İki min illik ifadə gündəmimizi zəbt edib: Ya tarixi reallıq, ya da siyasi

Aktual

22.09.2020 - 11:34

Həqiqəti sübut edə bilmirik, amma erməni yalanına rəvac veririk?

 

Sosial şəbəkədə “7-ci sinif Azərbaycan tarixi dərsliyi”ndə Qarabağ ərazisinin “Arsak” adı altında göstərilməsi ilə bağlı müzakirələr bitmək bilmir. Bir qisim insana görə, Qarabağ torpaqlarını tarix kitabında “Arsak” adı altında təqdim etmək yanlışdır, bu, birbaşa Vətənə xəyanət hesab olunur, çünki bu ərazini ermənilər belə adlandıraraq öz adlarına çıxmağa cəhd edirlər. Digər qisim isə “Arsak” sözünün erməni dilində heç bir məna ifadə etmədiyini və bu sözün tarixinə əsaslanaraq, tarixi toponimlərimizə sahib çıxmalı olduğumuzu əsas gətirərək, burada heç bir səhv görmür.

 

Qeyd edək ki, kitab Təhsil Nazirliyinin 07.08.2014-cü il tarixli 869№-li əmri ilə təsdiq edildikdən sonra nəşr edilərək məktəblilər üçün paylanıb.

 

Əlbəttə, vətən, topaq, tarix təəssübkeşləri bu cür mövzularda xüsusilə həssas yanaşırlar və bu, hər kəs üçün də belə olmalıdır. AYNA mövzunun həssaslığını nəzərə alaraq, məsələni bir neçə istiqamətdən araşdırmağa, ortalıqdakı çaşqınlığa aydınlıq gətirməyə çalışıb.

Tarixçi, tədqiqatçı Elmar Həsənli deyib ki, qədim mənbə və xəritələrə də baxdıqda görərik ki, indiki Qarabağ ərazisi Albaniya dövlətinin vilayətlərindən biri olub və o zaman Arsak vilayəti adlandırılıb: “Eramızdan əvvəl 2-ci əsrdən başlayaraq “Arsak” sözü tarixi mənbələrdə toponim olaraq işlədilir. Bu söz Sak tayfalarının adı ilə bağlıdır. Sak tayfalarının bir qolu Albaniyada 1-ci əsrdən 6-cı əsrə qədər hakimiyyətdə olub, bir qolu Atropatena dövlətində, bir qolu da Parfiya dövlətində hakimiyyətdə olub. Arşakilər sülaləsinin də adı bu tayfadan götürülüb. Arşakilər, yəni Sak əsilli ailə deməkdir. Bir sözlə, bu toponimin türklərdən başqa heç bir xalqa, eləcə də özlərini “hay” adlandıran xalqa aidiyyəti yoxdur və onlara aid edilə də bilməz”.

 

Mütəxəssis bildirib ki, ermənilər bu sözü “arsak” yox, “artsax” formasında işlədirlər: “Bu da erməni dilində heç bir məna ifadə etmir. 4-cü əsrdə biz “Qarabağ” sözünü işlədə bilməzdik. Hər toponim öz dövründə işlədiləndə tarix olur. Yoxsa Arsak dönəmində - e.ə 2-ci əsrdə bizim həmin ərazini Qarabağ adlandırmağımız doğru olmaz. Bir çoxları kimi, o cümlədən mənim də subyektiv fikrimə görə, istəsək də, istəməsək də, Qarabağ torpağını bu cür – Arsak adlandıra bilmərik”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Nadir İsrafilov da bu mövqeni bölüşüb: “Tarixdə Arsak sösünün (Arsak və ya Arsax) – Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimlər olduğu barədə müxtəlif versiyalar var. Bəzi versiyalara görə, “Arsax” sözü qədim türk tayfası olan Sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. Bəzi iddialara görə, bir vaxtlar indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırıb. Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir. Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. Xeyli sonralar erməni (hay) tarixçilərinin əsərlərində bu söz “Artsax” kimi verilib. Türkcə izah olunduğu halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir”.

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti  öz müsbət nəticələrini göstərəcək…”

“Digər versiyalara görə, etimologiyası "Ar" olan bu söz qədim Türk dilində işlədilən bir kəlmədir ki, indi də Azərbaycan türkçəsi ilə yanaşı, digər türk dillərində də "ər" formasında işlədilməkdədir. Sak isə qədim türk mənşəli tayfadır və bu tayfanın bir qolunun Azərbaycanda yaşadığı bildirilir. Başqa sözlə, "Arsak" əski türkcədə ər sakların vətəni anlamındadır. Bununla belə, bir çoxları kimi, o cümlədən mənim də subyektiv fikrimə görə, istəsək də, istəməsək də, Qarabağ torpağını bu cür adlandıra bilmərik. Çünki, Qarabağ ifadəsi artıq uzun illərdən bəri leksikonumuzda oturuşub və bizə doğmalaşıb. Hələ 2014-cü ildən nəşr olunan Qarabağ tarixi dərsliyi ayrıca fənn kimi tədris prosesinə daxil edilərək, orta ümumtəhsil pilləsində məktəmlilərimizə öyrədilir”, - ekspert vurğulayıb.

 

İsrafilov dərsliklərdə yol verilən qüsurlara da toxunub: “Burada da ictimai qınaq öz bəhrəsini verir. O ki, qaldı dərsliklərdə, digər tədris vəsaitlərində texniki səhvlərə, elmi təhriflərə və digər poliqrafiya qüsularına yol verilməsinə, bəli, belə hallar olub və bu da, əsasən nəşriyyatlarla bağlı olub. İctimai qınaq nəticəsində bu kimi səhvlərin bir çoxu sonralar aradan qaldırılıb. Heç də təsadüfi deyil ki, dərsliklərdə olan nöqsanlarla bağlı istənilən irad və qarşılıqlı ittihamlar reallığa söykənsə belə, cəmiyyət üçün narahatçılıq doğuran hal olaraq qalır. Bununla məsələyə aydınlıq gətirmək baxımından belə bir məqama da diqqət yetirmək önəmlidir ki, dərsliklərin nəşri və çap işləri hələ 2002-ci ildə təsdiq edilmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir. 2005-ci ildə Təhsil Nazirliyi qeyri-dövlət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla, “Ümumi təhsil sistemində dərslik siyasəti” sənədini hazırlayıb və Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra, 23.01.2006-cı il tarixli, 33 nömrəli əmrlə təsdiq edib”.

 

“Sözügedən sənəddə dərslik siyasətinin əsas prinsipləri, dərsliklərin məzmununa verilən əsas tələblər, dərsliklərin dili, təsdiqi, nəşri, müəllif və nəşriyyatların hüquqları, dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları, təhsil orqanları və məktəblərin vəzifələri və digər aidiyyəti məsələlər ətraflı izah olunub. Əsas yeniliklərdən biri də ondan ibarətdir ki, yeni yaranan dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən ekspertizadan keçirilib müsbət qiymətləndirildiyi halda, Nazirin əmri ilə təsdiq olunur”, - həmsöhbətimiz qeyd edib.

 

Onun sözlərinə görə, bu gün də məktəblərin təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə - proqram, kurikulum, dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla fasiləsiz və ahəngdar təminat ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir: “Başqa cür ola da bilməz, çünki dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir. Ədalət naminə deməliyik ki, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq son onilliklə müqayisədə, dərslik siyasətinə fərqli baxış formalaşıb. Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb. Hazırlanacaq dərsliklərin bir çox məktəbdə sınaqdan keçirilməsi nəzərdə tutulur. Digər tərəfdən, mütamadi monitorinqlər keçirilir, yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklər çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə və dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin müvafiq saytın əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb və sair”.

 

İsrafilov bu arqumentləri gətirməklə Təhsil Nazirliyinin mövqeyini müdafiə etmək fikrindən uzaq olduğunu da vurğulayıb: “Təhsil sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Təhsil Nazirliyidir. Dərslik siyasəti də təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu mənada dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də Təhsil Nazirliyini məsuliyyətdən azad etmir. O da danılmaz faktdır ki, dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır”.

İqbal Ağazadə də qurultaya HAZIRLAŞIR – Tarix bəllidir - modern.az

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə isə o fikirdədir ki, bu gün tarix kitablarında qədim Azərbaycan torpaqlarını “Arsak” adı altında təqdim etmək erməni yalanını, düşmənin Qarabağ torpağına iddiasını təsdiqləməkdir: “Əvvəla, “Arsax” və ya “Artsax” olması heç nəyi dəyişmir. Məsələ belədir ki, bizim Qarabağ ərazisi işğal olunub və Ermənistan bunu dünyaya “Müstəqil Arsax Respublikası” kimi təqdim edir. Burada fərqi yoxdur, “Arsax” olaraq, yoxsa “Artsax” olsun. Təəssüf ki, dünyanın əksər tarixi mənbələrində - istər Türkiyə, istər İran, Rusiya və ya ingilis mənbələrində “Arsax” toponimi ilə bağlı məlumatlar bizim istədiyimiz və yaxud izah, təqdim etdiyimiz formada deyil”.

 

“Başqa cür, dünyanın tarixi mənbələrində Arsakla bağlı həqiqət olan məlumatlar yer almayıb da deyə bilərik. Ermənistan deyir ki, “işğal olunan torpaqların adı Arsaxdır, qədim erməni yurdudur, tarixi mənbələr də bunu təsdiq edir, biz də tarix kitablarımızda yazırıq ki, keçmişdə də bu belə olub”. Nəticədə, Ermənistanın dünəni ilə bu günü uyğunlaşır, ortalıqda da Qarabağı biz itiririk”, - Ağazadə bildirib.

 

Siyasətçi əlavə edib ki, dünyanın istənilən mənbəsində Arsak bu və ya digər şəkildə erməniyə aid olaraq təqdim edilir: “Mən nə tarixçi, nə də dilçi olaraq nəyəsə iddia edirəm. İddia etdiyim məsələnin siyasi tərəfidir. Dünyanın istənilən mənbəsini açıb baxırsan, Arsak bu və ya digər şəkildə erməni və ya erməniyə yaxın, ən başlıcası isə bizə aid olmayan şəkildə təqdim olunur. Əvvəlcə, tarixçi getsin, dünyada sözlə, foklorla, romantik formada yox, elmi əsaslarla, ciddi şəkildə sübut etsin, əsaslandırsın ki, “Arsak” erməni sözü deyil və erməni ərazisi olmayıb”.

Müəllif: Aləmdə Nəsib