Paşinyanın Gümrü səfərində insident: Baş naziri fitə basdılar

Dünya

29.03.2024 - 14:57

Vətəndaşlarla patrul əməkdaşları arasında toqquşmalar baş verib

Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrüyə səfəri zamanı sakinlər tərəfindən fitə basılıb. AYNA xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qeyd edək ki, Paşinyan başda olmaqla Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının rəsmiləri martın 23-də Gümrüyə gediblər.

“Gümrüdə yerli sakinlər hakim elitanın üzvlərini çox “isti” qarşılayıblar. Sürücülər Paşinyanın kortejini səs siqnalları və fitlərlə müşayiət ediblər”, - deyə nəşrin məlumatında bildirilib.

Bundan əlavə, qeyd olunub ki, həmin gün Gümrü şəhərinin mərkəzi küçələri bağlanıb, Paşinyanın gəlişi münasibəti ilə patrul əməkdaşları şəhərdə nəqliyyatın hərəkətini dayandırıb. Bu da yerli sakinləri qəzəbləndirib. Ona görə də vətəndaşlarla patrul əməkdaşları arasında toqquşmalar baş verib.

Qəzetin mənbələrinin bildirdiyinə görə, Gümrüdə Paşinyan demək olar ki, Tavuşda olduğu kimi təhdidedici və ürəkaçan olmayan bəyanatlar verib. Deyib ki, “bizim alternativimiz yoxdur, Azərbaycanın tələb etdiyi ərazilərdən imtina etməliyik ki, müharibə olmasın”.

“Eyni zamanda, Baş nazir Azərbaycanın tələbinin yerinə yetiriləcəyi təqdirdə müharibə olmayacağına heç bir zəmanət verməyib”, - “Joxovurd” qeyd edib.

Müəllif: Ayna.az