Parad zamanı Azərbaycan bayrağını Qaşım Maqomedov və Zeynəb Hümmətova dalğalandırıblar
Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. AYNA xəbər verir ki, "Stad de Frans" stadionunda təşkil olunan tədbir ötən gün Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Bağlanış mərasimində ölkələrin paradı olub. Parad zamanı Azərbaycan bayrağını Olimpiadanın gümüş mükafatçısı taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.
Qeyd edək ki, Azərbaycan idmançıları "Paris-2024" Yay Olimpiya Oyunlarında 7 medal qazanıblar. Ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Azərbaycan Yat Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.