Qazilərimiz üçün düşünməyə dəyər, hörmətli səlahiyyətlilər!

İdman

16.03.2021 - 23:40

Vətən müharibəsi iştirakçılarının psixoloji və fizioloji reabilitasiyası idmana cəlb edilməkdən və xüsusi diqqət-qayğı ilə əhatə olunmaqdan çox asılıdır

 

Müharibə bitsə də, geridə uzunmüddətli ağrı-acı buraxır. Məsələn, döyüşçülərin aldıqları fiziki və psixoloji travmalar kimi. Bizim də Vətən müharibəmiz qələbə ilə başa çatdı, lakin onun travmalarını cəmiyyət və fərdlər olaraq yaşayırıq. Bu xüsusda döyüşlərin birbaşa iştirakçılarının durumu ayrıca diqqət tələb edir.

 

Bəzi mütəxəssislərin fikrincə, Vətən müharibəsinin iştirakçıları, müharibədə aldıqları travmaları unutmaq üçün mütləq şəkildə idmanla məşğul olmalıdırlar. Amma indiki – idman zallarının, məşq meydançalarının qapalı olduğu zamanda bu, mümkün deyil. Deməli, məsələ təcili həllini gözləyir.

 

AYNA “İdmanın müharibə travmalarının aradan qaldırılmasına təsiri” mövzusunda mütəxəssislərlə həmsöhbət olub.

 

Vətən müharibəsi iştirakçısı, Futzal Federasiyasının mətbuat katibi  Mahal Məmmədovun sözlərinə görə, idmanla məşğul olmaq daxildə olan mənfi emosiyaları atmağa yardım edir: “Müharibədə gördüyümüz mənfi hadisələri unutmaq üçün, xüsusilə əlbəyaxa döyüşlərlə məşğul olmaq faydalıdır. Bu sahəyə diqqət yetirdikdə, bir müddətdən sonra hər şey qaydasına düşür”.

 

“Mən özüm müharibədən sonra psixoloji yardım almamamışam, amma almaq lazımdır. Xüsusilə hücum əməliyyatlarında iştirak edən əsgərlərimizə psixoloji dəstək lazımdır. Çünki onlar daha çox yaralı və şəhid görürlər. Həm də bu insanlarda aqressiya əmələ gəldiyindən bu problemi də aradan qaldırmaq üçün həkimin yardımı mütləqdir”, - deyə müsahimiz bildirib.

 

O vurğulayıb ki, ən əsas problemlərdən biri müharibə bitəndən sonra geri dönən qəhramanlara diqqətin olmamasıdır: “Onlar gözlədikləri diqqəti, qayğını yoldaşlarından, ətrafdan, dost-qohumlardan görmədikləri üçün daha çox depressiyaya düşürlər”.

 

Məmmədovun fikrincə, bizdə mentalitetdən irəli gələn bir çəkingənlik var: “İnsanlar psixoloqa müraciət etməkdən qorxurlar. Düşünürlər ki, cəmiyyətdə ona yaxşı baxmazlar. Ona görə də psixoloqa müraciət etməkdən qaçırlar. Düşünürəm ki, bu baryeri də aşmaq vaxtıdır”.

 

Psixoloq Nüşabə Nağıyevanın dediyinə görə, müharibədən gələn insan bir müddət normal həyata uyğunlaşmaqda çətinlik çəkir: “Çünki həmin insan uzun müddət özünü müdafiə edir və hücum mövqeyində olur. Adi həyatda da həmin insan bütün münasibətlərində hücum mövqeyi tutur. Buna görə də yaxşı olar ki, həmin şəxslər bu enerjilərini fərqli yerə yönəltsinlər. Məsələn, idman sahəsində bu enerjisini boşaltsınlar. Bu, doğru yanaşmadır”.

 

“Amma həmin şəxs fizioterapiya keçib, daha sonra idmanla məşğul olmalıdır. Tək idman ilə müharibə travmalarını aradan qaldırmaq olmur. Bir çox insanlarda müharibədən gələndən sonra panik ataklar yaranır, yuxusuz qalırlar, elələri düşünürlər ki, hələ də təhlükədədirlər. Belə insanlar adi hallarda belə, bilmədən qarşısındakı insana xəsarət yetirə bilərlər. Bir sözlə, problemi kökündən həll etməsi üçün mütləq şəkildə psixoloq yardımı alıb, sonra idmanla məşğul olmalıdır”, - deyə ekspert qeyd edib.

 

Taekvando idman növü üzrə məşqçi Gündüz Abdullayev da o fikirdədir ki, idman sağlamlıq, özgüvənlə yanaşı, həm də psixoloji cəhətdən   reabilitasiyaya kömək edir: “Bu fakt danılmazdır. Subyektiv olaraq fikrim isə belədir ki, idmanla yanaşı onlara insanların rəftarının, münasibətinin üst səviyyədə olması daha uyğun olar. Bunun üçün onların nə maddi, nə də mənəvi sıxıntıları olmalıdır”.

 

“Müharibə iştirakçıları - əsgərlər, zabitlər, gizirlər, könüllü döyüşçülər Vətən naminə canlarını ortaya qoyublar. Onlar bizlər üçün dəyər, qürur, fəxr, övladlarımıza nümunədirlər. Bax, bunları onlar hiss etməlidirlər. Belə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Amma onlar bizlər üçün əvəzolunmazdırlar. Onları cəmiyyət olaraq qorumalıyıq”, - deyə həmsöhbətimiz əlavə edib.

 

Göründüyü kimi, Vətən müharibəsi iştirakçılarının psixoloji və fizioloji reabilitasiyası, sağlamlıqlarına qovuşması idmana cəlb edilməkdən və xüsusi diqqət-qayğı ilə əhatə olunmaqdan çox asılıdır. Belə olan halda səlahiyyətli qurumlar düşünsün: qazilərimiz üçün idman şəraiti yaratmaq (ki, bu, həm də xüsusi diqqət olar) çoxmu çətindir?

Müəllif: Təranə Xudabaxşiyeva