Putinin “Valday” mesajı kimə və niyə ünvanlanıb – Azərbaycan Ermənistan, ABŞ...

Aktual

31.10.2022 - 10:24

Rusiya liderinin gündəmi çalxalayan açıqlamalarının arxasında gizlənən hədəf

“Valday” Diskussiya Klubunun sessiyasında Rusiya Prezidenti Putin erməni politoloq Aleksandr İsgəndəryanın sualını cavablandırıb. İsgəndəryan deyib ki, son vaxtlar Ermənistan ilə Azərbaycan arasında müqavilənin hazırlanması ilə bağlı diskussiyalar intensivləşib, əsasən iki rəqabətli sülh müqaviləsi layihəsindən hansının – Rusiyanın, yoxsa Qərbin olması ilə bağlı müzakirələr gedir. Politoloq Rusiyanın prosesə necə reaksiya vermək niyyətində olduğunu soruşub.

Putin cavab verib ki, Rusiya uzun illərdir Ermənistan tərəfi ilə dialoq aparırdı, Qarabağ məsələsində Azərbaycana 5 rayonu verməklə, Ermənistanın Qarabağla əlaqəsi üçün isə 2 rayonu saxlamaqla həll etməyi təklif edirdi: “Bu, bütövlükdə regionda vəziyyəti normallaşdırmaq üçün yaxşı addım olardı. Amma Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Elə bu yol da bu gün yaranmış vəziyyətə gətirib çıxardı. Bizim mövqeyimiz ondan ibarətdir ki, sülh müqaviləsi, əlbəttə ki, lazımdır. Biz sülh yolu ilə nizamlanmanın tərəfdarıyıq, eləcə də sərhədin delimitasiyası, sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq”.

Rusiya rəhbəri qeyd edib ki, müqavilənin hansı variantını seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir: “Hansı variant seçilirsə, bu, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq. Biz heç kimə heç nəyi məcbur etmək fikrində deyilik, Ermənistana nəyisə diktə edə bilmərik. “Vaşinqton variantı”, bildiyimə görə, Azərbaycanın bütövlükdə Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur. Yaxşı, əgər Ermənistan belə hesab edirsə, buyursun”.

Kreml başçısının sözlərinə görə, əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var, bu xüsusiyyətlər nəzərə alınmalıdır və bunun sülh müqaviləsində müzakirə olunmasına ehtiyac var - bu da mümkündür.

Yəni Putin göstərir ki, onun fikrincə, Amerikanın sülh planı Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını nəzərdə tutur. Amma bizim üçün bu, xatırladığımız kimi, Qarabağ məsələsinin həllini qeyri-müəyyən gələcəyə təxirə salmağı nəzərdə tutan Rusiyanın sülh müqaviləsi layihəsindən daha yaxşıdır.

Bir sözlə, Putin iddia edir ki, seçim Ermənistandadır. Sual budur: O, nə dərəcədə səmimidir? Və o, reallıqda nə etmək niyyətindədir? O, bu mesajla nə demək istəyirdi? Mesaj kimə ünvanlandı - bizə, ermənilərə, yoxsa amerikalılara?

AYNA-nın sallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Gürcüstanlı politoloq, Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:

“Putin ilk növbədə Rusiya auditoriyasına müraciət edir. Putinin Rusiyası, başlatdığı müharibədən sonra Qərbi yalnız kəşfiyyat və anlama baxımından maraqlandırır ki, görsünlər onun hələ də harasa və nə vaxt hücum etməsi üçün əlində bir şey varmı? Heç kəsi Putin bir növ nüfuzlu siyasi qurum kimi maraqlandırmır. Yalnız dayandırılması lazım olan barbarların lideri kimi maraqlandırır.

Ermənistan və Azərbaycana da müəyyən mesaj verildi. Putin Ermənistana deyib ki, Putinin özü devrilənə qədər onunla Qarabağ məsələsini daha bir müddət uzatmaq şansı var. Azərbaycan və Ermənistana mesaj verdi ki, Kreml sülh müqaviləsinin bağlanmasına hər cür müdaxilə edəcək.

Bütün bunlar o ərəfədə baş verdi ki, Azərbaycan dövlət televiziyasının efirində Rusiyanın Ukraynadakı addımlar müharibə, Kremlin hərəkətləri isə hərbi cinayət və işğal adlandırıldı. Yaxud Simonyan və Zatulinin Ermənistana girişinə qadağa qoyululdu.

Rusiyanın ətrafındakı ölkələr hələ də Kremlin mümkün təcavüzündən qorxurlar, lakin tədricən Putin “banda”sını kimin daha yüksək səslə və daha parlaq şəkildə Rusiya hərbi gəmisinin ardınca göndərəcəyi ilə rəqabətə başlayırlar.

Ukraynada məhv olan raketlərin və əsgərlərin sayı azaldıqca Rusiyanın rolu zəifləyir. Odur ki, sövq edilən Putinin bütün addımlarını izləmək lazım olsa da, indi hamının etməli olduğu əsas şey hamımız üçün, bütün ölkələrin azadlığı uğrunda Kremlin terrorundan mübarizə aparan Ukraynanı dəstəkləməkdir”.

İsrailli publisist Aviqdor Eskin:

“Biz son vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlərdə ciddi nifaq görürük. İrəvan bu il Azərbaycanla hərbi toqquşmalar zamanı Rusiya və KTMT-nin passiv mövqeyindən narazılığını gizlətmir.

Bununla yanaşı, Rusiya hazırda oliqarx Ruben Vardanyanın nəzarətində olan Qarabağda mövqelərini möhkəmləndirib. Bu gün Ermənistan Rusiya ilə Qərb arasında oynamağa və balanslaşdırmağa çalışır.

Paşinyan Rusiyanın planı çərçivəsində sülhə hazır olduğunu bəyan edib. Bununla belə, bir-iki ildən sonra Moskvanın mövqeyi nə dərəcədə möhkəm olacaq? Rusiya sülhün potensial qarantı kimi çıxış etməyə davam edə biləcəkmi?

Erməni siyasətçilərinin əksəriyyəti indi Qərblə münasibətləri gücləndirməyə çalışır.

Putinin bəyanatına gəlincə, bu, çevikliyi və qeyri-müəyyənliyi ilə seçilir. Qafqaz mövzusu indi Kreml üçün o qədər də aktual deyil, lakin onlar oradakı mövqelərini tam təslim etmək fikrində deyillər - bunu Vardanyanın Qarabağa gəlişi sübut edir.

Amma, istənilən halda hər şey bu və ya digər şəkildə Ermənistanla Azərbaycan arasında atəşkəsə və sülhə doğru gedir”.

Müəllif: Rauf Orucov