Prezidentə yeni köməkçilər, Administrasiyaya isə şöbə müdirləri təyin olunub

Xəbərlər

29.11.2019 - 17:22

Prezident Administrasiyasının strukturunun tərkibi yenidən formalaşdırılıb

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub. AYNA dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.

 

Qarşıya qoyulan vəzifələrə uyğun olaraq eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcəkdir.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilsin .

 

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

 

2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

 

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

 

Dövlət başçısı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə də sərəncam imzalayıb. Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 944, № 6, maddə 1178; 2018, № 1, maddə 67, № 2, maddə 309, № 4, maddələr 729, 781, № 5, maddə 1092, № 6, maddə 1274, №11, maddə 2405; 2019, № 4, maddələr 669, 686, № 6, maddə 1072, № 7, maddə 1283) 1-ci hissəsi ləğv edilsin”.

Müəllif: Ayna.az