Parlamentdə Moskva və Brüsselin vasitəçiliyindən imtina çağırışı: “İrəvanda üçlü görüş keçirilsin”

Aktual

06.12.2022 - 14:12

Komitə sədri: “Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, sizi strateji silahlar yox, Azərbaycan və Türkiyənin qarantiyası xilas edə bilər”

“Brüsseldən, Praqadan, Moskvadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur"

Milli Məclisin bu gün keçirilən plenar iclasında gündəlikdə olan 48 məsələ müzakirə olunub. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantında deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüblər.

Deputat Azay Quliyev xatırladıb ki, dekabrın 5-i Qərbi Azərbaycanlıların öz tarixi vətənlərindən qovulduğu, deportasiya edildiyi gündür. Millət vəkili hesab edir ki, deportasiya günü Azərbaycanda ayrıca gün kimi qeyd edilməlidir.

“Təklif edirəm ki, dekabrın 5-i Azərbaycanda Deportasiya Günü kimi qeyd edilsin. Eyni zamanda, deportasiya qurbanlarının şərəfinə abidənin ucaldılması da yaxşı olardı”.

“Laçın yoluna Azərbaycan sərhəd və gömrük xidmətinin birgə nəzarəti təmin edilməlidir”

A.Quliyev İrana nota verilməsi məsələsinə də toxunub: "Bir müddət əvvəl 14 nəfər İran vətəndaşının sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə qanunsuz keçməsi ilə bağlı rəsmi məlumat yayıldı. Bununla əlaqədar olaraq, Azərbaycan XİN-i İran səfirliyinə etiraz notası təqdim edib. Hələ ki, İran notaya cavab verməyib.Lakin burada daha ciddi problem odur ki, rusiyalı sülhməramlıların komandanı general Volkov bizim jurnalistlərə verdiyi müsahibədə açıq etiraf etdi ki, onlar Laçın yolunda gediş-gəlişə nəzarət edə bilmirlər, hətta, bunun üçün lazımı texnikaya və ya avadanlığa malik deyillər. Bu isə o deməkdir ki, sülhməramlıların müvəqqəti nəzarət etdikləri ərazilərimizə istənilən qədər narkotik, silah və o cümlədən terrorçular və ya diversantlar asanlıqla daxil ola bilər. Belə hallar isə bizim təhlükəsizliyimizə, Qarabağda aparılan böyük həcmli quruculuq işlərinə, nəhayət o ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərə ciddi təhdid və təhlükə yaradır”.

“Bu təhlükənin vaxtında qarşısını almağın və ərazilərimizə nəzarəti bərpa etməyin yeganə yolu sülhməramlıların nəzarət edə bilmədiyi Laçın yoluna Azərbaycan sərhəd və gömrük xidmətinin birgə nəzarətini təmin etməkdir. İlkin mərhələdə sülhməramlılarla Azərbaycanın qeyd etdiyim müvafiq dövlət orqanları birgə fəaliyyət göstərə bilər. Bu reallığı gec -tez hamı qəbul etməlidir və Laçın yolunda effektiv nəzarət sistemi tətbiq olunmalıdır", - deputat qeyd edib.

Deputatdan səfirlərə irad: “Heç 2-3 dostu da yoxdur ki, nəsə etsin?”

Deputat Fazil Mustafa Azərbaycanın xaricdəki səfirlərini qınayıb. Millət vəkili deyib ki, diplomatlarımız xarici ölkələrdə yaxşı əlaqələr, münasibətlər qura bilmirlər: “Biz ötən dəfə Fransa Senatının, Milli Assambleyasının yarıtmazlığı ilə bağlı fikirlər ortaya qoyduq, kifayət qədər sərt reaksiyamızı göstərdik. Amma hesab edirəm ki, öz yarıtmazlığımızı da unuduruq. Necə ola bilər ki, bir parlamentdə 256 nəfər əleyhimizə səs verir? Biz 30 ildir ki, müstəqilik, 30 ildir ki, orada diplomatik korpusumuz fəaliyyət göstərir. Söhbət təkcə Fransadan getmir. Eləcə də Almaniya, Belçika və digər ölkələrdə də vəziyyət eynidir. Səfirimizin 2-3 dostu da yoxdur? Hamısı erməni təsirində ola bilməz axı. İnsanlar bəzən qabiliyyətsizliyinə görə irəli çəkilir”.

“Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi var, olar da vəziyyəti nəzərə almalıdır. Xaricdə Azərbaycanı tanıtmağa xeyli pul ayrılır. Düşünürəm ki, buna ehtiyac yoxdur. Prezident ən yüksək səviyyədə ölkəni tanıdır, haqq sözümüzü çatdırır”, - F.Mustafa əlavə edib.

Millət vəkilindən aktyorların təqaüdə göndərilməsinə etiraz: “Bu adamlar 260 manat təqaüdlə necə yaşasın?”

Mədəniyyət sahəsindəki problemlərdən danışan deputat Aqil Abbas yaşlı aktyorların təqaüdə göndərilməsinin doğru olmadığını bildirib: “Sənətkarın yaşı olmaz. Ona qalsa, şair 75 yaşında şeir yazmamalıdır ki, qocadır. Ölkənin ən yaxşı aktyorlarından biri Taryel Qasımovdur. Onu və başqalarını təqaüdə göndəriblər. Bu adamlar 260 manat təqaüdlə necə yaşasın? Onların yaşına uyğun rollar ola bilər. Seyid Şuşinski 70 yaşına qədər oxuyub. İndi oxumasın ki, təqaüd yaşındadır? Xahiş edirəm bu məsələyə dair Mədəniyyət Nazirliyi ciddi ölçü götürsün. Teatr direktorları sanki özlərinə ölkə yaradıblar, özlərini də rəhbər kimi aparırlar”.

“Pedoqoji Universitetin Şəki filialı müstəqil universitetə çevrilsin” – Təklif

“Dekabrın 2-də Prezident İlham Əliyev və Mehriban xanım Şəkiyə səfər edərək bir sıra infrastruktur layihələrinin açılışında iştirak edib. Qaraməryam-İsmayıllı yolunun açılışı Balakəndən-Şəkiyə deyil, Bakıya qədər olan bütün rayonların inkişafına xidmət edəcək”. Bu sözləri isə deputat Əli Məsimli deyib.

Millət vəkili vurğulayıb ki, görüşlərdə Prezidentin Şəki Xan Sarayının təmiri məsələsini gündəmə gətirməsi yüksək qiymətləndirilir. Bu il Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının 30 illiyi təntənəli şəkildə qeyd edilib. Bu filialın regionun inkişafında böyük rolu olub. Mən özüm də orada mühazirələr oxuyuram. Hesab edirəm ki, Şəki filialının müstəqil universitetə çevrilməsinin zamanı çatıb. Rayon ziyalıları ilə söhbətimdən gəldiyim qənaət budur ki, Şəki filialı müstəlil universitetə çevrilsə, onlarla ziyalı burada dərs deməyə və mühazirə oxumağa hazırdır”.

Azərbaycanda dərman qıtlığı: “Dərman vasitələrinin tapılmaması xəstə və həkimlər üçün problem yaradır”

Deputat Rəşad Mahmudov isə ölkədə dərman qıtlığı ilə bağlı məsələyə toxunub. Millət vəkili deyib ki, son zamanlar ölkədə bəzi dərman vasitələrinin tapılmaması xəstə və həkimlər üçün problem yaradır: “Xüsusilə, bu dərmanların alternativlərinin olmaması problemin ciddiliyindən xəbər verir".

“Yaranan vəziyyət problemin ciddi şəkildə həllini tələb edir. Düşünürəm ki, problemin yaranmasının iki səbəbi var. Birincisi, beynəlxalq səbəbdir. Pandemiya dünya üçün sıxıntılar yaratdı. İstehlak və idxal zəncirindəki qopmalar acınacaqlı duruma səbəb oldu. Daha sonra Rusiya-Ukrayna müharibəsi gedir ki, bu, həm qıtlıq yaradır, həm də qiymət artımına səbəb olur”.

“Digər səbəb isə daxilidir. Dünya təcrübəsində dərmanların ölkəyə gətirilməsi ilə özəl şirkətlər məşğul olur, dövlət isə prosesə nəzarət edir və qiymətləri tənzimləyir. Qiymət tənzimlənməsini Səhiyyə Nazirliyi həyata keçirir. İndi qiymət artımı ilə birlikdə çevik reaksiya da vacibdir. Dərman peraparatlarını idxal edən şirkətlər qiymətlərin bahalığı səbəbindən onu ölkəyə gətirməyə maraq göstərmirlər”, - millət vəkili əlavə edib.

““Səhər” kanalının və İran radiolarının Azərbaycanın efir məkanına müdaxiləsinin qarşısı alınmalıdır”

“İranın bir sıra xəbər agentlikləri, eləcə də televiziya kanalları, xüsusilə, “Səhər” kanalı Azərbaycan Prezidenti və xalqının ünvanına davamlı olaraq hədyanlar yağdırırlar. İran radioları da Azərbaycanın efir məkanına müdaxilə edirlər. Eyni zamanda, sosial şəbəkələrdə müəyyən səhifələr yaradılır, Azərbaycanda yaşayan müxtəlif xalqların adlarından istifadə edilərək ölkəmiz əleyhinə təbliğat davam etdirilir”. Bu sözləri çıxışı zamanı deputat Ceyhun Məmmədov səsləndirib.

Millət vəkilinin sözlərinə görə, “Səhər” kanalının və İran radiolarının Azərbaycanın efir məkanına müdaxiləsi ilə bağlı uzun müddətdir müzakirələr aparılır: “Amma hələ də bu məsələ həllini tapmayıb. Biz bu barədə ciddi şəkildə düşünməliyik. Eyni zamanda, düşünürəm ki, İranda yaşayan azərbaycanlılar üçün teleradio verilişləri hazırlanmalıdır. Biz müxtəlif, xüsusilə, fars və ərəb dillərində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və erməni vəhşiliyinin ifşası istiqamətində təbliğat işlərini də qurmalıyıq. Məsələn, qardaş Türkiyənin TRT kanalı müxtəlif dillərdə yayımlanır, ölkə həqiqətlərini dünyaya çatdırır. Biz də indidən informasiya müharibəsində qələbəmizi gücləndirmək üçün bu cür addımlar atmalıyıq. Azərbaycan televiziya və radiolarında İranda yaşayan soydaşlarımıza yönəlik verilişlər hazırlanmalıdır”.

Komitə sədri: “Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc hazırkı geosiyasi vəziyyətin çətinliyindən, Azərbaycanın diplomatik addımlarından danışıb. Millət vəkili bildirib ki, xalqlar əbədi müharibə və düşmənçilik şəraitində yaşaya bilməz: “Biz savaşla Şuşanı aldıq, sülhlə İrəvanı qazanacağıq. Türkiyə Prezidentinin sözçüsü İbrahım Kalın son müsahibəsində Ermənistanla sərhədlərin açılması üçün körpülərin təmirindən, gömrük-buraxılış məntəqəsinin hazırlanmasından və birgə nahardan danışaraq, sülh müqaviləsinin tək şərtinin üçtərəfli görüşlər olduğunu deyib. Dövlət rəhbərlərinə yaxın yüksək ranqlı bir məmurun Ankara və Bakının İrəvanla birbaşa təmaslara keçməsini söyləməsi vasitəçilərin planlarını pozmağın tək yoludur. Qələbədən sonra Moskva, Brüssel, Soçi və Praqada aparılan danışıqlar göstərdi ki, moderatorlara sülh yox, Qafqazda hökmranlıq lazımdır. Ona görə də Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir".

“Bu gün Hollandiya və Fransa parlamentlərinin qərarlarını heç Ermənistan özü qəbul etməyib. Günün birində Cozef Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar, təəccüblənməyin. Ukrayna torpaqlarının müdafiəsinə 93 milyard avro silah və maliyyə yardımı ayıran, Krımı qaytarmağı tələb edən NATO üzvlərinin Qarabağa müstəqillik çağırışı ərazi bütövlüyünə və hüquqa həqarətdir. Onlara baxanda, Paşinyan dost ölkənin rəhbəri kimi görünür. Adam 4 ildir ki, keçmiş prezidentlərdən xalqımızın intiqamını alır və işğala görə utanır, üsyan edir ki, ikinci dövlət avantürası “ermənisiz Ermənistan” deməkdir”, - deyə Z.Oruc bildirib.

“Ermənistan Parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir”

Komitə sədri deyib ki, Ermənistan Parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir: “Məsələn, “beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək, 2020-ci ilin səhvlərini təkrarlamamalıyıq, Qarabağ məsələsində plankanı aşağı salmalıyıq, əks halda, onlara ümid bəsləməməyi xahiş edirlər, biz sənədi imzalayacağıq, çoxları bizi söyəcək, satqın adlandıracaq, lakin nəticədə davamlı sülh əldə edəcəyik" sözlərini xatırlatmaq kifayətdir. Xaricdən siyasi hücumlara ən yaxşı cavab Əliyevin və Ərdoğanın İrəvanda Paşinyanla üçlü görüşüdür. Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın ayrı yolu yoxdur. Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, sizi strateji silahlar yox, Azərbaycan və Türkiyənin qarantiyası xilas edə bilər. 6 oktyabrda Praqada Ərdoğan-Paşinyan görüşü 100 ilin düşmənçiliyinə, qorxu və nifrətinə son qoymaq üçün ilk sınaq oldu”.

“Üç dövlət rəhbərinin kənar vasitəçilərə ehtiyacının olmadığını tarix də sübut edir. 1921-ci ildə Atatürk, Nərimanov və Lukaşinin tapşırığı ilə yüksək təmsilçilər dəfərlərlə görüşüb Qars müqaviləsini hazırlamışdılar. Türkiyə olmasa da, Heydər Əliyevlə Köçaryan 1999-cu ildə sərhəddə görüşmüşdülər. Regionda barış üçün təşəbbüsləri xarici mərkəzlər linç edir. Milli informasiya məkanımıza yüzlərlə xəbər və kontentlərlə gündəmi formalaşdıran onlarla casus şəbəkələri var. Bir sözlə, Brüsseldən, Praqadan, Moskvadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur", - deputat fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu