Türkiyədən beynəlxalq təşkilatlara müraciət: Qarabağdakı “seçkiləri” boykot edin

Siyasət

30.03.2020 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

“Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk Qrupunu bu “seçkini” tanımamağa dəvət edirik”

 

Türkiyə ATƏT Minsk Qrupunu və bütün beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağda qanunsuz “seçkilər” keçirməsini boykot etməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

 

Bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan “seçkilər” Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür: "Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün, ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili, sülh yolunu və eləcə də davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür”.

 

“Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk Qrupunu bu “seçkini” tanımamağa dəvət edirik. Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yeni şəkildə pozulmasını təşkil edəcək bu qeyri-qanuni “seçkiləri” rədd edir. Türkiyə ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”, - deyə Türkiyə XİN bəyan edir.

Müəllif: Ayna.az