Mərkəz rəhbəri: “Paşinyan Ermənistan Konstitusiyasına dəyişiklik məsələsini müzakirə etməyə hazır olmadığına görə görüşdən yayındı”
Ermənistan tərəfi Azərbaycanla Böyük Britaniyada görüşdən imtina edib. “Avropa Siyasi Birliyi"nə ev sahibliyi edən Böyük Britaniya tərəfindən tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi təşəbbüsü irəli sürülüb. Amma Paşinyan görüşdən yayınıb.
Paşinyanın masadan qaçışı ilə bağlı mediaya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, London belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edib: “Bunun Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münhen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk”.
“Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk”, - Prezidentin köməkçisi vurğulayıb.
İrəvanın görüşdən imtinası ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan Baş nazirinin Azərbaycan Prezidenti ilə görüşdən yayınmasının bir neçə səbəbi var:
- Birinci səbəb görüşün Londonda keçirilməsidir. Çünki Böyük Britaniya Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biridir. Avropanın bu aparıcı ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu fakt isə heç vaxt Ermənistanın və ona havadarlıq edən güclərin xoşuna gəlməyib. Hətta 44 günlük müharibə zamanı Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnaməni müzakirəyə çıxarmaq istəyəndə bunun qarşısını alan dövlətlərdən biri də məhz Böyük Britaniya idi.
Görüşdən imtinanın ikinci səbəbi isə yəqin ki, Ermənistanın dostu Fransanın İrəvana verdiyi göstərişdir. Təbii ki, görüş Fransada olsaydı, Ermənistan buna dərhal razılaşardı. O başqa məsələ ki, Azərbaycan lideri Fransanın vasitəçiliyi ilə görüşə qatılmaz.
- Belə fikirlər var ki, Paşinyan Londonda Bakının şərtlərini dinləməmək üçün bu görüşdən imtina edib...
- Əlbəttə, bu də səbəblərdən biridir. Prezindet İlham Əliyevin sülhlə bağlı tələb və şərti bəllidir. Azərbaycan tərəfi haqlı olaraq, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən bəndlərin çıxarılmasını tələb edir. Beynəlxalq hüquq da məhz bunu tələb edir. Azərbaycana qarşı ərazi iddiası Ermənistanın ana qanununda qaldığı halda imzalanan sülh sazişinin dayanıqlılığı xeyli şübhə yaradır. Paşinyan bilir ki, istənilən görüşdə İlham Əliyev bu tələbi qaldıracaq. Çünki Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən, ərazi iddialarını özündə əks etdirən müddəalar dəyişdirilmədən sülh sazişi və ya çərçivə sənədinin imzalanması mümkünsüzdür. Görünən odur ki, Ermənistan rəhbərliyi bu barədə müzakirəyə hazır deyil.
Bundan əvvəl Paşinyan deyirdi ki, Ermənistan Konstitusiyasında dəyişiklik edəcəklər, referendum labüddür və s. Amma biz görürük ki, indi başqa sözlər deyirlər, fikirləri dəyişib. İndi Ermənistan rəhbərliyi bəyan edir ki, “yox, iki ildən sonra parlament seçkiləri keçiriləcək, onu gözləməliyik”. Azərbaycan isə bu qədər gözləmək niyyətində görünmür. Hesab edirəm ki, Paşinyan bu məsələni müzakirə etməmək üçün masadan qaçmağa üstünlük verdi.
- Bu, sülh danışıqları prosesinin dayanması anlamını verir?
- Mən deməzdim ki, danışıqlar ümumiyyətlə dayanacaq. Sülh danışıqları davam edəcək. Hətta Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin görüşdən imtina barədə açıqlamasından sonra Ermənistan Xarici İşlər Nazirliyi hiyləgərlik etdi, məlumat yay dı. Guya ki, Azərbaycan tərəfi görüşdən imtina edib. Ermənistan tərəfi bu açıqlamanı verməklə görüşdən imtinalarını Azərbaycanın imtinası kimi təqdim etməyə çalışdı. Çünki Ermənistan ictimaiyyəti İrəvanın görüşdən imtinası ilə bağlı suallarının sayını çoxaltdı, “sülh danışıqları dayandımı, bundan sonra nə olacaq” ajiotajına düşdü. Ermənistan XİN isə açıqlaması ilə hiyləyə əl atdı, guya danışıqlardan imtina edən tərəf Azərbaycandır. Sual olunur: Azərbaycan görüşdən niyə imtina etsin ki? Rəsmi Bakı da, Azərbaycanın ali rəhbərliyi də hər zaman bəyan edib ki, görüşlərə, danışıqlara hazırdır. İlham Əliyev Londona səfərə gedibsə, orada Paşinyanla görüşdən niyə imtina etsin?! Bu baxımdan, İrəvanın iddiası məntiqsiz və əsassızdır.
- Maraqlıdır ki, bu müddət ərzində Böyük Britaniyanın vasitəçiliyi olmayıb. Sizcə, görüş baş tutsaydı, nəticə nə olardı?
- Adətən belə görüşlərdə yüksək nəticə gözlənilmir. Böyük Britaniya görüşü təşkil etmək istəyirdi. Məsələ burasındadır ki, son vaxtlar Azərbaycanla Ermənistan arasındakı danışıqlarda əsas iki moderator var: biri Berlin, biri də Vaşinqtondur. Fevral ayında Münhendə keçirilən Təhlükəsizlik Konfransında Almaniya fürsətdən istifadə edib Azərbaycan və Ermənistan arasında görüş təşkil olundu. Bu günlərdə isə Vaşinqtondakı NATO sammitində ABŞ fürsətdən istifadə edib hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü keçirdi. Böyük Britaniya da Londonda keçirilən beynəlxalq tədbirdən istifadə edərək Bakı və İrəvan arasında görüşün keçirilməsini istədi. Bu təklif Londonun bertlin və Vaşinqtondan geri qalmamaq niyyəti ilə bağlı idi. Həm də Britaniya istəyir ki, moderatorlardan olsun. Təəssüf ki, Paşinyan görüşdən imtina etdi. Mümkündür ki, rəsmi London fəallığı artıraraq liderlərin görüşünü təşkil etsin.
Bütün hallarda isə yenə deyirəm, görünür Paşinyan Ermənistan Konstitusiyasına dəyişiklik məsələsini müzakirə etməyə hazır olmadığına görə görüşdən yayındı.