BNA yeni dərs ilə bağlı xəbərdarlıq edir

Xəbərlər

13.09.2019 - 15:41

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək

 

Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verilib. AYNA-ya bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Məlumata görə, tapşırılıb ki, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılsın, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılsın: "Məqsəd xüsusən də ilk dərs günü səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etməkdir. 

 

Bildirilib ki, səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək: "Nəzərdə tutulan tədbirlərin səmərəli olması üçün hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik". 

 

"Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar. Qeyd edilənləri nəzərə alaraq vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq", - deyə qeyd olunub. 

Müəllif: Ayna.az