Tokayev: Prezident İlham Əliyevin səfəri Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Qazaxıstan Prezidenti bildirib ki, Azərbaycan Prezidentinin səfəri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq: “Bu gün biz kiçik və geniş tərkibdə substantiv danışıqlar apardıq. Ticarət-iqtisadiyyat, nəqliyyat-tranzit, enerji sahələrində əlaqələrin inkişafı məsələsini müzakirə etdik. Həmçinin, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə etdik. İnanıram ki, bu səfərin nəticələri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq”.
"Siz iki ölkə arasında əməkdaşlığı daha da gücləndirməyə hazırsınız. Mən bunu tam dəstəkləyirəm. Qazaxıstan və Azərbaycan xalqları qədim zamanlardan möhkəm dostluğa malik qardaş xalqlardır. Bizim adət-ənənələrimiz, mədəniyyətimiz, dilimiz, dinimiz oxşardır. Ən əsası odur ki, tarixi kökləri olan ölkələrimizin məqsəd və idealları ortaqdır. Ona görə də bugünkü səfər xüsusi əhəmiyyət kəsb edir”, - Qazaxıstan dövlət başçısı vurğulayıb.