“Politico”: Tramp qalib gəlsə, Aİ onu Putinlə birtərəfli sazişindən yayındırmağa çalışacaq

Dünya

23.04.2024 - 18:43

“Avropalı diplomatlar arasında Trampın qələbəsindən sonra atmalı olduqları təcili addımlar barədə geniş razılıq var”

Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Avropa İttifaqı ölkələri onu Kiyevi silahla təmin etməyə davam etməyə inandırmaq və Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı birtərəfli razılaşmadan çəkindirmək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

“Avropalı diplomatlar arasında Trampın qələbəsindən sonra atmalı olduqları təcili addımlar barədə geniş razılıq var: daha doğrusu, onu gələcəkdə bəzi silahların Ukraynaya göndərilməsini təmin etməyə inandırmaq, bununla da həm Kiyevi, həm də özünü yenidən silahlandırmaq üçün Avropaya vaxt qazandırmaqdır. Eyni zamanda, onu Putinlə Ukrayna üzrə birtərəfli sövdələşməyə getməməyə inandırmaq niyyəti var”, - deyə nəşr yazıb.

Bildirilib ki, yeni geosiyasi reallıqlarda Tramp yəqin ki, Ukrayna məsələsindən yaxa qurtarmaq istəyəcək.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Tramp ABŞ Prezidenti (2017-2021) kimi dəfələrlə Ukraynanı korrupsiyaya görə tənqid edib və bu ölkənin “Rusiyanın bir hissəsi olduğunu” söyləyib. Nəşrin yazdığına görə, Ağ Evdəki görüşlərdə və xarici liderlərlə danışıqlarda Tramp dəfələrlə Ukraynanın “dəhşətli insanlarla dolu” olduğunu bildirib.

Müəllif: Ayna.az