Türkiyə sərhədinə axın edən minlərlə suriyalı dünyaya çağırış etdi: "Ya hücumları dayandırın, ya da qapıları açın"
Bu gün Suriyanın İdlib şəhərindən Türkiyəyə açılan Babül Hava Sərhəd Qapısının qarşısında minlərlə müharibə qurbanı nümayiş təşkil edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, nümayişə qatılan bir çox suriyalı, "Əgər bu hücumları dayandıra bilmirsinizsə, sərhəd qapılarını açın, Türkiyəyə, ya da Avropaya gedək", - deyə tələb irəli sürüblər.
Son aylarda Rusiya və Əsəd rejiminin ortaq şəkildə həyata keçirdiyi İdlib hücumlarında yüzlərlə mülki suriyalı öldürülüb və bir o qədər də yaralanıb. Yaşayış ərazilərinə edilən hücumların artdığına görə bir neçə aydır ki, 1 milyona yaxın idlibli Suriyanın Türkiyə sərhədinə yaxın bölgələrinə köç etmək məcburiyyətində qalıb.
Dünən Rusiyanın Xüsusi Təyinatlı Qüvvələri İdlibin cənubuna girməyə cəhd göstərib. Rusiya və Şam rejiminin İdlib hücumunun şiddətini artırmasına görə minlərlə suriyalı Türkiyə-Suriya sərhədinə axın edib. Nümayişçilərin dünya ictimaiyyətindən əsas tələbi isə "Rus və rejim hücumlarının dayandırırlması” olub.
"Hücumlar durdurulsun, ya da sərhəd qapıları açılsın" şüarı səsləndirən nümayişçilər Türkiyə sərhədinə yaxınlaşdığına görə hərbi müdaxilə edilib. Sərhəd qoşunları Türkiyə sərhədinə yaxınlaşan nümayişçilərə gözyaşardıcı qaz tətbiq ediblər. Həmçinin ara-sıra havaya atəş açılıb.
Atme qəsəbəsindəki sərhəd keçid məntəqəsində də bir çox suriyalı oxşar tələblərlə nümayiş keçirib. Nümayişçilərin Türkiyə sərhədini keçməsinin təhlükəsizlik gücləri tərəfindən qarşısı alınıb.
Qeyd edək ki, 7 sentyabr 2018-ci il tarixində imzalanan müqavilədən bəri 945.992 mülki şəxs yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Həmçinin bu dövrdə 219-u qadın, 341-i uşaq olmaqla, min vətəndaş olmaqla 1282 vətəndaş öldürülüb.
Əhalisi 4 milyona çatan İdlibə tətbiq edilən hərbi əməliyyatın genişləndirilməsinin şəhərdə çox ciddi böhrana səbəb olacağı təhlükəsi var.