“Hərbi əməliyyatların dayandırılması mümkün deyil”

Aktual

06.10.2020 - 14:02

Elxan Şahinoğlu: “Türkiyə bizə qarşı olan xarici təzyiqləri neytrallaşdırmağa yardım edir”

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfərə gəlib. Məlumata görə, qardaş ölkənin XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə etmək üçün gəlib.

 

Səfərdən gözləntilərini AYNA-ya açıqlayan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Çavuşoğlunun səfəri Türkiyənin Azərbaycana dəstəyini nümayiş etdirir: “Səfərin birinci əhəmiyyəti ondan ibarətdir ki, Ankara beynəlxalq aləmə, nüfuzlu təşkilatlara Türkiyənin Azərbaycana dəstəyinin azalmayacağı, əksinə, daha da artacağının mesajını verir. Digər tərəfdən, Azərbaycana atəşkəsin elan edilməsi ilə bağlı artan təzyiqlər fonunda, Azərbaycan hakimiyyəti ilə müəyyən məsləhətləşmələr aparıla bilər ki, atəşkəs bizim maraqlara cavab vermir. Çünki dövlət başçısının da qəti mövqeyi işğalçı qoşunların Azərbaycan torpaqlarını tərk etməsi və bunun baş verməyəcəyi təqdirdə, atəşkəsin olmayacağından ibarətdir”.

Çin Rusiyadan da texnologiya oğurlayır”, – Elxan Şahinoğlu

“Bundan başqa, Türkiyə bizə həm də bu təzyiqləri neytrallaşdırmaqda yardım edir. Ona görə də bu məsələ ətrafında da fikir mübadiləsi aparılacaq. Üçüncü məsələ isə ondan ibarətdir ki, NATO-nun Baş katibi Jens Stoltenberq dünən Türkiyədə səfərdə idi və səfər çərçivəsində Qarabağla bağlı da fikir mübadiləsi aparıldı. Stoltenberqin Türkiyəyə səfər etməsi, əslində Azərbaycanın maraqlarına cavab verir. Yəni, bu, o deməkdir ki, NATO həm Türkiyə ilə hesablaşır, həm də Türkiyənin Cənubi Qafqazda təsirinin artmasını qəbul edir. Bu istiqamətdə də yəqin ki, Çavuşoğlu və həmkarı Ceyhun Bayramov arasında müzakirələr olacaq”, - politoloq deyib.

 

Müsahibimiz Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi uğrunda başlatdığı əks-hücum əməliyyatlarının dayandırılacağını mümkün hesab etmir: “Çünki bu məsələdə Türkiyə və Azərbaycanın qətiyyətli mövqeyi var. Əgər Azərbaycan meydanda tək olsaydı, bəlkə də bu təzyiqlər nəticə verə bilərdi. Necə ki, 2016-cı ildə Azərbaycana təzyiq edildiyi üçün, 4 gündən sonra hərbi əməliyyatlar dayandırılmışdı. Amma bu dəfə bu, mümkün deyil. Çünki bizim qətiyyətli mövqeyimiz var, həm də Türkiyə bizə ciddi dəstək nümayiş etdirir. Rəsmi Ankara da atəşkəsin mümkün olmadığını əməliyyatlar başlayandan dəfələrlə bəyan edib”.

 

“Təbii ki, gedişatda atəşkəs, sülh, danışıqlar masasına oturmaq və s. kimi məsələlərlə bağlı Azərbaycana çağırışlar olacaq. Amma bunlar bizim əleyhimizə olan amillərdir. Çünki biz bu dəfə də danışıqlar masasına otursaq, proseslər yenə də ləngiyəcək və işğal prosesi uzanacaq. Ona qədər də düşmən öz problemlərini həll etməyə, hərbi qüdrətini artırmağa və bölgəyə sülhməramlıları yerləşdirməyə çalışacaq ki, bu da bizim maraqlarımıza cavab vermir. Lakin həm beynəlxalq aləmdə, həm də Cənubi Qafqazda torpaqlarımızı azad etmək üçün münbit şərait yaranıb. Bu münbit şəraitdən də istiafdə edərək, məqsədlərimizə çatmalı, şərtləri də biz diqtə etməliyik”, - Şahinoğlu fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib