Qarabağda antiterror əməliyyatı gözləntisi: başqa yol qalmadı

Aktual

03.07.2023 - 18:00

Həkimlər Klinikalar SEO Xidməti

Sabir dövlət müşaviri: “Erməni terrorçuları son nəfərinə kimi ərazilərimizdən çıxarmalıdır. Başqa cür nə sülh müqaviləsi imzalanacaq, nə də bölgədə sabitlik olacaq”

Hərbi ekspert: “Qanunsuz erməni silahlı birləşmələrin tamamilə tərksilah edilməsi prosesi qaçılmazdır və sadəcə zaman məsələsidir”

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin silahlı təxribatları davam edir. İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

“Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Yerli ekspertlər bildirirlər ki, separatçıların təxribatı Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirməsini şərtləndirir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya açıqlamasında deyib ki, ordumuzun əməliyyatı qaçılmaz olacaq: “Hesab edirəm ki, separatçıların dinc yolla ağılları başlarına gələn deyil. Məncə, Azərbaycan Ordusu Ağdərə istiqamətindən hərbi əməliyyatlara başlamalıdır. Çünki başqa yol görünmür”.

“Azərbaycan Qarabağdakı erməni terrorçuları son nəfərinə kimi ərazilərimizdən çıxarmalıdır. Çünki başqa cür nə sülh müqaviləsi imzalanacaq, nə də bölgədə sabitlik olacaq”, - deyə analitik vurğulayıb.

Politoloq deyib ki, hazırda anormal vəziyyət hökm sürür: “Bir tərəfdən sülh danışıqları gedir, digər yandan separatçılar, qeyri-qanuni silahlı dəstələr atəş açırlar ki, bu, normal vəziyyət deyil. Azərbaycanın da səbrinin həddi bir yerə qədərdir. Cənab Prezident İlham Əliyev son bəyanatında bildirdi ki, qanunsuz silahlılar oradan çıxarılmalıdır. Danışıqlardan anlamayan, sülh prosesini pozan ünsürlər Qarabağdan çıxarılmalı, çıxmaq istəməyənlər zərərsizləşdirilməlidir. Hesab edirəm ki, bu, baş verəcək. Çünki Qarabağdakı separatçılar başqa yol qoymurlar. Biz bilirik, separatçılara hansı qüvvə himayədarlıq edir, tapşırıqlar verir, qızışdırıcı mövqe tutur. Bu qüvvənin Rusiya olduğu aydındır. Amma separatçılar anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir və hansısa qüvvə Azərbaycan Ordusunun hüququndan istifadəsinin qarşısını ala bilməz”.

Q.Hüseynli qeyd edib ki, davamlı təxribatlar Qarabağdakı sadə ermənilərin reinteqrasiyasını da əngəlləyən haldır: “Qarabağda yaşayan ermənilərin də Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün separatçıların tərksilah edilməsi son dərəcə vacib amildir. Qarabağdakı qanunsuz silahlı dəstələr oradan çıxarılmasa, reinteqrasiyanın baş tutması çətindir”.

Hərbi ekspert Ədalət Verdiyev də hesab edir ki, qanunsuz hərbi birləşmələrin tamamilə tərksilah edilməsi qaçılmazdır. Ekspert AYNA-ya deyib ki, sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atırlar, mövqelərimizi atəşə tuturlar: “Düşünürəm ki, bu təxribatların törədilməsində məqsəd sülh sazişi üzrə aparılan danışıqlar prosesinə xələl gətirməkdir. Onsuz da Qarabağda qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Qanunsuz erməni silahlı birləşmələrin tamamilə tərksilah edilməsi prosesi qaçılmazdır və sadəcə zaman məsələsidir. Təbii ki, Azərbaycan ərazisində terror mənbəyi olan dəstələrin qalmasına yol verilməyəcək”.

“Erməni silahlılarının yeganə çıxış yolu silahı təhvil verib getməkdir. Əks halda, onlar legitim hədəf kimi Azərbaycan Ordusu tərəfindən məhv ediləcəklər. Bunu əvvəl keçirdiyimiz Fərrux, Sarıbaba, Qırxqız, Buzdux və digər əməliyyatlarımızla düşmən tərəfə nümayiş etdirmişik”, - hərbi ekspert əlavə edib.

Ə.Verdiyev onu da qeyd edib ki, erməni silahlılarının təxribatları Rusiya sülhməramlı kontingentinin təkidi ilə həyata keçirilir: “Laçın sərhəd-buraxılış məntəqəsində atəşkəsin pozulması və bir hərbçimizin yaralanmasından sonra sülhməramlılar erməni silahlıları ilə əlaqələrini intensivləşdirib. Onların ölkəmizə qarşı fəaliyyətlərə istqamətləndirdiyi də istisna olunmur. Bütün bunlar isə Azərbaycan Ordusunun lazımi addımlar atmasına əngəl yarada bilməz”.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş