Xaricdəki soydaşlarımız narahatdır: “Ermənilər harada görsələr, hücum çəkirlər”

Aktual

31.07.2020 - 13:11

Fransada yaşayan azərbaycanlı: “Fransızlar açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirirlər”

 

Son günlər ölkə xaricində həmvətənlərimiz və düşmən ölkənin nümayəndləri arasında qarşıdurmalar baş verməkdədir. Müxtəlif ölkələrdə baş verən qarşıdurmalar nəticəsində ermənilərin hansı niyyətdə olması və soydaşlarımıza hücumlar etməsi müşahidə edilir. Bütün bunların fonunda bəziləri baş verənlərin xüsusən hazırlandığını deyib tənqid edir, bəziləri isə öz dəstəklərini nümayiş etdirirlər.

 

Fransanın paytaxtı Paris şəhərində yaşayan azərbaycanlı Aygün Həsənova (təhlükəsizlik səbəbindən əsl ad-soyadını və şəklini göstərmirik – red.) AYNA-ya açıqlamasında, yaşadığı ölkədə də aksiyaların yaşandığını və vəziyyətin ürəkaçan olmadığını deyib: “Azərbaycanlılar 2 dəfə Paris və Strasburqda yürüş keçiriblər. Parisdə təşkil olunan nümayişdə biz də iştirak elədik. Hətta, nümayişdən ayrılan həmvətənlərimizə ermənilər hücum da etmişdilər. Amma etirazçıları polis çox möhkəm qoruyur və başqa ölkə nümayəndələrinə təxribat törətməyə imkan vermirdi. Lakin vəziyyət heç də ürəkaçan deyil. Çünki kənardan baxanda açıq-aydın hiss olunur ki, idarəetmə var. Təsəvvür edin ki, haqqında heç bir məlumat olmayan adamlar digər şəhərlərdə yaşayan azərbaycanlılar üçün avtobus təşkil edir, başqa biri onların biletlərini alır və nümayişlərə cəlb etmək üçün əllərindən gələni edirlər”.

 

Həsənova bildirib ki, Fransada ermənilərin azərbaycanlılara qarşı qəfil hücumları müşahidə edilir: “Ermənilər əleyhinə 2 dəfə aksiya olub. Hər ikisində də ermənilər təxribata əl atmaq istəsələr də, polis imkan verməmişdi. Təbii ki, nümayişlərə qatılmaq üçün başqa şəhərlərdən gələn uşaqlara hücum etməyə cəhdlər edirlər və qarşıdurmalar yaranır. Hətta, xəsarət alanlar da olur. Bildiyimə görə, artıq Fransanın başqa şəhərlərində də bu aksiyaların təşkil olunması üçün hazırlıqlar gedir”.

 

“Amma bu, artıq bizim üçün problemlər yaratmağa başlayıb. Çünki başqa vaxtlar azərbaycanlı qadınlar gecə saat 1-2-yə qədər şəhərdə gəzə bilirdilər və heç bir problem olmurdu. Amma artıq bundan ehtiyyat edirik. Çünki, sırf bu aksiyalara görə, ermənilər harada azərbaycanlı görsələr, hücum etməyə çalışırlar”, - həmvətənimiz vurğulayıb.

 

O, baş verənlərin fonunda fransızların ermənipərəst mövqeyinin açıq-aşkar hiss edildiyini də diqqətə çatdırıb: “Təbii ki, baş verən insidentlərdə bizimkiləri haqsız çıxarmağa çalışırlar, necə ki, Strasburqda belə olmuşdu. Ermənilər əllərində bayraq maşınlarla bizim etirazçıların qarşısından keçirdilər. Sən demə, arxadan da fransız polisi mülki avtomobildə gizlənibmiş. Ermənilər maşından bizimkilərin üstünə su butulkaları atdılar. Bizim etirazçılardan biri də butulkaları götürüb geri, onların üstünə tulladı. Lakin polislər maşından düşüb ermənilərə yox, azərbaycanlılara cərimə yazdılar, heç erməni tərəfə baxmadılar da”.

 

“Keçən ay Strasburqun təzə meriyasına rəhbər də erməni bir qadın seçildi. Ermənilər Fransada müxtəlif yüksək vəzifələr daşıyır və yüksək statuslara malikdirlər. Bizdən fərqli olaraq diasporları güclüdür, səfirlikləri yanlarındadır”, - A.Həsənova əlavə edib.

Müəllif: Mərahim Nəsib