“Qarabağda Ermənistanla bərabər ABŞ və Fransa da məğlub oldu”

Siyasət

16.12.2020 - 10:21

Şahin Cəfərli: “Həmsədrlər görür ki, Qarabağ münaqişəsi tam həllini tapmayıb və onların missiyaları başa çatmayıb”

 

Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə 28 ildir vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri, təxminən bir il aralıqdan sonra regiona səfər etdilər. Diplomatların bu dəfəki səfəri 44 gün davam edən və Azərbaycanın hərbi qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsindən sonraya təsadüf edir.

 

İlk səfəri Bakıya edən Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədr Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi. Rusiyadan olan həmsədr İqor Popov heyətdə, açıqlanmayan səbəbdən yer almasa da, onu Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov əvəz etdi.

 

Prezident görüş zamanı diplomatlara açıq şəkildə fəaliyyətsiz olduqlarını, problemin sülh yolu ilə həllində heç bir nəticə əldə etmədiklərini, Qarabağ məsələsini Azərbaycan Ordusunun və diplomatiyasının həll etdiyini bildirdi. Üstəlik, ölkə başçısı həmsədrləri dəvət etmədiyini, səfərin və görüş təşəbbüsünün Minsk Qrupu tərəfindən gəldiyini bildirdi. Dolayısı ilə İlham Əliyev həmsədrlərin vasitəçilik missiyasının bitdiyini söylədi.

 

Diplomatlar Bakıdan sonra İrəvana da səfər ediblər. Ermənistan səfəri zamanı onlar bu ölkənin xarici işlər naziri Ara Ayvazlanla görüşüb, münaqişə ilə bağlı müzakirə aparıblar. Qarabağ separatçılarının başçısı Arayik Arutunyanla da İrəvanda həmsədrlərin görüşü gözlənilsə də, bu görüş baş tutmayıb.

 

Əslində, maraqlıdır: həmsədrlər müharibədən sonra Azərbaycana, regiona nəyə səfər ediblər, məqsədləri nədir? Qalib ölkənin lideri İlham Əliyevin dediyi kimi, 28 ildir heç bir iş görməyən diplomatların, işğal faktı demək olar bitdiyi halda, koronavirusun ən şiddətli dövrünü yaşayan Cənubi Qafqaza səfər ehtiyacı haradan qaynaqlanır?

 

AYNA-nın mövzü ilə bağlı suallarını cavablandıran politoloq Şahin Cəfərli deyib ki, Qarabağ probleminə hələ nöqtə qoyulmayıb. Analitikin fikrincə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat heç də Dağlıq Qarabağ münaqişəsinin yekun həlli deyil:

şahin cəfərli

- Ortada kifayət qədər suallar var ki, bu suallara cavab verilməyib. 10 noyabrda imzalanan sənədin özü ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Məsələn, Qarabağın dağlıq hissəsində yaşayan erməni əhalisinin hüquqi statusu necə olacaq? Bəli, bir tərəfdən sevindiricidir ki, üçtərəfli bəyanatda Dağlıq Qarabağa hansısa status verilməsi barədə müddəa yoxdur. Amma bu məsələnin tamamilə gündəmdən çıxdığını da söyləmək mümkün deyil. Proseslər göstərir ki, hüquqi statusla bağlı qaranlıq məqam var. Rusiya rəsmilərinin, istər Prezident Vladimir Putinin, istərsə də XİN başçısı Sergey Lavrovun bəyanatlarından görünür ki, onlar hazırkı mərhələdə status məsələsini gündəmə gətirmirlər.

 

Amma Qarabağın statusu məsələsinin gələcəkdə gündəmə gələ biləcəyinə işarələr edirlər. Məsələn, Putin son müsahibələrinin birində belə bir cümlə işlətdi ki, “Qarabağın statusu məsələsini gələcək rəhbərlər müəyyənləşdirəcək”. Yəni, status məsələsinin tam gündəmdən çıxdığını söyləmək mümkün deyil. Eyni zamanda, Rusiya sülhməramlılarının nəzarət etdiyi, Azərbaycanın nəzarətindən kənarda qalan ərazilərin taleyinin necə olacağı məlum deyil. Bu yerlərdə Azərbaycanın suverinliyinin hansı formada, necə, nə vaxt təmin olunacağı dəqiq bilinmir. Qarabağın erməni əhalisi Azərbaycan pasportu daşıyacaqmı, onlar vətəndaşlığımızı hansı formada qəbul edəcəklər? Bütün bu suallara cavab yoxdur. Halbuki, suallar doğuran məsələlər həllini tapmalıdır. Minsk Qrupu da görünür ki, bu istiqamətdə iştiraka can atır.

 

- Bu məsələlərin həlli istiqamətində danışıqlar Minsk Qrupu çərçivəsində aparılmalıdır?

 

- Mən demirəm ki, mütləq o çərçivədə aparılmalıdır. Amma əlbəttə, Minsk Qrupu həll edilməli olan məsələləri görür, sualların açıq qaldığını müşahidə edir. Anlayırlar ki, Qarabağ münaqişəsi tam həllini tapmayıb. Buna görə düşünürlər ki, missiyaları tam başa çatmayıb. Həmsədrlərin regiona səfərinin məqsədlərindən biri budur. Eyni zamanda, hesab edirəm ki, Minsk Qrupunun Qərbdən olan həmsədrləri, yəni, ABŞ və Fransa Qarabağ məsələsini tam olaraq Rusiyanın öhdəsinə buraxmaq istəmirlər. Faktiki olaraq, münaqişədə Ermənistanla bərabər ABŞ və Fransa da Rusiyaya məğlub oldu. Rusiya üçtərəfli bəyanatın imzalanmasını təşkil edərək Qərbdən olan vasitəçiləri oyundankənar vəziyyətdə qoydu. Amma ABŞ və Fransa bununla barışmaq istəmir. Minsk Qrupunun proseslərə reabilitasiya cəhdləri daha çox ABŞ və Fransanın marağındadır. Güman ki, həmsədrlərin regiona səfəri, görüşlər keçirməsi Rusiyanın yox, digər iki həmsədr dövlətin təşəbbüsü idi. ABŞ və Fransa çalışır ki, vasitəçilik missiyası bərpa olunsun və bundan sonrakı proseslərdə aktivlik göstərsinlər.

 

- Həmsədrlərin prosesə qoşulmasını rəsmi Bakı qəbul edəcəkmi? Prezident İlham Əliyevin həmsədrlərlə görüşü zamanı onlara dediklərindən belə anlaşıldı ki, artıq missiyaları başa çatıb. Prezident diplomatlara bir növ “nəyə gəlmisiniz, sizin fəaliyyətinizə artıq ehtiyac yoxdur?” demiş oldu...

 

- Bəli, Prezidentin həmsədrlərə mesajları bu yöndə idi. Amma burada bir məsələ var: əgər bundan sonra Minsk Qrupu köhnə prinsipləri, Madrid prinsiplərini yenidən Azərbaycana qəbul etdirməyə çalışacaqsa, bu, təbii ki, rəsmi Bakı ilə həmsədrlərin münasibətlərində böhrana səbəb olacaq. Çünki Azərbaycan müharibədən sonra yeni reallıqlar yarandığını hesab edir. Bölgədə yeni geosiyasi mənzərə yaranıb ki, bu səbəbdən də köhnə prinsiplər aktuallığını itirib. Həmsədrlər yenidən Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətirəcəklərsə, Madrid prinsiplərində əksini tapan müddəalarla həll təklif edəcəklərsə, o zaman Azərbaycan bunu qəbul etməyəcək. Məncə, Prezident İlham Əliyevin həmsədrlərlə görüşdə ortaya qoyduğu mövqe dediyim təhlükə ilə əlaqədar idi. Görünür, Minsk Qrupunun niyyətləri sırasında köhnə prinsipləri gündəmə gətirmək var. Azərbaycan Prezidenti mesaj verdi ki, bununla razılaşmayacaq. Yox, əgər ABŞ və Fransa rəsmi Bakının maraqlarına uyğun mövqe tutarsa, 5 ildən sonra Rusiya sülhməramlılarının bölgədən çıxarılmasını, orada Azərbaycanın suverenliyinin bərqərar olunması zəruriliyini tələb edəcəklərsə, onda, əlbəttə, Bakı onların vasitəçiliyinə müsbət yanaşa bilər.

 

- Həmsədrlər Ermənistanın XİN başçısı ilə görüşüblər. Orada erməni nazir Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə prinsiplərini, status məsələsini yenidən gündəmə gətirib, bildirib ki, Azərbaycan azad etdiyi ərazilərdən geri çəkilməlidir. Görünən odur ki, rəsmi İrəvan Madrid prinsiplərinə qayıtmağın marağındadır...

 

- Onsuz da danışıqlar olmalıdır. Çünki yekun sülh sazişi imzalanmayıb. 10 noyabrda qəbul olunan üçtərəfli sənəd daha çox atəşkəsi təmin etməyə yönəlib. Bu sənəd müharibəni dayandırıb, amma münaqişəni həll etməyib. Əgər sülh müqaviləsi hazırlanacaqsa, təbii ki, Minsk Qrupu bu prosesdə rol alacaq. Ermənistan bu ərəfədə maksimum mövqedən çıxış etmək istəyir ki, danışıqlar masasında geri addım atanda əlində nəsə qalsın. Ermənistan XİN başçısının bəyanatları, həmsədrlərə söylədikləri bundan irəli gəlir. Hazırkı mərhələdə rəsmi İrəvanın maksimum tələbi Azərbaycanın Qarabağın dağlıq hissəsində azad etdiyi ərazilərdən çəkilməsi və status məsələsidir. Ermənistan da anlayır ki, bu tələblərinin reallaşması mümkün deyil. Sadəcə bu cür maksimalist mövqe ortaya qoyurlar ki, danışıqlarda qarşılıqlı güzəştlər istəniləndə daha azına getməyə cəhd göstərsinlər. Belə mövqenin sərgilənməsinin digər səbəbi isə Ermənistan cəmiyyətinin tələbidir. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir. Ermənistan hakimiyyəti belə məqamda ictimaiyyətə göstərmək istəyir ki, təslimçi mövqe tutmur, əksinə, yenə də Dağlıq Qarabağ ermənilərini müdafiə edir. Yəni, bir növ erməni cəmiyyətini sakitləşdirməyə hesablanan mövqe ortaya qoyurlar. Düşünürəm ki, siyasi gərginlik azalarsa, Paşinyan hakimiyyətini qoruya bilərsə, rəsmi İrəvanın bundan sonrakı danışıqlardakı mövqeyi daha konstruktiv olacaq.

 

- Rəsmi İrəvanın konstruktiv mövqe sərgiləyəcəyi inandırıcıdır?

 

- Paşinyanın özünün və ona yaxın bəzi hakimiyyət rəsmilərinin açıqlamaları onu göstərir ki, onlar Azərbaycan və Türkiyə ilə anlaşmağa meyillidirlər. Məsələn, Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İrəvan Bakı və Ankara ilə diplomatik əlaqələr qurmalıdır. Bir neçə gün əvvəl isə Ermənistan Parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan çox açıq bəyanat verdi, dedi ki, məğlubiyyəti etiraf etmək və Azərbaycanla diplomatik münasibətlər qurmaq lazımdır. Bununla demək istəyirlər ki, Paşinyan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, iqtisadiyyat naziri bildirdi ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qurub ticarəti inkişaf etdirmək lazımdır. Yəni, bu cür konstruktiv bəyanatlar, yanaşmalar mövcuddur, xüsusən də Paşinyanın rəhbəri olduğu partiyanın daxilində. 

 

Ona görə də düşünürəm ki, Paşinyan və komandası bu mərhələdən hakimiyyətlərini qoruyaraq keçsələr, növbəti mərhələdə konstruktiv sülh danışıqlarına hazır olacaqlar. Danışıqlar da təbii ki, Minsk Qrupunun köhnə təklifləri ilə yox, 10 noyabrdə imzalanan bəyanatın müddəalarına uyğun olaraq aparılacaq. Yekunda imzalanacaq sülh sazişi 10 noyabrda qəbul edilən bəyanata zidd olmayacaq. Çünki bu bəyanat həmsədrlərdən biri olan Rusiyanın vasitəçiliyi ilə münaqişə tərəflərinin razılığı əsasında imzalanıb.

 

- Maraqlı məsələlərdən biri də odur ki, həmsədrlərin İrəvanda terrorçuların başçısı Arutunyanla da görüşü planlaşdırılırdı. Terrorbaşı bunun üçün tələsik İrəvana getmişdi, amma görüş baş tutmadı. Belə açıqlama verildi ki, Ermənistan tərəfindən görüş ləğv edilib, səbəb də rusiyalı diplomatın heyətdə olmamasıdır. Ola bilərmi ki, həmsədrlər görüşdən imtina ediblər? Yəni, artıq Arutunyanla görüşü əhəmiyyətsiz sayıblar...

 

- Minsk Qrupunun əvvəlki fəaliyyətinə nəzər salsaq, görərik ki, onlar bölgəyə səfər edəndə separatçılarla da görüşlər keçiriblər. Həm Bakı, həm İrəvan, həm də Xankəndiyə gedirdilər, müzakirələr aparırdılar. Doğrusu, bilmirəm, Arutunyanla görüş hansı səbəbdən baş tutmayıb. Həmsədrlərlə separatçıların görüşü texniki səbəbdən, yoxsa siyasi baxımdan baş tutmayıb, bu, hələlik açıqlanmayıb. Əslində, həmsədrlərə də aydındır ki, burada əsas tərəf Ermənistandır. Arutunyan öz iradəsi ilə hərəkət edən biri deyil, o, nəyisə həll etmir. Yeni təşəbbüslər olacaqsa, bu, Azərbaycan, Ermənistan və əsas oyunçu olan Rusiya ilə razılaşdırılmalıdır. Dağlıq Qarabağın oyuncaq qurumu bu gün əvvəlkindən daha da zəifdir və proseslərə heç bir təsiri yoxdur. Ola bilsin ki, separatçı ilə bu səbəbdən görüşülməyib, ehtiyac duyulmayıb.

Müəllif: Anar Bayramoğlu