı demokratiya və dəyərlər əsasında dəstəkləməsinə ehtiyac qalmır. Eyni zamanda, sırf geosiyasi baxımdan Azərbaycan Qərb üçün Ermənistandan qat-qat önəmlidir.

Beləliklə, Ermənistan üçün ən yaxşı seçim KTMT qoşunlarının Qazaxıstana göndərilməsi qərarını dəstəkləmək, lakin missiyaya erməni əsgərləri daxil etməmək olardı. Qazaxıstandakı erməni əsgərləri Ermənistanın Qərbdəki imicinə və reputasiyasına xələl gətirəcək və ölkəyə heç bir fayda verməyəcək”.

Müəllif: Rauf Orucov