Çıxış yolu hər zaman var

İdman

14.06.2020 - 22:30

Rəhman Hətəmov: “Karantin dövründə idman zallarının bağlı olmasına baxmayaraq, mümkün olan üsullarla idman etməliyik”

 

Koronavirus pandemiyası səbəbindən dünyada idman yarışları dayandırılıb. Hətta Tokio Olimpiya oyunları belə, təxirə salınıb.

 

Ölkəmizdə də virusun yayılmasının qarşısı alınması üçün idman zalları bağlanıb. Digər tərəfdən yanaşsaq, xəstəliyə tutulmamaq, məğlub olmamaq üçün orqanizmin immuniteti güclü olmalıdır. Bunu da təmin edən amillər sırasında normal qidalanmaq və yuxu rejimi ilə yanaşı, idman, fiziki hərəkətdir.

 

Mövzu ətrafında AYNA-nın suallarını Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə idman ustası Rəhman Hətəmov cavablandırıb.

- Karantin dövründə immunitetin gücləndirilməsi, sağlam qalmaq üçün nə etməliyik?

 

- İmmunitetin gücləndirməsi üçün ən efektiv üsullardan biri idmandır. Bunu tövsiyə edən həkimlərimizdir. İdman həm sağlamlıq cəhətdən, həm də psixoloji durumun yaxşılaşdırması üçün pandemiya düvründə ən yaxşı üsuldur. Çünki immunitetin düşməsi həm də psixoloji problemlərdən əmələ gəlir. Hər kəs aktiv hərəkətlər etməli, idmanla məşğul olmalıdır.

 

- Koronavirusdan qorunmaq üçün fiziki hərəkətlərin önəmi varmı? Varsa, hansı hərəkətlər və gündə nə qədər məşq edilməlidir?

 

- İdmanla koronovirusdan qorunmaq, immuniteti gücləndirmək mümkündür. Bu gücləndirilmiş karantin dövründə idman zallarının bağlı olmasına baxmayaraq, mümkün olan üsullarla idman etməliyik. Misal üçün, açıq hava şəraitində gəzinti (intensiv gəzinti), qaçış, velosiped sürmək. Onları da eləyə bilməyən şəxslərə evdə idman hərəkətləri etməyi tövsiyə edirəm. Məsələn, turnik, “jqut”la hərəkətlər, qantellərlə məşq, dartınma hərəkətləri, yoqa və s. Bu hərəkətləri edə bilməyənlər isə pilləkənləri enib-qalxmaqla idman hərəkətləri etməlidirlər. Tənbəllikdən və ya müəllimsiz idman eləyə bilməyənlər internetə baxsınlar, bütün idman növləri üzrə məşqlər var, həmin videolara baxaraq idman edə bilərlər.

 

- Koronavirus karate idman növünə necə təsir etdi?

 

- Koronavirus bütün idman növlərində olduğu kimi, karate idman növündə də məşqlərin dayandırılmasına səbəb oldu. Daha sonra yerli və beynəlxalq yarışların olmaması idmançıların təcrübələrini itirməsinə və formadan düşmələrinə səbəb oldu. 

 

- İdmançıların reytinqləri yarışlarda qazanılan xallarla formalaşır. Yarışların təxirə salındığını nəzərə alsaq, hazırda idmançılarımızın reytingi nə yerdədir?

 

- Yarışlar yəqin ki, 2021-ci ilə planlaşdırılır. Hələlik tam məlumat yoxdur. Reytinq yarışlarda qazanılan xallardan əldə edilir, bütün yarışlar təxirə salındığı üçün bütün idmançıların reytinqi yerində qalıb. Növbəti yarışlar keçirilənə qədər dəyişməyəcək.

Müəllif: Təranə Xudabaxşiyeva