Paşinyanın oyunu, yoxsa ona qarşı çevriliş ssenarisi – Ermənilər küçələrdə

Dünya

07.05.2022 - 10:27

Asif Nərimanlı: “Baş verənlərdə Baş nazirin əlini gücləndirən məqamlar daha çoxdur, nəinki müxalifətin”

Təxminən iki həftədir ki, Ermənistanın müxalifət partiyaları və gənclər hərəkatları paytaxt İrəvanda və ölkənin digər bölgələrində hakimiyyətin siyasətinə qarşı birləşməyə çağıran etiraz yürüşləri təşkil edirlər. Müxalifət hesab edir ki, hakimiyyətin siyasəti Ermənistanın və “Qarabağın” təhlükəsizliyini təhdid edir.

Mayın 1-də İrəvanda keçirilən etiraz mitinqində müxalifət genişmiqyaslı dinc itaətsizlik aksiyalarına başladığını elan edib. Etirazçılar paytaxtın mərkəzində yerləşən “Place de France”da çadırlar qurub, gecəni küçələrdə keçirirlər. İştirakçılar küçələri, kəsişmələri və körpüləri bağlayırlar. 

Aksiyaları dağıtmaq, əsayişi bərpa etmək istəyən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar yaşanmaqdadır. 200-dən çox aksiya iştirakçısının, fəalın polis bölmə və şöbələrində saxlanıldığı haqqında məlumatlar var. 

İtaətsizlik aksiyalarının əsas təşkilatçıları Ermənistan Parlamentinin müxalif "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyan və müxalifətdən olan vitse-spiker İşxan Saqatelyandır. Onlar bəyanatlarında hakimiyyətə qarşı tək tələb irəli sürürlər - Baş nazir Nikol Paşinyanın tezliklə istefaya getməsini.

Ermənistanda baş verən siyasi böhranın necə yön alacağı ilə bağlı müxtəlif mülahizələr var. İstər erməni analitikləri, istərsə də bizim yerli ekspertlərin əksəriyyəti hesab edir ki, Paşinyan hakimiyyətini qoruyub-saxlamağı bacaracaq, çünki Nikolun xalqdan dəstəyi böyük olmaqla yanaşı, hazırkı erməni müxalifətinə cəmiyyət inanmır. Müxalifətin başında dayananlar sabiq hakimiyyət təmsilçiləridir ki, ermənilər bu şəxslərin hansı quldurluqları, talançılıqları törətdiklərini bilirlər. 

Müəyyən kəsim isə hesab edir ki, müxalifət istəyinə nail ola, Paşinyan devrilə bilər. Arqument kimi isə o gətirilir ki, erməni müxalifətinin yaratdığı böhranın arxasında əslində xarici qüvvələr, daha doğrusu, Rusiya dayanır.

Qeyd edilir ki, əslində Vanetsyan, Saqatelyan, onların da başında dayanan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyan Kremlin marionetləridir. Bildirilir ki, Paşinyanın Azərbaycanla razılaşmaya yönəlik siyasətini istəməyən Rusiya prosesi pozmaq niyyətindədir. Poza bilməsə də, ən azından bunu gecikdirməyi düşünür. Bu baxımdan, Moskvanın İrəvandakı təsir agentləri vasitəsilə Paşinyan hakimiyyətini laxlada, sonunda devirə biləcəyini düşünən analitiklər az deyil. 

Ermənistanda baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı hesab edir ki, baş verənlərin hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyi ehtimalı çox azdır:

- Mövcud vəziyyəti analiz etdikdə bunun aydın səbəbləri görünür. Birincisi, hakimiyyətin inzibati resursları genişdir və hazırda bundan lazımınca yararlanır, xüsusilə, aksiyaya şərait yaradılsa da, nəzarətdən çıxmasına imkan verilmir. İkincisi, Qərbin hakimiyyəti dəstəkləməsi Paşinyanın repressiv addımlar atmasına şərait yaradır və lazım olarsa, tədbirlər sərtləşdiriləcək, rəsmi İrəvan da buna görə ciddi təzyiqlə üzləşməyəcək. Üçüncüsü, Ermənistanda həlledici mövqeyə malik olan erməni diasporu və kilsə proseslərə açıq dəstək vermir. Bir neçə ölkədə diaspor nümayəndələri kiçik yürüşlər keçiriblər, lakin bu, olduqca azdır. Dördüncüsü, hakimiyyətin dəyişikliyini istəyən xarici qüvvə görünmür. Qərbin Paşinyana dəstək verdiyi bəllidir, lakin aksiyanı təşkil edən müxalifətin bağlı olduğu Rusiya da Paşinyanın getməsini istəmir.

Hesab edirəm ki, bu amillər dəyişiklik gözləntisini azaldır. Yalnız fors-major situasiyada, hakimiyyətin fiziki aradan götürülməsi, yaxud silahlı qiyamla iqtidarın ələ keçirilməsi kimi hallarda vəziyyət dəyişə bilər. Paşinyanın belə ssenarilərə qarşı önləyici tədbirlər gördüyü istisna deyil.

- Erməni cəmiyyəti hazırkı müxalif qüvvələri nə qədər dəstəkləyir?

- Aksiyanın görüntüləri və rəqəmlər əhalinin az qisminin dəstək verdiyini deməyə əsas verir. Paşinyan 2018-ci ildə küçə inqilabı ilə hakimiyyətə gəldi, indi müxalifət eyni taktikadan ona qarşı istifadə etməyə çalışır. Lakin iştirakçı sayı arasında ciddi fərq var. Müxalifət oturaq aksiya və küçələrin bloklanması kimi planları tətbiq edir və düşünürlər ki, şəhərdə həyatın iflic olması daha çox insanın aksiyaya qoşulmasına şərait yaradacaq. Lakin hakimiyyət özünün 4 il öncə tətbiq etdiyi taktikanı yaxşı bildiyi üçün buna imkan vermir.

Digər tərəfdən, ən mühüm amil tələbin nə olmasıdır. Paşinyan sosial tələblə Sarqsyanı devirə bilmişdi. İndiki aksiyalarda tələb sosial problemlər yox, Qarabağdır və bu, Ermənistan əhalisinin marağını azaldır. Çünki ermənilər bunun yeni müharibə demək olduğunu yaxşı anlayırlar və 44 günlük müharibədən sonra ermənilər döyüşmək istəmirlər. Müharibədən sonra Paşinyanın seçkidə böyük səs çoxluğu ilə qələbə qazanması bundan qaynaqlanırdı. Müxalifət əhaliyə deyir ki, gəlin Paşinyanı devirək və Qarabağa görə yeni müharibəyə başlayaq. 44 günlük müharibədə aldığı yaraları sağalmayan erməni əhalisi bunu qəbul etmir, ən azı uzun müddət də istəməyəcək. Eyni zamanda, əhali 4 il öncə Paşinyana keçmiş klan hakimiyyətlərini devirmək üçün qoşulmuşdu, indi eyni klanı hakimiyyətə gətirmək üçün küçəyə çıxmaq istəmir. Bu baxımdan, proseslərdə Paşinyanın əlini gücləndirən məqamlar daha çoxdur, nəinki müxalifətin.

- Rusiyanın Ermənistanda böhranın yaranmasında hansısa əli ola bilərmi?

- Prosesdə Rusiyanın maraqları onun iştirakını istisna etmir. Moskvanın Cənubi Qafqazda əsas planı vasitəçiliyi üzərindən hakim mövqeyini qorumaq və kənar qüvvənin – Qərbin müdaxiləsini minimallaşdırmaqdır. Brüssel görüşü və əldə olunan razılaşmalar, xüsusilə Bakı ilə İrəvan arasında ikitərəfli format üzrə danışıqların başlanması rusların istəmədiyi situasiyadır. Müxalifətin etiraz aksiyası ilə Ermənistan hakimiyyətinə Brüssel prosesindən çıxması üçün təzyiq edilir. Lakin Rusiyanın burada məqsədinin Paşinyanı devirmək olduğu ehtimalı da azdır. Çünki ruslar Qərb masasındakı anlaşmaların yox, özlərinin vasitəçilik etdikləri üçtərəfli razılaşmaların aktuallığının saxlanılmasını istəyirlər. Paşinyanı əvəz edəcək qüvvələr “Qarabağ tələbi” ilə iqtidara gəlirlərsə, bu razılaşmaların icrası çətin olacaq. O baxımdan, Paşinyan Rusiyaya da ən azı üçtərəfli razılaşmaların icrası baxımdan lazımdır.

Təbii ki, Moskva bu razılaşmaların bütün bəndlərinin icrasını həyata keçirmək niyyətində deyil, maksimum şəkildə prosesi uzatmaqda maraqlıdır, xüsusilə sülh müqaviləsini. Sülh müqaviləsi qaçılmaz olacaqsa, o zaman özlərinin prosesdə hakimlik etməsinə və maraqlarının nəzərə alınmasına çalışırlar. Bu situasiya fonunda baş verənlər Rusiyanın Paşinyanı devirmək yox, ona təzyiq etmək planı kimi görünür. Hərçənd, etirazlar müəyyən mənada Ermənistan hakimiyyətinə də sərf edir.  

- Bəzi iddialara görə, Paşinyan özü bu vəziyyətin yaranmasını təşkil edib ki, Azərbaycanla bağlı əldə olunan razılaşmalardan boyun qaçıra bilsin. Çünki proses Paşinyanın Moskva səfərindən sonra şiddətləndi...

- Hazırda Qərbin Brüssel razılaşmasının icrası üçün Ermənistan hakimiyyətinə təzyiq etdiyi aydın görünür. Paşinyan bu anlaşmadan açıq şəkildə imtina edə bilmir. Burada Qərbin dəstəyi, Avropa İttifaqı ilə əlaqələr, o cümlədən, Rusiyanın geosiyasi mənzərədəki yerinin müəmmalı olması kimi amillər rol oynayır. Digər tərəfdən, İrəvan kommunikasiyanın açılmasında və Türkiyə üzərindən Avropaya çıxış əldə etməkdə maraqlıdır. Ermənistan üçün mürəkkəb vəziyyət yaranıb və onlar prosesdən maksimum daha az ziyanla çıxmağa, xüsusilə, Qarabağdakı ermənilərlə bağlı istəklərinin hansısa formada nəzərə alınmasına çalışırlar. Lakin sülh sazişinin Bakının şərtləri ilə imzalanması qəbul edilir. Qərb masasında artıq bu razılaşma var. Öz vasitəçiliyini qorumağa çalışan və prosesi uzatmaq istəyən Rusiya belə, bu şərtləri nəzərə almağa məcburdur.

Belə vəziyyətdə Paşinyana “ictimai etiraz” manevr imkanı yarada bilər və Ermənistan “xalqın ciddi narazılığı var, indi sülh sazişinə imza atmaq dağıdıcı nəticələrə səbəb ola bilər” bəhanələri ilə vaxt qazanmağa, istəklərinin qəbul edildiyi şərtlərin yetişməsinə, yaxud ən azı geosiyasi şəraitin aydınlaşmasına qədər uzatmağa çalışa bilər. Paşinyanın burada daxil siyasətə hesablanmış maraqları da var. Müxalifətin nəticəsiz aksiyası ilə “Qarabağ klanı”nın mövqelərini daha da zəiflədə, həm də Rusiyaya Ermənistandakı əsas güc olduğunu göstərə bilər.

- Ermənistanda hakimiyyət dəyişsə, hakimiyyətə gələcək qüvvələr Qarabağla bağlı hansı addımları ata bilərlər?

- Yeni qüvvələr “yeni müharibə” tələbi ilə hakimiyyətə gəlmək istəyirlər. Fors-major situasiya yaranarsa və hakimiyyət dəyişərsə, yeni qüvvələr Rusiyanın vasitəçilik etdiyi razılaşmalardan kənara çıxmayacaqlar. Lakin proses uzanacaq və xüsusilə sülh müqaviləsinin imzalanmaması, Qarabağdakı separatçı-terrorçu rejimin qalması xəttini inkişaf etdirəcəklər. Rusiya da kommunikasiyanın açılmasında, regional əməkdaşlıq platformasının qurulmasında maraqlı olsa da, uzunmüddətli sülh və Qarabağ məsələsinin tamamilə sıradan çıxmasını istəmir. Azərbaycanın istəklərinə, tələblərinə qarşı çıxmayacaqlar, sadəcə prosesi müxtəlif yollarla uzadacaqlar. Əlbəttə, bu  vəziyyət prosesi yeni müharibəyə apara bilər.

Müəllif: Anar Bayramoğlu