“Putin sonu məlum olmayan yola çıxıb” – Yüz il sonrakı işğal ssenarisi

Aktual

11.01.2022 - 15:07

Rusiya Qazaxıstanda nəyə nail olmaq istəyir və növbəti hədəfi nədir?

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda baş verənləri “ölkəyə hücum” adlandırıb və bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri orda “nə qədər lazımdırsa, o qədər” qalacaq. Bildirib ki, qaz qiymətindən “qəzəblənənlər və silaha sarılanlar fərqli məqsədlər” güdüblər.

Putinin sözlərinə görə, hadisələr zamanı “terrorçuların xaricdəki düşərgələrində təlim keçən”, “yaxşı təşkilatlanmış və yaxşı idarə olunan yaraqlı qruplarından istifadə edilib”: “KTMT qüvvələri Qazaxıstanda lazım olduğu qədər qalacaq, lakin missiya başa çatdıqdan sonra bütün kontingent ölkədən çıxarılacaq”.

Rusiyanın əsas rol aldığı KTMT-nin müstəqil dövlətin ərazisinə daxil olması və orada hərbi fəaliyyət göstərməsi beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Politoloq Sülhəddin Əkbər AYNA-ya açıqlamasında deyib ki, Moskvanın qərarı ilə KTMT hərbi kontingentinin Qazaxıstana göndərilməsi iki əsas səbəbdən qaynaqlanır: “Birinci səbəb odur ki, Rusiya postsovet məkanında “məxməri inqilab”ların baş verməsindən ciddi şəkildə narahatdır. Bilir ki, postsovet məkanının demokratikləşməsi onun sərhədləri yaxınlığında baş verir və nə zamansa onun da qapısı döyüləcək. Xüsusən Belarusda baş verən hadisələrdən sonra ciddi təşviş keçirir. Bu səbəbdən hər vəchlə keçmiş ittifaq dövlətlərində xalqların oyanış hərəkatının qarşısını almağa çalışır”.

“İkinci səbəb isə hansısa formada keçmiş SSRİ-ni bərpa etmək istəyi ilə bağlıdır. Rusiyanın geopolitik fəaliyyətinin hərəkətverici qüvvəsi bu iki əsas niyyətdir. Düşünür ki, bu yolla regional liderliyini qoruya biləcək. Qazaxıstanda baş verənlərlə bağlı qaranlıq məqamlar çoxdur. Ortada kifayət qədər cavabı məlum olmayan suallar mövcuddur”, - deyə analitik bildirib.

Qeyd edib ki, Putin Rusiyası bu iki səbəbdən hərəkətə keçib və Qazaxıstanda baş verən hadisələr fonunda öz mövqeyini möhkəmləndirməyə çalışacaq: “Eyni zamanda digər geopolitik güclərin reaksiyasına fikir verəcək, bundan sonrakı fəaliyyətində bu amilləri nəzərə alacaq. Xüsusən burada ABŞ və Çinin davranışlarını təqib edəcək. Qazax xalqının Rusiyanın hərbi müdaxiləsinə necə reaksiya verəcəyi də mühüm məqamlardandır. Nəzərə alsaq ki, rus ordusu hara daxil olubsa, orada problemlər yaradıb, bu mənada KTMT-nin gəlişi də qazax xalqına yaxşı heç nə vəd etmir. Ötən əsrin 90-cı ilində qanlı yanvar hadisələri zamanı biz bunu aydın gördük. Lakin bir məqam da var ki, məhz qanlı yanvar hadisələrindən sonra Azərbaycanda xalq hərəkatı anti-rus və milli azadlıq hərəkatı xarakterini aldı”.

Əkbərin sözlərinə görə, Rusiya növbəti dəfə bu səhvə verdi və bu səbəbdən Qazaxıstanda anti-rus dalğası güclənəcək: “Bütün bunların fonunda Rusiyaya qarşı olan beynəlxalq güclər də öz dəstəyini nümayiş etdirəcək. Bu isə öz növbəsində Putin Rusiyasının zərərinə işləyəcək. Bu gün Qazaxıstanda dərin proseslər gedir və bu ölkə öz inkişafında yeni bir dövrə qədəm qoyur. Nə qədər acınacaqlı olsa da, əslində bu hadisələr Qazaxıstan üçün “yeni dövrün” qapılarını açır”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə AYNA-ya şərhində söyləyib ki, Putin sonu məlum olmayan yola çıxıb: “Rusiya həmişə özünə sərgüzəşt axtaran ölkədir. Bu da Moskvanın növbəti sərgüzəştlərindən biri olacaq. Rusiyanın Qazaxıstanda əldə edəcəyi, nail olacağı heç nə yoxdur və Moskva sonda məyus olacaq. Əksinə, qazax xalqına qarşı törədilmiş soyqırıma səbəb bu xalqın anti-rus ovqatı daha da artıracaq”.

“Onsuz da çətin durumda olan, ciddi böhranlarla baş-başa qalan Moskva hazırda daha bir yükü daşımalı olacaq. Bu “səlib yürüşü” sonrası Kreml dünya ictimaiyyəti, türk dünyası, azadlıqsevər bütün dövlətlər tərəfindən ciddi qınaqlara tuş gələcək. Bu isə öz növbəsində ABŞ və Qərb dünyası tərəfindən təklənən Rusiyanın ciddi təzyiqlərlə üzləşməsinə gətirib çıxaracaq”, - deyə həmsöhbətimiz vurğulayıb.

Hüseynlinin fikrincə, hazırda Qazaxıstanı düşündürən əsas məsələ ərazi bütövlüyünü qorumaq və ölkənin parçalanmasına imkan verməməkdir: “Nursultan Nazarbayevin bu günə gətirdiyi Qazaxıstanı qoruyub saxlamaq, daxili sabitliyi bərpa etmək, rifah halını yüksəltmək və müəyyən demokratik institutlarının fəaliyyətini stimullaşdırmaq bu ölkənin qarşısında duran əsas hədəflərdir. Təbii ki, bu gün üçün buna nail olmaq mümkün deyil. Görünən odur ki, hadisələr Moskvanın iradəsi ilə cərəyan edir. Əslində isə bu, belə deyil. Rusiya qısa müddət ərzində bu mövqeyini qoruyub saxlayacaq. Qazax xalqı 30 ildə ilk dəfə olaraq demokratiya mübarizəsinə başladı. Hazırda bu mübarizənin qarşısını alsalar da, yaxın gələcəkdə qazax xalqı yenidən öz haqqını tələb edəcək”.

Müəllif: Azər Niftiyev