Baş naziri hakimiyyətə gəldikdən sonra “hər şey ordu üçün” prinsipini rəhbər tutduğunu bəyan edib
“2020-ci ilin avqustunda ordunun qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazır olduğuna məni əmin etdilər”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclası zamanı deyib.
“2020-ci ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin və “müdafiə ordusu”nun öz məqsədlərini həyata keçirəcəyinə dair təminat aldım. 2018-ci ildən sonra “hər şey ordu üçün” siyasətini rəhbər tutdum”.
Baş nazirin fikrincə, problem başqa şeylərlə yanaşı, yeni silahların alınması ilə bağlı olub: “2019-cu ildə orduda müqaviləli hərbçilərin maaşları artdı, texnika və sursat alındı. Elə hal olmayıb ki, ordu hökumətə müraciət etsin, amma maliyyə çatışmazlığı səbəbindən bundan imtina olunsun”.
Bundan əlavə, Baş nazir əmin edib ki, hakimiyyət dəyişikliyindən sonra hərbi tədarük planı dəyişməyib.
““Tor”, “Osa-AK” hava hücumundan müdafiə sistemləri alınıb. “Osa-AK”ın döyüşə nə qədər hazır olması ilə bağlı çoxlu müzakirələr aparıldı. Amma 2020-ci ilin avqustunda İsrail istehsalı olan “Hermes” pilotsuz uçan aparatı bu sistemlə vurulub... Məndə satınalma planının dəyişmədiyi barədə arayış var”, - Paşinyan bildirib.
Xatırladaq ki, 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclasına digər yüksək rütbəli hərbi və siyasi xadimlər də dəvət olunub. Müzakirələr iyunun 20-də başlayıb. Komissiyanın iclasının bir hissəsi ictimaiyyətə açıq keçirilir.